Azad Yaşar Azad Yashar Азад Яшар

Nəsimi və Qarabağ konflikti
(Postmodernist analiz)

Bundan 600 il qabaq yaşayan və öz dövrünün son dərəcə tərəqqipərvər şairi olan İmadəddin Nəsimi (1370 - 1417) bu gün xalqımız üçün milli faciəyə və çıxılmaz bir dalana çevrilən Qarabağ mövzusundan da yan keçməmişdir. Sovet rejimi dövründə yabançı xalqların (Çin, Vyetnam, Çili, Kuba, Anqola, Nikaraqua və s.) yaşadığı faciələrə, həmin xalqların ancaq qəzetlərdə üzünü gördükləri qəhrəmanlarına silsilə şeirlər, palaz-palaz poemalar yazan ayıq-sayıq "şairlərimiz" vur-tut on il öncə bitmiş və öz real həyatları ilə birbaşa bağlı olan Qarabağ savaşına aid nəinki poema, hətta şeir də yazmağa ərinir, özlərinin son 70 ildə formalaşan süni pafoslu ənənələrinə nədənsə heç sadiq qalmırlar.
600 il qabaq yaşasa da, bu günün problemlərinə daha çevik və doğru cavablar sunan, bunu bugünkü nəvələrinə bir az da tənə ilə açıqlayan İ. Nəsimi isə gəlin görək, aşağıda beyt-beyt diqqətinizə təqdim edəcəyimiz "Erməni" rədifli qəzəlində əsil Nostradamus sayağı dünənin platformasında dayanaraq, bu günümüzə necə işıq salır (Mənbə kimi bax - İ.Nəsimi "Seçilmiş əsərləri" ("Maarif"- 1985, tərtibçi Əlyar Səfərli, səh.87):

1. Dərdmənd etdin məni, ey dərdə dərman erməni,
Olmuşam eşqin yolunda bəndəfərman erməni.

Lirik qəhrəman deyir ki, mən səni öz dərdimə dərman bilirdim, sən isə məni, əksinə, dərdə mübtəla etdin, sənə olan eşqim ucundan indi önündə buyruqquluna çevrilmişəm. Burada şair, "Əsli və Kərəm"dastanından tutmuş N.Nərimanovun "Bahadır və Sona" romanına qədərki ədəbiyyatımızda türk (azərbaycanlı) oğlanla hay (erməni) qızın məhəbbətinə bir çox örnəkləri əsas alır. Anılan bütün mənbələrin altmənasında bu xalqlardan birinin (azərbaycanlının) o birisinə (erməniyə) məhəbbət elan etməsi faktı yatır, çünki adətən oğlan qıza eşq elan edir. Yəni əsrlərlə biz (avam türklər), sizi sevib, sizinlə qohum olduğumuz, sizi özümüzə can-ciyər bildiyimiz halda siz bizim adlarımızı, mətbəximizi, musiqimizi, sözlərimizi, tariximizi mənimsəyib öz adınıza çıxmaqla yetinməyibsiniz, axırda torpaqlarımızı da işğal etmisiniz. Sizə olan etibarımız sarsılıb, dostluğumuzun cavabı xəyanət olub, əsrlərlə içinizdə əleyhimizə körüklənən kin bizi çaşqın saldığından Vətən savaşında da sizə yenilmişik, çünki bizi dostluqla tutub, düşməncəsinə yıxmısınız. Biz isə sizə hər zamankı kimi "Səni sevəcəyəm - sən sevməsən də" prinsipi ilə yanaşmışıq, utanmadan hələ də torpağımızda qalan ermənilərə pasportlarındakı ad-familiyalarını təcili dəyişdirməkdə əlimizdən gələni edib, onların əlindən gələni (yəni əl çirkini - pulu) alıb, nəinki öz vicdanımızı, hətta genetik fondumuzu da kirlətməkdən qalmamışıq.

2. Nə pəri, nə adəmi bu şəkl ilə mən görmədim,
Cənnəti-hurimisən, yoxsa ki, rizvan erməni?

Qarabağ davasının alovlandığı dövrdəki respublika rəhbərləri və nazirlərinin dayılarının (və deməli, analarının!), arvadlarının, məşuqələrinin, ən azından katibələrinin (katibə də ailə üzvü sayılır!) həmin millətdən olmasına işarə edilir. Anlaşıldığı kimi, bizlərdə vəzifəyə gedən yol ("cənnətə gedən yol" anlaşılmalıdır - A.Y.) elə həmişə erməni qızların qucağından (həm ana, həm də məşuqə mənasında) keçirmiş. Təsadüfi deyil ki, beytdəki "rizvan" sözü ərəbcə "cənnət bağının qapıçısı / keşikçisi və ya bağbanı olan mələk" anlamı daşıyır.

3. Anca kim səy eylədim nazik cəmalın görməyə,
Zərrəcə yumşalmadın, ey könlü zindan erməni.

Bu beytdə hər hansı bir Anuşun ("Annuşka" ilə səhv salmayın, bizdən ötrü cənnətin bir başqa açarı - bəlkə də dublikatı!- rusların əlində olsa da və onlar ermənilərin hər nə qədər dostu sayılsalar da, bir başqa millətdirlər - A.Y.) vasitəsiylə yüksək vəzifə almaq üçün onun ayaqlarına düşüb, yalvaran bizim "qarabala" onu boş vədlərlə, xoş sözlərlə zərrəcə də yumşalda bilməməsindən şikayətlənir. Çünki qədim vaxtlardan Anaid məbədlərində erotika kursu keçən erməni qızları, sən demə, hələ Nəsiminin yaşadığı orta əsrlərdə də öz vücudlarını xırda-para şeylərə yox, böyük milli maraqlara, qlobal mənfəətlərə, "Böyük Ermənistan" ideyası uğruna satırmışlar və bu yola baş vurarkən bizimkilərin öz tumanbağılarına düşkün olmalarına çox yaxşı bələd imişlər.

4. Örtgil ol ay üzünü kim, çeşmi-naməhrəm görər,
Yoxsa ki, dindən dönər çox-çox müsəlman erməni.

İslamda dindən dönən, məşhur Məşədi İbad demişkən, mürtəd sayılır. Şair erməni qızına deyir ki, ay üzünü ört. Buradakı "ay üzünü ört" ifadəsinə xüsusi diqqət yetirilməlidir, bildiyimiz kimi bir çox islam dövlətinin bayrağında ay rəsmi var, əslində bu ifadə "ay(lar)ın üzünü (=üstünü) ört (=tut)" kimi anlaşılmalıdır. Bu kinayəsi ilə lirik qəhrəman ermənilərin qurmaq istədiyi "Böyük Ermənistan"ın hazırda dünyanın siyasi xəritəsində mövcud olan bir sıra islam ölkələrinin işğalı sayəsində gerçəkləşəcəyini və bu baş tutarsa, bunun ardınca həmin ölkələrin dini inancının irəlidə zorla dəyişdiriləcəyi təhlükəsini açıqlayır.

5. İsayi-Məryəm həqiçün heç qərarım qalmadı,
Didəmi giryan edərsən, bağrımı qan erməni.

Qəhrəman demək istəyir ki, insana daha çox mərhəmət aşılayan bir din kimi az qalmışam İsanın, Məryəmin dininə keçim, ancaq Qarabağ savaşında mənə tutulan bu divandan sonra az qalıram ki, əvvəlki fikrimdən vaz keçim. Bununla da o, xristian dinindən sayılan ermənilərin insanlığa qarşı işlədikləri cinayətləri, onların dini mərkəzinin (katolikosluğunun) son əsrlərdə dini köhnəlmiş bir şey kimi bir kənara buraxıb, sırf avantürist, işğalçı, millətçi siyasət yeritməsi faktını təsdiqləyir və pisləyir.

6. Qorxuram mən dərvişə sən deyəsən "din tərk et",
Necə ki, bağladı zünnar Şeyx Sənan, erməni.

Bu yerdə lirik "mən"in öz vətənində qürbətdəkindən də betər yaşayan azərbaycanlıların xarici missionerlərin pul, iş və sair təklifləri qarşılığı ölkəmizdə gen-bol apardığı "islamı tərk edib, bizim dinə gəlin" kampaniyalarına qarşı kinayəsi açıq-aşkar görünməkdədir. Eyni təkliflərlə ermənilər əsir vətəndaşlarımıza da müraciət edirlər. Lirik qəhrəman, bu yola girən həmyerlilərini mürtəd şeyx Sənanla müqayisə edir, mal-mülk üçün, qadın ağuşu üçün dinin, vətənin ayaq altına atılmasına qarşı öz etiraz səsini göylərə bülənd edir.

7. Qanda bir xaç əhli varsa, qamusun seyr eylədim,
Bulmadım mən sən təki bir cani-canan, erməni.

Bu misralarda əsasən xaç əhlinə məxsus müxtəlif siyasi qurumlarda (içi NATO, ATƏT, Avropa Şurası, Minsk Qrupu, MDB və s. daxil) ölkəmizin hər hansı bir şəkildə təmsil olunmasına baxmayaraq, onlardan öz dərdinə bir əlac tapmaması faktı şair tərəfindən dərin məyusluq hissi ilə ifadə olunmuşdur. Lirik "mən" belə qənaətə gəlir ki, dərdinin dərmanını ancaq bu qarı düşmənlə (ermənilərlə) tet-a-tet danışıqlarda tapa bilər. Ən azından - yaxın qonşu uzaq qohum(lar)dan "yaxşıdır".

8. Bir sual etdi Nəsimi sən büti-mehparədən,
Lütfilə söyləşə gər, ey ləli-xəndan erməni.

Dağlıq Qarabağa Azərbaycanın tərkibində və ölkəmizin ərazi bütövlüyünün qorunması çərçivəsində özəl, həm də ən yüksək status verilməsi güzəştimizi, konfliktin sülh yoluyla həllinə dair konstruktiv təkliflər paketimizi, Lissabon sammitinin qətnaməsini ermənilərin bir qalib tərəf kimi ancaq acı təbəssümlə qarşılamalarına işarədir.

Mənbə kimi aldığımız kitabın 407-ci səhifəsində isə şair Qarabağ konfliktində maraqlı tərəflər olan ölkə başçıları arasında uzun illərdən bəri aparılan vasitəli və ya vasitəsiz danışıqlara böyük ümidlər bəslədiyini bəyan edir, bu iki şahın (o vaxt dünyada "prezident idarəsi" anlayışı yox idi, klassikimizi bu baxımdan məzur görə bilərik - A.Y.) bir vilayəti günlərin bir günü abad edəcəklərini alıb görək necə nəzmə çəkib:

Hüsnü-məlahət əlbir olan dəmdə, şübhəsiz,
Abad edər həmin iki şah bir vilayəti.

Bu sonuncu "vilayət" sözü şəxsən məni hər şeydən artıq sarsıtdı. Bax, buna deyərəm Şərqin Nostradamusu! XIV əsrin sonlarında yaşayan bir şairimizin hazırda davası gedən Dağlıq Qarabağa XX əsrin birinci yarısında (1923) Sovet quruluşu tərəfindən "muxtar vilayət" statusu veriləcəyini necə də öncədən görübmüş! Kaş bizim bəzi qosqoca şairlərimiz demirəm, barı politoloqlarımız uzaqgörənlikdə öz ulu babalarına bənzəyəydilər.

P.S.1. Bu yazını çapa verəndə ixtiyarsız olaraq düşündüm ki, yəqin yenə də bir para ağzıgöyçəklər və saxta "millət qəhrəmanları" bu analitik yazını gənclərin klassiklərə qarşı növbəti tərbiyəsizliyi kimi dəyərləndirəcəklər. Ona görə də bax bəri başdan deyirəm: Yeri gələndə mən dönməz əqidəsinə və yaradıcılığına görə Nəsimini sizin hamınızdan artıq sevirəm, ona görə də bu izahları təhqir kimi anlayanların əslində Nəsimini heç vaxt başa düşmədikləri qənaətindəyəm.

P.S.2. Bir də deyirəm, nə yaxşı ki, bu "Erməni" rədifli qəzəl bir xoşbəxt təsadüf üzündən "humanizm orgiyası"nın (bənzətmə rus yazarı Andrey Platonovundur) cövlan etdiyi o illərdə hər necə olubsa, bizim bu satqın ideoloqların gözündən yayınıb. Yoxsa bu düzxətli düşünənlər ordusu sözü gedən əsəri xalqlar dostluğunun himni kimi (və bizim bu analizdən fərqli olaraq birmənalı) dəyərləndirərək, ayrı-ayrı misraları (məsələn, 1-ci və ya 2-ci beyti) alıb, bu gün şəhərimizin mərkəzində ucalan Nəsimi abidə kompleksinin daş kitabələrinə oydura da bilərdilər. O halda biz, yəqin ki, bu gün növbəti əlifba dəyişikliyi bəhanəsiylə həmin kitabələri yeniləmək zorunda qalardıq… Tariximizi hər quruluşda yenidən yazdığımız kimi.