Quru yarpaqlar

Çin imperatoru üç il ərzində şəxsən özü min bir əziyyət bahasına bir bağ salır və günlərin bir günü bu bağın gözəlliyini gör­mək, dəyərləndirmək üçün nüfuzlu şəxsləri buraya qonaq çağırır.
Bağı görən-görən heyranlığını bildirir, təriflər sel kimi yağır. Amma bağ salma sənətinin misilsiz ustadı sayılan Lin-çinin fikri imperatoru digər qonaqlarınkından daha çox maraqlandırırdı. Odur ki, qibleyi-aləm rəyini öyrənmək üçün ustada müraciət elə­di.
Lin-çi dedi:
- Bu bağda bircə dənə də qurumuş yarpaq görmədim. Bəyəm ya­şamla ölüm hər zaman qoşa və qonşu olmur ki?! Xəzəllərin yox­luğu bağınızı donuq və cansız göstərir. Hər halda onları bu sə­hər “Qonaqlar gələcək” deyə süpürüblər. Bu yanlışı düzəlt­mək istəyirsinizsə, göstəriş verin, bir qucaq quru yarpaq gətirib tök­sünlər buralara.
Bu təklif gerçəkləşəndən sonra külək yerdəki xəzəllərlə oy­na­mağa başladı. Onların xışıltısı və pıçıltısı sayəsində bağ sanki canlandı!
Ustad bunu görüb dedi:
- İndi bu bağda hər şey yerli-yerindədir. Bağınız çox gözəldir, yeganə çatışmazlığı isə onun hədsiz dəqiqliklə planlanmasıdır. İs­tənilən sənət özünü kölgədə tutduğu və gözə batmadığı zaman ye­tərincə misilsiz olur.

 

Qərar verərkən tələsməyin

Çin kəndlərindən birində ahıl yaşlarda bir kişi yaşayırmış. Son dərəcə yoxsul olsa da, onun adı dillərdə gəzən çox gözəl, dümağ atı varmış. Ölkə başçısı min bir yolla bu atı ələ keçirməyə çalışsa da, ondan ötrü qocaya xəzinəsinin bütün ləl-cəvahiratını vəd eləsə də, qoca heç cür yola gəlmirmiş. Kral isə bu misilsiz atın belə yoxsul kimsədə olmasıyla heç cür barışmırdı. Qoca hər səfər onun araçılarına “Bu, məndən ötrü sadəcə bir at deyil, dostdur, sir­daşdır. Bəyəm insan da öz könül dostunu paraya-pula satar?!” deyirdi...
Bir səhər tövləyə baş çəkən qoca atının yoxa çıxdığına şahid olur. Bütün kənd camaatı qocanın başına yığılır, onu tənbeh elə­yir: “Vay səni, ağılsız qoca! Bu atı gec-tez sənin əlindən ya oğur­luq­la, ya da doğruluqla alacaqları onsuz da lap əvvəldən bəlliydi. Əgər sən başısoyuqluq etməsəydin, vaxtında və ağıllı tərpənib, bu kə­hər atı krala satsaydın, ömrünün axırına qədər gen-bol yaşa­man üçün yetəcək bir sərvətə yiyələnərdin. İndi isə ha başına-gö­zünə döy, ha ağla-sıtqa: at da əldən getdi, sərvət də...”
Ahıl qoca heç təmkinini pozmadan: “Siz gəlin, belə əlüstü qə­rar verməkdə tələsməyin. Hələlik itirdiyim sadəcə bir atdır” de­yir. “Bütün qalan söz-sov isə sizin uydurmalarınızdan, yorum­la­rınızdan başqa bir şey deyil. Heç bilmək olmaz: bu atın itməyi xe­yirə calanacaq, yoxsa ki şərə. Sonunu gözləmədən, bir tək olaya gö­rə, gəlin, qərar çıxarmayaq”.
Kənd camaatı onun bu sözlərini lağa qoydu, oradakı hər kəs­dən qəhqəhələr yüksəldi.
Aradan heç on beş gün keçmir, at göz­lə­nilmədən qocanın həyətində peyda olur. Sən demə, o, oğur­lan­ma­yıbmış, sadəcə özbaşına dağlara gedibmiş. Üstəlik, geri dö­nəndə on iki yabanı (=əhliləşməmiş) atı da ardına salıb gətirmiş­di. Məsələnin belə gözlənilməz dönüşündən çaşan kəndlilər yı­ğı­lıb, o ahıl qocadan üzr diləməli oldular: “Babacan, - dedilər, - sən haqlı çıxdın. Doğrudan da, atın itməsi səndən ötrü bir itki yox, əsil sər­vət, qazanc mənbəyinə çev­rildi, çünki artıq bütöv bir ilxı sa­hi­bisən”.
İxtiyar kəndli yenə də həmişəki təmkinini, tövrünü pozmayıb: “Val­lah, sizlər ye­nə də qərar çıxartmaqda çox səbirsiz davranır­sı­nız” dedi. “Şəxsən mənə qalsa, təkcə o olub ki, itən atım ta­pı­lıb. Vəssəlam. Bildiyim tək gerçək - hələlik budur. Bu olayın öz ar­dınca nələri gətirəcəyindən, nələrə vəsilə olacağından isə mən yer­li-dibli xəbərsizəm. Yəni, bu da sonrakı olaylar üçün bir baş­lan­ğıcdır. Hər hansı kitabdakı iki-üç kəlməni oxumaqla onun nədən bəhs et­diyinə, necəliyinə nə cür qərar verə bilirsiniz axı?”
Ona qulaq kəsilən yerli camaat bu sözləri lal-mat dinləsə də, eti­raz etmir, hər kəs “Bu adam doğrudan da sarsaqlayıb” deyə dü­­şünür özü-özlüyündə...
Aradan bir həftə ötür. Qocanın vəhşi atları əhliləşdirməyə ça­lı­şan yeganə oğlu atın belindən yıxılaraq, ayağını sındırır. O günə qədər evin dirəyi sayılan gənc oğul uzun müddətə yataq əsirinə çevrilir. Kəndlilər yenə qocanın dizinin dibini kəsdirib: “Sən ye­nə də haqlı çıxdın” deyirlər. “Çünki bu göydəndüşmə qazanc sa­yı­lan vəhşi atlar üzündən yeganə oğlunun ayağı sındı, çalışmaz oldu. Halbuki sənə baxan, qulluğunda dayanan tək övladın idi o sə­nin. Ona görə də bundan belə günün, dolanışığın əvvəlkindən da­ha betər və ağır olacaq”.
Qoca onların sözünü yarımçıq kəsməyə nail oldu: “Gəlin, ye­nə tez-tələsik bir nəticə çıxarmağa tələsməyək. Düzdür, oğlumun bir ayağı sın­dı. Buna sözüm yoxdur. Amma bütün yerdə qalan yorumlar si­zin əmri-vaqe verdiyiniz hökmlərdir. Onların doğruluğu hələlik sual altında­dır. Həyatda bütün olacaqlar bir işarət və ya nişanə şəklində gə­lir, amma onların öz ardınca nə gətirəcəyi isə hər zaman gizli qa­lır”.
Bir neçə həftə də ötür. Düşmən ordusu Çinin üzərinə hücuma ke­­çir. Ölkəsini, iqtidarını qorumaq məqsədiylə kral əli silah tu­tan bütün gənclərin ordu sıralarına çağırılması barədə fərman ve­rir. Kral fərmanını icra edənlər, bizim qocanın bir ayağı sınıq oğ­lu dışında, kəndin bütün cavanlarını savaşa yollayırlar. Bütün kənd camaatı matəm havasına girir, çünki yağı düşmənin önünü kəs­mək üçün səfərbər olunan gənclərin döyüş meydanından sağ-sa­la­mat geri qayıdıb-qayıtmayacağını, əsir düşüb-düşməyəcəyini heç kəs bil­mir.
Durum belə olunca, kənd əhli təkrar ahıl qocanın başına cəm olur. Hamı yerbəyerdən qocanın yenə haqlı və uzaqgörən oldu­ğu­nu dilə gətirir: “Sənin oğlun ayağı qırıq da olsa, ən azından böy­­rün­dədir. Bizimkilərin isə geri dönüb-dönməyəcəkləri bir xə­yal oldu artıq. Belə çıxır ki, sənin oğlunun atdan yıxılıb, ayağı­nı qırması da, bir uğursuzluq əlaməti deyil, bəxtəvərlik nişanəsi imiş”.
Ahıl qoca onlara “Köhnə xasiyyətinizdən heç əl çəkmirsiniz. Elə hey vaxtsız qərar çıxarırsınız. Halbuki zamanla nəyin necə ola­cağını, nəyin nələrə yol açacağını heç kim bilməz. İndi də bildi­yi­miz tək gerçək budur: mənim oğlum yanımdadır, sizin övladla­rı­nız isə düşmənlə qanlı çarpışmalarda... Bu iki fərqli durumdan han­sının uğura, hansının isə talesizliyə calanacağı isə bizə yox, yal­nız uca Allaha bəllidir”.

Bu hekayəti bir örnək kimi sunan Lao-Çzı öz davamçılarına aşa­ğı­dakı öyüdləri də verməyi uyğun bilib: “Heç vaxt tələm-tələsik qə­rar çıxarmayın. Həyatın kiçik bir diliminə, nişanəsinə baxıb, onun tamamı barədə qərar verməkdən həmişə çəkinin, çünki qə­rara varmaq istəyərkən ağıl durmağa, dayanmağa məcburdur. Qə­­­rar verməyə girişdiyiniz an ağlınız düşünməyindən, inkişafın­dan qa­lar. Həyat şərtləri insanı daim çeşidli qərarlar ver­mə­yə məcbur edər və insan beyninin fasiləsiz inkişafı təhlü­kə­lidir, o, insanın rahatlığına, hüzuruna haram qatar. Amma ömür yo­lunda irəliləyən insanın önündə daim fərqli cığırlar açılar, bir cığır bitməmiş digəri onun önündə peyda olar. Allah öz bəndəsinin üzünə bir qapını bağlayan kimi digərini açar. Bir məqsədə, hədəfə çat­dı­­ğınız an onun yanında yeni hədəfinizin peyda olduğuna şahid olar­sınız”.

 

Çjuan-çzı və kəpənək

Qədim Çin müdriki Çjuan-çzı bir sə­­hər yuxudan oyanan kimi hönkürməyə başlayır. Başına yığışan tə­ləbələri soruşurlar:
- Nə olub sənə, ustad? Niyə belə zülüm-zülüm ağlayırsan?
Ustad cavab verir:
- Çox çıxılmaz durumdayam. Yuxuda gördüm ki, kəpənəyə çev­­rilmişəm.
Tələbələri ona ürək-dirək verməyə girişdilər:
- Eh, adam da bunu özünə dərd eləyər? Hər kəs yuxuda başqa bir şeyə çevrildiyini görə bilər də. Bunda pis nə var axı?
Çjuan-çzı qayğılı halda dedi:
- Məsələ, əlbəttə ki, bunda, yəni çevrilmədə deyil. İndi başım dərd­dən, qayğıdan ayrılmır, içimi şübhə­lər yeyir və üstəlik, bil­mi­rəm ki, bü­tün bunları nəyə və haraya yozum. Gecə mən, Çjuan-çzı, gördüm ki, bir kəpənəyə çevrilmişəm. Sonra içimi fikir bürü­dü və mən hələ də düşünürəm: bəlkə elə kəpənəyə də elə gə­lir­miş ki, o, Çjuan-çzıya çevrilib? Hə?

Doğrudan da, əgər Çjuan-çzı özünün yuxuda kəpənəyə çev­ril­di­yini görə bilirsə, onda bunun əksi niyə mümkün olmasın axı? Bəl­kə o çiçəyə qonan kəpənək də ara-sıra özünü lap elə Budda­nın yerində hiss eləyir? Bunu kim bilər ki?
Əslində yuxarıdakı əhvalatda Çjuan-çzı çox önəmli və gözəl bir məsələni gündəmə gətirib: zahirdə gördüyümüz şeylərin yu­xu, ilğım (=miraj) olub-olmadığından hansımız tam əminik? İn­san­lıq tarixində bu gördüyümüz dünyanın bir yuxu olduğunu id­dia edən fəlsəfi düşüncələr çox olub. Amma bu düşüncə tərzlə­ri­ni nə qəbul edənlər tapılır, nə də onların puç və əsassız olduğunu əsaslandıranlar.
Bir vaxtlar irland əsilli ingilis filosofu Corc Berkli (1685 - 1753) sübuta yetirmişdi ki, duyğularımıza təsir edən və çevrəmizdə var olan bu maddi aləm - yuxudur. Nə o özü, nə də başqaları sona qədər bu nə­zəriyyəyə inanmayıblar. Danışırlar ki, bir gün Berkli həkim dos­tu Consonla birlikdə gəzintiyə çıxıbmış. Filosof özündən razı hal­da dostunun qarşısında öyünür: «Mən hamıya sübut eləmişəm ki, bu maddi dün­yaya bel bağlamaq, inanmaq olmaz, çünki o, bir yu­xu qədər keçicidir. Hələ ki, heç kəs bunun əksini sübut etməyə cü­rət etməyibdir».
Bu sözləri eşidən həkim Conson əyilib, yerdən bir daş götürür və onu zərblə dostu Berklinin ayağına vurur. Özündənrazı filoso­fun ağrıdan bağırdığının şahidi olan Conson soyuqqanlılıqla de­yir: «Hə, bax, bu daş - son dərəcə realdır. Yuxu-filan deyilmiş!». Buna cavab olaraq Berkli qəhqəhə çəkib deyir: «Amma heç bu faktın özü də mənim nəzəriyyəmi alt-üst etmir. Ola bilsin ki, indicə qulağını çınladan bu bağırtını əslində sən öz yuxunda eşit­din. Bu ayağımdakı yaradan axan qanın nə dərəcədə gerçək, nə də­rəcədə yuxu olduğunu isə sən mənə heç cür sübut edə bil­məz­sən».

Azad Yaşar DAO
DAO hekayətləri

Azad Yaşar DAO

Azad Yaşar DAO
Azad Yaşar DAO
Azad Yaşar DAO

Quru yarpaqlar

Qərar verərkən tələsməyin

Çjuan-çzı və kəpənək