Sönmüş fənər

Qədim əyyamlarda Yaponiyada kağızdan və bambukdan fənər­lər hazırlayırdılar. Bir dəfə bir kor axşam üzəri dostuna baş çə­kib, hal-əhval tutandan sonra təkrar yola düzəlmək istəyəndə dostu ona özüylə fənər götürməyi təklif edir. Lakin kor etiraz edir:
- O fənər mənim nəyimə gərəkdir? Məndən ötrü işıqla zülmətin heç bir fərqi yoxdur.
Dostu onun könlünü alır:
- Mən də bilirəm ki, evinə aparan yolu tapmaqda bu fənər sənə yardımçı olmayacaq. Amma bunu əlində tutsan, ən azından qar­şına çıxanlar səninlə toqquşmazlar. Ona görə də fənəri alman məsləhətdir.
Bu minvalla kor əlindəki fənərlə yola düzəlir. Amma elə bir az­ca getməmiş tələsən birisiylə toqquşur. Qarşısındakı adamdan kor xəbər alır:
- Qardaş, niyə üstümə çıxırsan? Yəni bu fənərin işığında da heç nə görmürsən?!
Onunla toqquşan adam deyir:
- Qardaşım, əlində tutduğun o fənər çoxdan sönüb. Sənin xəbə­rin yoxdur.

 

Ustadın ölümü

Ölüm məqamı yeti­şəndə Bokud­zü bütün ye­tirmələrini başına top­ladı və öz niyyətini onlara açıqladı:
- Bildiyiniz kimi, mən həyatım boyu bənzərsiz birisi olmu­şam, heç nədə heç kəsi yamsılama­mışam. İn­di sizin fikrinizi bil­mək istəyirəm: ne­cə ölüm ki, bu baxımdan heç kimi təkrarla­ma­yım?
Tələbələrdən biri dedi:
- “Lotos” pozasında ölməniz uyğun olarmı?
Digərləri ona etiraz elədilər:
- Daha öncələr də bir çox müd­riklər “Lotos” pozasında canla­rı­­nı tap­şırıblar. Bunda yeni heç nə yox­dur.
Yetirmələrindən biri Ustada tək­lif elədi:
- Dimdik, ayaqüstə də ölə bilərsiniz.
Təzədən hay-küy qopdu. Hamı elə maraqla bu müzaki­rəyə gi­riş­miş­di ki, sanki onlara görə, ölmək - bir oyun-oyun­caq idi.
Bu sonuncu fikrə qarşı çı­xan da tapıldı:
- Bir müdrikin ayaqüstə öl­düyünü mən haradasa eşit­mi­şəm.
Onda üçüncü təklif səs­lən­di:
- Yeganə variant – başıüs­tə, yəni mil duraraq ölməkdir. Mən bi­ləni, indiyədək bunu heç kəs sınamayıb.
Ustadın bu təklifi bəyənməsi hamını heyrətə saldı:
- Bax, bu - tam mənə görədir. Nə isə, dostlar, salamat qalın! - de­yən ustad başıüstə durmaqla canını tapşırdı.
Bundan çaşqına dönən ye­tir­­mə­ləri nə edəcəklərini kəsdi­rə bil­mir­dilər. Hər şey elə gözlə­nilməz şəkildə baş vermişdi ki! On­­lar qara-qara düşünürdülər: “İn­di bu başıüstə duran meyidi ney­lə­yək? Əgər hər şeyin bunca ciddi olduğunu bilsəydik, mərhum us­ta­dın özündən onun meyidi ilə necə davranacağımızı soruşardıq barı!”
Aralarından kimsə dedi:
- Onun rahibə olan böyük bacısı yaxınlıqdakı qadın monastı­rın­da yaşayır. Yaxşısı budur, onu bura dəvət edək. Əgər öz ağlı­mı­za görə nə isə edəsi olsaq, bu, ustada qarşı nə isə sayğısız bir şey et­mə­miz kimi dəyərləndirilə bilər.
Yetirmələrindən ikisi Bokudzünün bacısına xəbər çatdırmaq üçün yola düzəldi. Ustaddan yaşca böyük olan bu xanım ayağını eşikdən içəri qoyan kimi səsini başına atdı:
- O, həyatı boyu avara olub və heç vaxt özünü normal birisi ki­­­mi aparmayıb. Amma onun öləndə də özü bildiyi kimi dünyadan gedəcəyini heç ağlıma gətirməzdim, vallah! Haradadır o?
Mərhumun yetirmələri kənara çəkilərək qadına yol verdilər. Ra­­hibə xanım çımxırmağına davam elədi:
- Vay səni, axmaq Bokudzü! Hər nə qədər kamilləşsən də, bu ax­maq işləklərindən heç əl çək­məmisən. Bu dəqiqə ayaqlarını ye­rə qoy və çarpayıya uzan!
Bu əmri yerinə yetirməkdən başqa Bokudzünün çarəsi qalma­dı: onun həddi nəydi ki, böyük bacısının sözündən çıxsın?!
Tələbələri isə gözləriylə gördüklərinə inana bilmirdilər: bir az əvvəl onlar özləri şahid olmuşdular ki, ustadın ürəyi və nəfəsi da­yanıb!
Ayaqları üstə duran Bokudzü keçib çarpayısına uzanandan son­­ra bacısına dedi:
- Haydı, daha sən gedə bilərsən. Söz verirəm ki, mən də hamı ki­mi öləcəyəm.
Bacısı gedəndən sonra ustad adi insanlar kimi keçindi. Da­vam­çıları təkrar onun ürək döyüntülərini və nəfəsini yoxladılar: hər ikisi dayanmışdı.

 

Tovlanmama

İki rahib bir monastırdan çıxıb, digərinə yollanarkən, yolda dəli-dolu çayın nisbətən dayaz yerindən keçməli oldular. Bundan ötrü həmin yerə yaxın­laşanda gənc bir qız o biri taya keçməkdə ona yardım etmələrini rahib­lərdən rica elədi. Onlardan birisi qızı qolları üstünə alıb, onu qarşı sahilə keçirdi. Digər rahib isə susaraq, yoldaşının bu hə­rəkətinə narazı halda göz qoymağında idi.
O taya keçəndən sonra onlar təkrar yan-yanaşı yollarına da­vam elədilər. Təxminən iki saat sonra narazı rahibin dili açıldı və yoldaşına sitəm eləməyə başladı:
- Bütün hallarda sən yanlış davrandın. Müqəddəs mətnlər biz­lərə qadınlara toxunmamağı tövsiyə edir, sən isə o qızı əllərin üstə daşıdın. Gərək belə eləməyəydin.
İkinci rahib dedi:
- Mən onu cəmi bircə dəqiqəyə qarşı sahilə keçirdim və bu barə­də birdəfəlik unutdum. Sən isə aradan iki saat ötsə də, o gözəl qızın fikrini başından heç cür çıxara bilmirsən.

 

Azad Yaşar Dzen
DZEN hekayətləri

Azad Yaşar Dzen

Azad Yaşar Dzen
Azad Yaşar Dzen
Azad Yaşar Dzen

Sönmüş fənər

Ustadın ölümü

Tovlanmama