Jül əmi
(hekayə)
Aşil Benuvilə həsr edirəm
Bəyaz saqqallı ahıl dilənçi bizdən sədəqə istədi. Yol yoldaşım Jozef Davranş ona beş frank verdi. Mənim heyrətləndiyimi görən Jozef izah elədi:
- Bu bədbəxt qoca indi sənə nağıl edəcəyim bir olayı mənə xatırlatdı. O əhvalatı heç vaxt unutmuram. Qulaq as.
Əslən mən Havr şəhərindənəm. Çox da varlı olmayan ailəmiz dolanışığını birtəhər təmin edirdi. İdarədə axşamacan çalışan atamın maaşı qəpik-quruş sayılardı. Məndən başqa iki bacım da vardı.
Hər şeydə qənaət eləmək anamın canını sıxırdı və bundan dolayı atam vaxtaşırı ondan ağır tənbehlər, üstüörtülü kinayələr eşidərdi. Zavallı atamın bunların cavabında etdiyi jest mənə dərin iztirab verərdi. Alnının tərini silməsini xatırladan bu hərəkətdən sonra susduğundan onun bu çarəsiz kədəri qismən mənim də çiyinlərimə çökərdi. Ev təsərrüfatımızda bacardıqca hər şeyə qənaət edərdik: qonaq çağırıldığımız yerlərə getməzdik ki, qarşı tərəfi qonaq dəvət etmə məcburiyyəti duymayaq. Ərzağın ən ucuzunu, yatıb-qalmışını özümüzə rəva bilərdik. Bacılarım donlarını özləri biçib-tikərdilər və metrəsi on beş santimə satılan hər hansı kantı alıb-almamaq barədə uzun-uzadı məsləhətləşərdilər. Hər gün yediyimiz ət şorbasına və mal əti soyutmasına cürbəcür ədviyyatlarla fərqli dad qazandırardıq. Bunun çox dadlı və cana faydalı olması söylənsə də, şəxsən mən fərqli bir şeyə üstünlük tanıyardım.
Hər səfər düyməm qopub düşəndə və ya şalvarım cırılanda atamın amansız kötəklərinə tuş gələrdim.
Bütün bunlara rəğmən, biz hər bazar günü geyinib-keçinib, bəndin üstündə sahil gəzintisinə çıxardıq. Başına silindr, əlinə əlcək, əyninə sürtuk (frakdan daha qısa olan, uzun ətəkli pencək - A.Y.) geyən atam bayramlarda xüsusi bəzədilən gəmini xatırladan anamın qoluna girərdi. Hamıdan əvvəl bu gəzintilərə hazır olan bacılarım bizim yır-yığışımızı gözləməli olardılar. Amma ən son məqamda ailə başçısının sürtukuna düşən, hamının nəzərindən qaçan bir ləkə aşkar olunardı və onun əlüstü təmizlənməsi üçün bütün ümid benzinə batırılmış əsgiyə qalardı.
Ləkələnməsin deyə əlcəklərini çıxaran və yaxını zəif gördüyü üçün gözlüyünü taxan anam həmin ləkəni təmizlədiyi dəqiqələrdə atam silindirini çıxarmadan bircə jiletdə, ayaq üstə dayanıb, bu prosedurun bitməsini gözləyərdi.
Sonra hamılıqla yola düzələrdik. Lap öndə əl-ələ tutan bacılarım gedərdilər. Onların ərə getmə vaxtları yetişdiyindən ata-anam qızlarını camaata göstərmə ehtiyacı duyurdular. Mən anamın sol cinahıyla irəliləyərdim, atam isə sağ cinahıyla. Həmin o bazar günü gəzintiləri zamanı imkansız valideynlərimin özündənrazı görkəmləri, donuq çöhrələri və təntənəli yerişləri hələ də gözlərimin önündədir. Ayaqlarını dizdən bükmədən, eyni tempdə addımlarla irəliləyən bu adamlar qamətlərini son dərəcə dik tutardılar, sanardın ki, hansısa vacib bir işin həlli onların qədd-qamətlərinin şuxluğundan birbaşa asılıdır.
Adını bilmədiyimiz uzaq ölkələrdən gələn nəhəng gəmiləri görən atam hər bazar günü mütləq bir arzusunu dilinə gətirərdi:
- Bəlkə də bu gəmiylə əzizimiz Jül geri dönüb! Əcəb sürpriz olardı, vallah!
Bir vaxtlar öz ailəsini çıxılmaz vəziyyətdə qoyan Jül əmi onda bizlər üçün yeganə ümid yerinə çevrilmişdi. Ağlım kəsəndən bəri Jül əmi barədə eşitdiyim xatirələr sayəsində mən özümü inandırmışdım ki, onu görsəm, elə ilk baxışdan tanıyaram. Amerikaya yola düşənədək onun taleyi barədə evimizdə pıçıltıyla danışılsa da, əmimlə bağlı ən xırda detallar mənə bəlliydi. Belə görünür ki, o, avaragor bir yaşam tərzi sürürmüş, daha dəqiq desək, onun pulu sağa-sola sovurması bizimki tək ortabab ailələr üçün ən ağır bəla sayılır.
Zənginlər arasında isə bədxərclik edən birisi barədə onun sadəcə şelləndiyi vurğulanır və beləsini istehzalı təbəssümlə «düdəmə» adlandırırlar. Kasıb ailədən çıxan və ata-anasının yığdığını dağıdan cavana isə «avara» və «havayıyeyən» deyirlər. Bütün davranışlara onların nəticələrinə görə qiymət verildiyindən bu iki fərqli yanaşma çox yerindədir.
Bir də ki əvvəlcə ata-anasından aldığı öz mirasını, daha sonra atamın miras payını sonuncu suya qədər xərcləmişdi Jül əmi.
O zamankı imkanlar daxilində onu Havrdan Nyu-Yorka yük daşıyan bir gəmiylə Amerikaya yola salmışdılar. Amerikada məskunlaşandan sonra Jül əmim doğmalarına yolladığı məktubda bildirirmiş ki, xırda-para ticarət işləriylə məşğuldur, maddi durumu qismən yaxşılaşmağa başlayıb və ən qısa müddətdə vaxtilə atama vurduğu zərəri ödəyəcəyinə ümid bəsləyir.
Bu məktub bütün ailə üzvlərimizdə dərin təəssürat buraxdı. Dünənə qədər qara qəpik qədər dəyəri olmayan Jül birdən-birə xeyirxah ürək sahibinə, dürüst birisinə çevrilmişdi, hamı onu - Davranşlar nəslinin bütün təmsilçiləri kimi - aydan arı, sudan duru elan etmişdi.
Bir gəmi kapitanı günlərin bir günü bizə xəbər verdi ki, əmim orada böyük dükan açıb və ticarəti gur gedir.
Bundan iki il sonra aldığımız məktubda o yazırdı: «Əzizim Filipp! Məndən ötrü narahat olmayasan deyə bu məktubu yazıram. Canım-başım salamatdır, işlərim də yolundadır. Sabah uzun müddətə Cənubi Amerikaya səfərə çıxıram. Bəlkə də qarşıdakı bir neçə il ərzində məndən hər hansı xəbər almayacaqsınız. Əgər məktub almasan, heç narahatçılığa qapılma. Zənginləşən kimi Havra, geri dönəcəyəm. Ümidvaram ki, bundan ötrü uzun bir zamana ehtiyac duyulmayacaq və biz ailəlikcə şad-xürrəm ömür sürəcəyik».
O gündən bəri bu məktub evmizin müqəddəs kitabına çevrildi. Hər əlverişli imkan düşən kimi açıb oxuduğumuz bu məktubu hamıya göstərir və öyünürdük biz.
Həqiqətən də, sonrakı on il boyu Jül əmidən heç bir xəbər-ətər çıxmadı. Amma illər ötdükcə ümidləri daha da pöhrələnən atam tez-tez anama deyirdi:
- Əzizimiz Jül geri dönəndə hər şey yağ kimi gedəcək. Görəcəksən o, necə zəngin adam olacaq!
Hər bazar günü limana yan alan, göy üzünu tüstü ilə dolduran nəhəng və qara gəmiləri görəndə atam mütləq bu sözləri təkrarlayardı:
- Bəlkə də bu gəmiylə əzizimiz Jül geri dönür! Əcəb sürpriz olardı, vallah!
Bunun ardınca adama elə gəlirdi ki, indicə göyərtədə peyda olacaq əmim dəsmalını yelləyərək, bağıracaq:
- Hey, Filipp!
Dönüşünə heç birimiz şübhə bəsləmədiyimizdən bununla bağlı min bir xülya qurmuşduq. Bir ara biz əmimin puluna Enquvilin ətrafında ev almağı da düşünürdük. Yanılmıramsa, hətta atam bununla bağlı sövdələşmələrə də girmişdi.
Böyük bacım iyirmi səkkiz, kiçik isə iyirmi altı yaşına doldu. Onları alacaq birisi tapılmadığından hamımız məyusluq yaşayırdıq.
Axır ki, bacım üçün adaxlı tapıldı: zəngin olmasa da, abırlı bir məmur idi bu adam. Mən tam əmin idim ki, bu cavanın evlənib-evlənməmək barədə tərəddüdlərinə nöqtə qoyan və ona cürət verən Jül əmimin bir axşam onun əlinə keçən məktubu olub.
Evlənmə təklifi qəbul olundu və biz nikahdan sonra hamılıqla Cersi adasına yollanmaq qərarına gəldik.
Cersi adasına səyahət - kasıbların gözündə ən əlçatmaz arzu sayılırdı. Aradakı məsafə çox deyildi: paketbotla (sərnişin və poçt daşımaları üçün istifadə olunan xırda dəniz gəmisi ilə - A.Y.) sadəcə dənizdə getməklə, İngiltərəyə məxsus bu xarici adaya çatmaq mümkün idi. İkicə saat sürən bu dəniz səyahəti sayəsində fransız qonşu ölkəyə gedə bilir, oranın, yəni bir az qaba desək, üzərində Britaniya bayrağı dalğalanan adanın - çox da göz-könül oxşamayan yerli əhalisinin yaşayışı ilə yerindəcə tanış olma imkanı qazanırdı.
Cersi adasına səyahət hamımızın könlüncə idi və onun vazkeçilməz sevdası bir dəqiqə də olsun qəlbimizdən, beynimizdən çıxmırdı.
Axır ki, biz yola çıxdıq. Qranvil sahilində dayanan o gəmini indi də eynilə xatırlayıram: atam üç çamadanımızın gəmiyə yüklənməsini bir kənardan qayğıkeşliklə süzür. Kiçik bacım ərə gedəndən sonra özünü tamamilə gərəksiz hiss edən böyük bacım isə həyəcanlanan anamın qoluna girib. Ən arxada isə yeni nişanlılar gəlirdilər: onlar daim dəstədən geri qaldıqlarından bir gözüm elə arxadaydı mənim.
Gəmi fit verdi. Biz göyərtəyə qalxdıq. Bəndi geridə qoyan gəmi yamyaşıl mərmər lövhənin səthini xatırladan hamar dənizə çıxdı. Onun sahildən necə uzaqlaşdığına göz qoymaqla həm sevinir, həm də razılıq hissi keçirirdik: hərdənbir səfərə çıxanların hamısı bənzər duyğular yaşayırlar.
Qəddini dik tutan atamın qarnı sürtukun altından qabarırdı: bu sabah əməlli-başlı təmizlənən pencəyindən ətrafa benzin qoxusu yayılırdı və bazar günlərindən mənə yaxşı tanış olan bu qoxu əsl bayram qoxusu sayılmalıydı.
Qəflətən atamın nəzərləri iki qadını dəniz ilbizlərinə qonaq edən bir cüt kişiyə dikildi. Cın-cındır paltarda olan qoca matros bıçaqla qabıqlarını araladığı ilbizləri kişilərə uzadır, onlar isə bu təamları xanımlara ötürürdülər. Qadınlar dəniz ilbizlərini böyük məharətlə yeyirdilər: paltarları ləkələnməsin deyə, onlar altına burun dəsmalı tutduqları ilbiz qabıqlarının içindəki təamı dodaqlarını irəli uzatmaqla, cəldliklə və bircə qurtumda sümürür, boş qabıqları isə dənizə atırdılar.
Belə görünürdü ki, bu əyləncə - açıq dənizdəki gəminin göyərtəsində dəniz ilbizi dadmaq - atamın da könlündən keçirdi. Yəqin ki, bu, ondan ötrü əsl kübarlığın, incə zövqün nişanəsi sayılırdı. Arvadına və qızlarına yanaşan atam soruşdu:
- İstəyirsinizsə, sizi dəniz ilbizinə qonaq edim?
Əlavə məsrəfdən hürkən anamın cavabı ləngisə də, bacılarım tez razılaşdılar. Anam narazı bir əda ilə dedi:
- Qorxuram ki, mədəm bulanar. Uşaqlar üçün al, həm də çox alma, yoxsa bundan xəstələnərlər.
Üzünü mənə tutan anam sözünün ardını gətirdi:
- Jozef isə dəniz ilbizi yeməsə də olar. Oğlanları ərköyün böyütməyə gərək yoxdur.
Özümü haqsızlığa uğramış birisi yerində saysam da, anamın yanında qalmalı oldum. İki qızının və kürəkəninin əhatəsində, həm də görünməmiş əda ilə qoca matrosa yaxınlaşan atamdan gözlərimi çəkmirdim.
O iki xanım göyərtəni tərk etmişdi. Qabığın içindəki lət üstlərini bulamasın deyə, atam ilbizi əldə necə tutmağı qızlarına başa salırdı. Bunu əyani şəkildə onlara göstərmək üçün ilbiz qabığını əlinə alıb, bayaqkı xanımları yamsılamağa çalışsa da, az sonra bütün ləti sürtukunun üstünə dağıtdı.
Anam əsəbi halda deyindi:
- Elə bil yerində rahat otura bilmirdi!
Bir neçə addım geri-geri gedən atam ilbiz satıcısının həndəvərində duran qızlarını və kürəkənini çaşqınlıqla süzəndən sonra qəfil yerində dönməklə bizə tərəf yönəldi. Anama xısın-xısın bunu dedi:
- Çox təəccüblüdür: o ilbiz satan qoca bizim Jülə hədsiz bənzəyir!
Karıxan anam soruşdu:
- Hansı Jülə, canım?
- Əşşi, mənim qardaşıma… Əgər onun Amerikada olduğunu, həm də şad-xürrəm yaşadığını bilməsəydim, bu adamın Jül olduğuna heç şübhə etməzdim, vallah! - dedi atam.
Anam ürkək-ürkək mızıldandı:
- Başına at təpib deyəsən! Kim də olmasa, sən yaxşı bilirsən ki, bu adam - o deyil. Niyə boş-boş çərənləyirsən?
Amma atam dediyində durdu:
- Klarissa, dur get, özün ona göz qoy: buna sənin də şahid olmanı istəyirəm.
Anam ayağa qalxıb, qızlarına tərəf getdi və həmin matrosu diqqətlə süzməyə başladı. Yaşlı, kirli-pasaqlı, üz-gözü qırışmış bu adamın isə başı öz işinə qarışmışdı.
Anam geri dönəndə onun əl-ayağının əsdiyini sezdim. O, tez-tələsik atama:
- Məncə, bu adam elə odur, - dedi. - Get, kapitandan da öyrən. Amma ehtiyatlı tərpən, işdir, bu avara təkrar boğazımıza çöksə, günümüz qara gələcək.
Atam kapitanın yanına getdi. Mən də ardınca düşdüm. İçimi anlaşılmaz bir həyəcan bürümüşdü.
Uzun bakenbardları olan, arıq və ucaboylu kapitan körpücükdə gəzişirdi. Özünü elə dartıb durmuşdu ki, deyərdin bu adam Hindistana səfərə hazırlaşan gəminin kapitanıdır. Ona hörmət əlaməti olaraq baş əyən atam, iş-gücüylə bağlı bu adama bir-iki tərif deyəndən sonra bu suallara keçdi:
- Cersi ən çox nə ilə ad çıxarıb? Adada hansı istehsal sahələri inkişaf edib? Əhalisi nə qədərdir və kimlərdən ibarətdir? Yerlilərin hansı adət-ənənələri var? Adanın torpağı münbitdirmi?..
Və sair və ilaxır.
Kənardan baxan da düşünərdi ki, söhbət Amerika Birləşmiş Ştatlarından gedir.
Sonra söhbət sərnişini olduğumuz "Ekspress" gəmisinin, onun heyətinin üzərinə gəldi və atam titrək səslə xəbər aldı:
- O dəniz ilbizi satan qoca da yamanca diqqətimi çəkdi. Onun özü və ya taleyi barəsində hər hansı təfərrüatdan xəbərdarsınızmı?
Söhbətin bu axara girməsi kapitanın könlünə yatmadığından quru-quru cavab verdi:
- Bu qoca avara bir fransızdır. Ötən il Amerikada gəmimə minərək vətənə döndü. Deyəsən, onun Havrda qohum-əqrəbası da var, sadəcə onlara borcu olduğundan gözlərinə görünmək istəmir. Adı Jüldür… Jül Darmanş, ya da Rarvanş… buna bənzər bir şeydir. Dediyinə görə, Amerikada bir vaxtlar sərvət sahibi imiş, amma sonradan bu indi gördüyünüz günə düşüb.
Atamın rəngi meyidinki kimi ağarmışdı, gözləri alacalanırdı. Boğuq bir səslə o, ancaq bunları deyə bildi:
- Belə… belə… Çox yaxşı… Düzü, buna çox da heyrətlənmədim… Çox-çox təşəkkür edirəm, kapitan…
Durub, oradan aralandı. Dənizçi çaşqın-çaşqın onun ardınca baxırdı.
Geri dönən atamın kefinə soğan doğrandığını görən anam dedi:
- Gəl, oturaq… yoxsa bu da gözlərdən yayınmaz.
Ağır yük kimi skamyaya çökən atam dilləndi:
- Bu, odur… Dedim axı, sizə: bu - odur!
Bir qədər susandan sonra soruşdu:
- Yaxşı, indi bəs neyləyək?
Anam tam qətiyyətlə dedi:
- Hər şeydən öncə uşaqları ondan ayıraq. Bir halda ki Jozef hər şeyi öyrəndi, gedib onları gətirsin. Son dərəcə ehtiyatlı olmalıyıq ki, barı kürəkən bundan duyuq düşməsin…
Atam sarsılmışdı. Güclə eşidiləcək bir səslə o:
- Bu, əsl faciədir! - dedi.
Özündən çıxan anam kinini tökdü:
- Mən elə bilirdim ki, o müftəxor həyatda heç vaxt bir şeyə nail olan deyil və gec-tez gəlib, təkrar boynumuza minəcək. Bir də ki, siz Davranşlardan fərli bir şey gözləməyə heç dəyməz!
Atam anamdan danlaq eşidəndə etdiyi hər zamankı jestini təkrarladı: əlini alnında gəzdirdi. Anamın isə dili-dilçəyi açılmışdı:
- Bu dəqiqə Jozefə pul ver, qoy gedib o dəniz ilbizlərinin pulunu ödəsin… Bir o qalmışdı ki, o dilənçi bizləri tanısın! Bunun digər sərnişinləri necə heyrətləndirəcəyini təsəvvürümə gətirirəm! Durun, keçək göyərtənin o biri başına. Sən isə onun qeydinə qal ki, biz bir daha o səfillə yerli-dibli rastlaşmayaq.
Anam yerindən qalxdı və mənə beş franklıq verəndən sonra valideynlərim yola düzəldi. Bacılarım isə çaşqın halda atamın yolunu gözləyirdilər. Anamı ürək bulanması tutduğunu deyərək, mən qocadan soruşdum:
- Borcumuz nə qədərdir, cənab?
O ara qocaya "əmi" demək də keçdi hələ könlümdən.
Satıcıdan: "İki frank yarım" cavabını aldım.
Bu adamın arıq, qırışlarla dolu əlinə nəzər yetirdim. Onun əzabkeş, yazıq, yaşlı və məyus sifətini süzərək, öz-özümə dedim: "Bu adam - mənim əmimdir, atamın qardaşıdır, dost-doğma əmimdir!"
Çaypulu kimi qocaya on su da verdim. O, mənə ürəkdən təşəkkür elədi:
- Cavan oğlan, Allah sizə pis gün göstərməsin!
Bu sözləri o, sədəqə alan bir dilənçi tövrüylə dilə gətirdi. Düşündüm: yəqin ki, okeanın o tayında da bu qoca sədəqə toplamağa məcbur imiş. Yersiz səxavətimdən karıxan bacılarım məni dörd gözlə süzürdülər.
Pulun qalığı kimi iki frankı anama verəndə o da heyrətləndi:
- Yəni bu dəniz ilbizləri üç frank elədi ki? Heç vaxt inanmaram.
Mən arxayın tərzdə dilləndim:
- Ona on su çaypulu verdim.
Yerindən dik atılan anam məni tərs-tərs süzdü:
- Ağlın çaşıb sənin! O cür vecəyaramaza on su verərlər?!
Amma tez də mumladı, çünki atam başıyla kürəkəni ona göstərirdi.
Hamı ağzına su aldı.
İrəlidə, üfüqdə görünən tünd bənövşəyi rəngdə zolaq sanki dənizin qoynunda bitmişdi. Bu, Cersi adası idi.
Sahilə yan aldığımızdan mən bir daha Jül əmimə yaxınlaşmaq, ona bir-iki xoş, könülaçan söz demək istədim.
Amma dəniz ilbizi həvəskarları qeybə çəkildiyindən artıq o da gözə dəymirdi. Yəqin ki, zavallı qoca indi özünə sığınacaq seçdiyi iylənmiş trümə enmişdi.
Geriyə dönüşdə əmimlə rastlaşmamaq üçün biz Sen-Malo yolunu seçdik. O ara anamın narahatçılığı birə-on artmışdı.
Həyatda bir daha əmimi görmək mənə qismət olmadı.
Elə ona görə də mən dilənçilərə hərdən beş frank verməyi özümə borc bilirəm.
Gi de MOPASSAN
Anri-Rene-Alber-Gi de Mopassan 05.08.1850-ci ildə Normandiyada dünyaya göz açıb. Yazarın atası Qustav de Mopassan (1821-1899) Paris birjasında dəllal olub və 1846-cı ildə öz uşaqlıq dostu Lora le Puatvenlə (1821-1903) ailə qurub. 1856-cı ildə, ikinci oğulları Erve dünyaya gələndən sonra ayrılırlar. Qadın dəniz kənarındakı Etret şəhərində yerləşən Verqi villasında övladlarını təkbaşına böyütməyə başlayır.
On üç yaşa dolanda anası Gini İveto şəhərindəki ruhani seminariyasına verir. Məktəbdəki ciddi nizam-intizam gələcək yazarın azad ruhuna yad olduğundan, o, vaxtaşırı məktəbdən qaçır, etirazını dilə gətirir və şuluqluq salırmış. Bunun qaçılmaz nəticəsi kimi günlərin bir günü onu seminariyadan qovurlar.
1866-cı ildə Lora xanım oğlunu Ruan liseyinə verir.
1869-cu ildə liseyi bakalavr kimi bitirən Mopassan Kann şəhərindəki (Normandiya) universitetinin hüquq fakültəsinə daxil olur. 1870-ci ilin yayında Fransa-Prussiya savaşının başlanmasıyla bağlı o, ordu sıralarına çağrılır. Müharibədən sonra ölkədə yaşanan iqtisadi böhranla bağlı Mopassanın valideynlərinin durumu bir az da ağırlaşır və o, ali təhsilini davam etdirməkdən imtina edərək, dövlət qulluğunda işə düzəlir. 1872-78-ci illərdə Dəniz Nazirliyində məmur kimi çalışan Gi son dərəcə kasıbyana həyat sürür. Maaşı gündəlik tələbatlarını qarşılamağa güclə yetdiyindən o, ara-sıra atasından aldığı xırda xərcliklərlə birtəhər başını girləməyə məcbur olur.
Tanınmış yazar Qustav Floberin də dəstəyi sayəsində 1878-ci ilin dekabr ayında Mopassan Təhsil nazirliyində məmur vəzifəsinə keçirilir və burada 1880-ci ilin sonlarına qədər çalışır. Yetmişinci illərdə gənc yazarın iki başlıca məşğuliyyəti var idi: avarçəkmə idmanı və ədəbiyyat.
«Tombul» adlı iri hekayəsinin misilsiz uğurundan sonra «Qolua» qəzeti Mopassanı daimi əməkdaşlığa dəvət elədi və az sonra o, qəzetin səhifələrində «Paris burjualarının həftəsonu gəzintiləri» başlığı altında silsilə novellalarının çapını gerçəkləşdirdi. 1880-ci ilin sentyabr-oktyabr aylarında yazar Korsika adasına səyahət eləyir və bu səfərdən aldığı dərin təəssüratlar onun bir sıra novellalarında və «Həyat» romanında öz əksini tapır. 1881-ci ildə o, Əlcəzairə səfəri zamanı yerli əhalinin işğalçı fransız ordusuna qarşı üsyanlarının şahidi olur. 1882-ci ilin yayında isə yazar Bretan əyalətinə özünün ikinci səyahətinə çıxır.
1881-83-cü illərdə Mopassan görkəmli rus yazarı İ.S.Turgenevlə sıx dostluq əlaqələri qurur, öz əlyazmalarını ona göstərməklə faydalı məsləhətlər alır, özünün son günlərini Parisdə keçirən bu mühacir rus yazarının yaxın sirdaşına çevrilir.
Mopassan öz həyatında ədəbi yaradıcılıq qədər sevdiyi qadınlara da böyük həssasiyyət göstərirdi. Öz qısa ömrünə xeyli məşuqəni və eşq macərasını sığdıran bu istedadlı yazar ömrü boyu subay qalıb.
1880-ci illərdə Mopassan ədəbi ustadı olan Q.Floberin düzənli yaradıcılıq həyatı sürmək haqda vəsiyyətinə əməl edir. Hər səhər saat yeddidən on ikiyə qədər çalışmaqla orta hesabla ən azı altı səhifə yazmağa nail olur.
Bioqraflarının hesablamalarına inansaq, təkcə 1885-ci ildə yazar 1500 çap vərəqi həcmində bədii mətn yaradıb. Belə məhsuldarlığa son dərəcə verimli sayılan yazarlardan nə Balzak, nə Dikkens, nə də Düma (ata) nail olub. Onu da ayrıca vurğulamaq lazımdır ki, bu 1500 səhifəyə sadəcə bədii nəsr daxildir, yazarın hər həftə qəzetlərin səhifələrində işıq üzü görən günün xronikası xarakterli yazıları, oçerk və felyetonları bu hesablamadan kənarda qalıb.
Buna paralel olaraq, yazarın ədəbi uğurları da durmadan artırdı. Biri-birinin ardınca o, «Madmuazel Fifi» (1882), «Valdşnep hekayələri» (1883) novella toplularını çap etdirir. 1883-cü ildə nəşr olunan «Həyat» romanı məşhur rus yazarlarından İ.S.Turgenev və L.N.Tolstoy tərəfindən yüksək qiymətləndirilir, onun aparıcı fransız yazarlarından birinə çevrilməsinə vəsilə olur. Təkcə 1884cü ildə Mopassan dörd hekayə toplusu çap etdirir: «Ay işığı», «Rondoli bacıları», «Miss Harriyet» və «Günəş altında». 1885-ci ildə işıq üzü görən üç hekayə kitabının («İvetta», «Gecə və gündüz nağılları», «Tuan») ardınca, elə həmin il dərc olunan «Əziz dost» romanı isə onu dünyanın say-seçmə yazarları sırasına çıxarır.
Səksəninci illərin birinci yarısında gərgin yaradıcılıq atmosferində yaşaması yazarın sağlamlığını xeyli dərəcədə sarsıtmışdı. Hələ yetmişinci illərdə o, səhhətindəki nasazlıqlardan, xüsusilə də göz ağrılarından şikayət edirmiş. Bioqrafları bunun irsi xarakter daşıdığını sübuta yetiriblər.
1886-cı il də yazarın həyatında xeyli verimli il olur: iki hekayə toplusu («Balaca Rok», «Cənab Paran») ilə yanaşı, onun «Mont-Oriol» romanı işıq üzü görür. Sonrakı illərdə yazarın ədəbi məhsuldarlığı qismən düşür və o, hər il yalnız bir kitab buraxdırmağa imkan tapır: «Orlya» (1887), «Xanım Hüssonun adaxlısı» (1888), «Sol əllə» (1889), «Gərəksiz gözəllik» (1890).
1891-ci il üçün Mopassan artıq bütün dünyada tanınan qələm ustasıydı. Təkcə Fransada çap olunan kitablarının tirajı 400 min ədədə çatırdı və bu, həmin dövr üçün son dərəcə yüksək göstəriciydi. Kitablarının böyük uğurla satıldığı bu dönəmdə yazarın qardaşı Erve psixi xəstəlikdən vəfat edir. Ömrünün son iki ilində onun coşqun yaradıcılıq potensialı get-gedə öləziməyə, sönməyə üz qoyur. Çox böyük çətinliklər bahasına o, «Ölümdən güclü» və «Qəlblərimiz» romanlarını tamamlaya bilir.
1892-ci il yanvarın 1-də Kann yaxınlığındakı villada yaşayan anasını ziyarət edən Mopassanın ruhi durumu qəflətən fənalaşır və o, gecənin bir aləmi oranı tərk edib, öz evinə üz tutur. Səbəbi bəlli olmayan ruhi sarsıntı anında yazar bıçaqla boğazına kəsməyə təşəbbüs göstərməklə, özünü ağır yaralayır.
Yanvarın 7-də Parisə gətirilən Mopassan psixiatriya xəstəxanasına yerləşdirilir. Doğmaları və çoxsaylı pərəstişkarları tərəfindən xəstənin tezliklə sağalacağına bəslənən dərin ümidlər doğrulmur və yaralanandan sonra huşu bir daha bərpa olmayan yazar 6 iyul 1893-cü ildə gözlərini əbədilik qapayır. O, Parisdəki Monparnas məzarlığında torpağa tapşırılır.