Qatillər

(hekayə)

Harri yük qatarından təzəcə enmişdi və Alameda yoluyla Pedronun yanına, bir fincan ucuzvarı qəhvə içməyə gedirdi. Səhərin gözü təzəcə açılsa da, Pedronun öz dükanını adətən saat 5-də açdığını o, yaxşı xatırla­yırdı. Cəmi beş sent ödəməklə orada nəinki bir, hətta iki saat da oturmaq olurdu. Və düşünmək. Harada və nəyi düz, nəyi isə yanlış etdiyini saf-çürük etmə imkanı qaza­nır­dın orada.
Pedronun dükanı açıq idi. Qabağına bir fincan qəhvə qoyan meksikalı qız onu əsl insan kimi süzdü. Həyatın hər üzünü görmüşdü bu Qol və suyuşirin qız idi. Belə deyək də - xeyli suyuşirin qız idi. Əslinə qalanda isə, qadınların hamısı real təhlükə mənbəyidir. Həyatdakı hər şey adama təhlükə saçır. İndi o, vaxtilə birisindən eşitdiyi şəxsi bir qənaəti xatırladı: Həyatın Özü Təhlükələrdən İbarətdir.
Harri keçib, köhnə masalardan birinin arxasında əy­ləş­di. Buranın qəhvəsinə söz ola bilməzdi. Cəmi otuz ya­şın içində olsa da, həyatını nöqtələmişdi artıq. Qəhvəsini udumlayaraq, vaxtilə nəyi yanlış, nəyi doğru etdiyini xatirində canlandırırdı indi. Hər şeydən - sığorta hənga­mə­lərindən də, xırda kabinetlərdən də, yüksək şüşəli ağıllardan da, elə müştərilərdən də cana yığılmışdı o. Arvadına xəyanət etməkdən, katibələri liftdə, vestibül­də əlləməkdən də zinhara gəlmişdi. Milad və Yeni il bayramı şənliklərindən, doğum günü məclislərindən, yeni maşın, mebel, hətta qaz, su, enerji üçün ödəmələr­dən də, insanın ən müxtəlif tələbatlarını qarşılayan hər şeydən zəndi-zəhləsi gedirdi onun.
Ən əvvəl hər şeyi, bütün iş-gücünü sırf bezdiyi üçün bir kənara atmışdı. Az sonra isə boşanma məsələsi gündəmə gəldi, bunun ardınca o, içkiyə qurşandı və qəfildən ortalıqdan qeyb oldu. Artıq heç nəyi yox idi və indi anlayırdı ki, lütün birisi kimi yaşamağın özü də xeyli qəliz məsələ imiş. Bu da bir başqa cür yükmüş. Kaş bunların arasında, həm də nisbətən maneəsiz bir yol olaydı. Axı, adətən insan iki şey arasında seçim eləyir: ya özünü oda-közə vurur, ya da sırf avaralanmağa üstünlük verir.
Özü kimi, yəni beş sentə bir fincan qəhvə alan birisi keçib, düz qarşısında əyləşəndə Harri başını qaldırmalı oldu. Bu adam təxminən qırx yaşlarındaydı. Harri kimi onun da əyin-başı tökülürdü. Damağındakı siqareti yandıran bu hərif baxışlarını Harridən çəkmirdi.
- Nə var, nə yox?
Harri dilləndi:
- Əcəb sualdır.
- Haqlısan.
Qəhvələrini içməyə davam elədilər.
- Maraqlıdır, insanlar belə yerlərə necə gəlib çıxırlar, hə?
- Hə-ə-ə, - deyə Harri təsdiqlədi.
- Yeri gəlmişkən, buna bir ehtiyac varsa, adım Uilyamdır.
- Mənimki isə Harri.
- Məni «Bill» də çağıra bilərsən.
- Mən razı.
- Üzünə baxana elə gəlir ki, sən gedib-gedib nəyinsə lap axırına çıxmısan.
- Mən sadəcə qırmanc yeməkdən yorulmuşam. Lap it kimi əldən düşmüşəm.
- Harri, yenidən cəmiyyətə dönmək istəyərdin?
- Yox, əsla. İndi daha çox bu düşdüyüm durumdan sıyrılıb çıxmaq arzusundayam.
- Halbuki sən canına da qıya bilərdin.
- O heç də.
Bill dedi:
- Bura bax, əgər haradansa, həm də qısa vaxtda əlimizə bir az nağd pul keçirsək, ruhumuzu gen-bol əyləndirə bilərik ha!
- Niyə də olmasın? Amma necə?
- E-e-e, ancaq bir az riskə getməliyik.
- Məsələn, necə?
- Əvvəllər mən ev soyurdum. Qazanclı işdir. Yaxşı bir ortağa indi yamanca ehtiyacım var.
- Elə isə danışdıq. Mən demək olar ki, hər şeyə razı­yam. Onsuz da həyatdan bezib-usanmışam: qaynadılmış paxladan da, boyat qoğallardan da, hər cür missiyalardan da, Tanrı haqda moizələrdən də, xorultulardan da…
Bill dedi:
- İndi əsas məsələ - bu işi görəcəyimiz yerə getməkdir.
- Məndə iki dollar var.
- O da yetər. Gecə yarı görüşürük. Karandaşın necə, var?
- Yox.
- Gözlə. Gedib, bunlardan istəyim.
Bir qələm qırığı tapıb, geri döndü. Salfeti götürüb, üstundə nələrsə cızdı, qaraladı.
- Beverli-Hillzə gedən avtobusa minib, sürücüyə de ki, səni orada endirsin. Düşəndən sonra şimal tərəfə üz tutub, iki məhəllənin ta axırına qədər get. Orada səni gözləyəcəyəm. Gələ biləcəksən?
- Gələrəm.
- Arvad-uşağın necə, var? - deyə Bill xəbər alanda Harridən:
- Var idi, - cavabı gəldi.

***

O gecə hava soyuq idi. Avtobusdan enən Harri şimala tərəf getməklə iki məhəlləni geridə qoydu. Zülmətdən göz-gözü görmürdü. Bill özü bükdüyü tənbəkini tüstülət­mə­yində idi. Həm də görünən yerdə yox, iri bir kolun ardına durmuşdu.
- Salam, Bill.
- Salam, Harri. Hə, pullu bir işə girişməyə hazırsan?
- Hə.
- Çox yaxşı. Mən buraları yaxşıca araşdırmışam. De­yə­sən, zəngin bir ev də tapmışam. Digər evlərdən aralıda tikilib. Ondan ətrafa pul qoxusu yayılır. Qorxmursan ki?
- Yox. Qorxmuram.
- Əla. Onda diqqətini topla və ardımca gəl.
Bill səkiylə bir məhəlləni keçib, digərinin yarısına qədər getdi. Harri də kölgə kimi onun ardınca düşmüşdü. Sonra Bill kolların arasından keçib, xırda nohur tərəfə buruldu. Arxa tərəfdən yanaşdıqları iri ev ikimərtəbəliy­di. Bill arxa pəncərənin yanını kəsdirdi. Bıçaqla pəncərə­dəki toru dələndən sonra ətrafı dinlədi. Həndəvərə əsl məzarlıq sükutu çökmüşdü. Tor vurulan çərçivəni yerin­dən oynatmaqla yuxarı qaldırdı. Bir xeyli onunla əlləşdi. Harri artıq özünü danlamağa başlamışdı: «İlahi! Yəqin xam oğrudur bu. Ya da psixin birisidir».
Bu vaxt pəncərə açıldı və Bill özünü içəri saldı. Qa­ran­lığa rəğmən, Harri pəncərədən sivişməyə çalışan orta­ğı­nın yanbızlarını necə burcutduğunu da sezdi. «Əcəb mə­zə­lidir! - deyə düşündü. - Heç kişi xeylağı da bu işlə məşğul olar?!»
Bill içəridən pıçıldadı:
- İçəri keç.
Harri də içəri daldı. Evdən həqiqətən pul və cilalı me­bel qoxusu gəlirdi.
- Aman Allah, Bill. Bax, ancaq indi canımı anlaşılmaz qorxu hissi bürüdü və bunun mənasız bir iş olduğunu anladım.
- Səsini başına atma. Özün demirdin ki, suda bişən paxladan bezmisən?
- Deyirdim.
- Onda kişi ol.
Bill ağır-ağır siyirmələri açıb, oradan qamarladıqlarını ciblərinə dürtüşdürdüyü müddətdə Harri onun böyründə kirimişcə durmuşdu. Hər halda bura yemək otağıydı, çünki Billin cibinə soxduğu əşyalar qaşıq, çəngəl və bıçaq idi.
Harrini fikir götürdü: «Əgər bunları satsaq, guya əlimizə nə qədər pul keçəcək ki?!» Bill isə gümüş əşyaları gödəkçəsinin ciblərinə yığmağına ara vermirdi. Arada bıçağın biri əlindən yerə düşdü. Döşəmə sərt idi, xalı sərilmədiyindən çox dəqiq və aşkar cingilti qopdu.
- Kim var orda?
Bill və Harri nəfəslərini qısıb, yerlərində qurudular.
- Mən dedim: «Kim var orda?»
Sonra bir qız səsi eşidildi:
- Nə olub elə, Seymur?
- Qulağıma bir səs dəydi. Yuxudan da o səsə oyandım.
- Of, of, yat, yat.
- Yox. Mən dəqiq nəsə eşitdim.
Əvvəlcə çarpayının cırıltısını, ardından isə kişinin ad­dım səslərini duydu Harri. Qapını açan o adam indi on­larla birlikdə yemək otağında dayanmışdı. 26 - 27 yaşla­rındakı bu keçisaqqallı və uzun saçları olan cavanın əynində pijama vardı.
- Vay, ibnələr, deyin görüm, evimdə nə itiniz azıb, hə?!
Bill Harriyə tərəf çönüb, dedi:
- Yataq otağına get. Çox yəqin orada telefon var. Qoy­ma qız bir yerə zəng eləsin. Bunun dərsini özüm verəcə­yəm.
Harri yataq otağına tərəf yollandı, qapını tapıb, içəri girəndə orada cavan, 23 yaşında sarışın bir qızla rastlaşdı. Yaraşıqlı gecə paltarının altında qızın məmələri ahənglə yırğalanırdı. Böyründəki tumbanın üzərində telefon olsa da, qız hələlik harayasa zəng eləməyi ağlına da gətir­mir­di. Yatağında oturmuşdu, dəhşətdən əliylə ağzını qapa­mış­dı.
Harri ona təpindi:
- Səsini çıxartsan, gəbərdərəm.
Başının üstünü kəsdirdiyi qıza göz qoyduqca Harri öz arvadı barədə düşünürdü: o, heç vaxt bu dilbər qədər ca­nalıcı olmamışdı. Harrini tər basdı, başı gicəlləndi. Qızla göz-gözə qaldığından idi yəqin.
Harri çarpayının kənarında oturdu.
- Arvadıma toxunma, yoxsa səni gəbərdərəm!
Bill onu təzəcə yataq otağına çəkib gətirmişdi. Kişi­nin qolunu geri qanıran Bill bıçağı onun onurğasına dirə­mişdi.
- Qorxma, heç kəs sənin arvadına bir şey eləməyəcək. Yetər ki, sən o iy verib, iylənən pullarının yerini de, biz də xoşluqla çıxıb gedək.
- Mən axı sizə dedim ki, nəyim varsa, hamısı pulqa­bım­dadır.
Bill onun qolunu daha sərt burdu və bıçağı bir az da dərinə yeritdi. Kişi ağrıdan üzünü bürüşdürdü.
Bill soruşdu:
- Qızıllar haradadır? Onların yerini göstər.
- Yuxarıdadır…
- Yaxşı. Onda birlikdə yuxarı qata çıxaq!
Harri baxışlarıyla onları ötürdü. Sonra gözləri təkrar qıza zilləndi, heç qız da o ara baxışlarını ondan ayırmırdı. Göy gözlərinin bəbəkləri qorxudan böyümüşdü.
Harri təkrar qıza təpindi:
- Çığırıb eləmə, yoxsa, bax, düz sözümdür: səni həqi­qətən öldürərəm!
Qızın dodaqları səyridi. Onlar solğun pəmbə rəngdəy­dilər. Gözlənilmədən yad kişinin dodaqları onlara toxun­du. Onun saç-saqqalı qızın üzünü dalayır, üfunətli nəfəsi ürəyini bulandırırdı. Zərif və bəyaz tənli qızın başını ovuc­larında tutan kişi gözlərinin içinə baxaraq ona dedi:
- Sən qancıqsan! Hə, hə, lənətə gəlmiş sürtüksən!
Bunun ardınca qızı təkrar, amma bayaqkından daha qa­ba şəkildə öpdü. Sonra hər ikisi yatağa sərələndi. Əllə­riy­lə qızı gövdəsinə sıxdığı üçün o, ayaqqabılarını çıxar­maq­dan ötrü ayaqlarını yelləməyə məcbur oldu. Daha son­ra eyni üsulla şalvarını soyunmağa, onun məngənəsin­dən qurtulmağa cəhd göstərəndə də, qızı bir an belə bu­raxmadı, öpüb-oxşadı:
- Qancığım, lənətə gəlmiş qancığım…
- Ah, yox! İlahi pərvərdigara, yox! Arvadıma toxun­ma­yın, əclaflar!
Onların nə vaxt geri döndüyündən Harri bixəbər idi. Cavan ər səsini başına atmışdı. Sonra bir xırıltı gəldi Har­rinin qulağına. Kərkinməyinə ara verib, geriyə boy­lan­dı. Boğazı kəsilən cavan yerə sərələnmişdi, qanı isə bəlli fasilələrlə parketə sıçramaqdaydı.
Harri çığırdı:
- Sən onu öldürdün!
- Axı, o, bağırırdı.
- Onu öldürməyə də bilərdin.
- Sən də onun arvadını zorlamayaydın.
- Mən qadını hələ zorlayıb-eləməmişəm, amma sən artıq onun ərini gəbərtdin.
Bu səfər qadın şivən qopartdı. Harri onun ağzını əliylə qapadı və soruşdu:
- İndi neyləyək?
- Bunu da eləcə. Şahid qalmasın.
Harri dilləndi:
- Mənim buna əlim qalxmaz.
Bill dedi:
- Onda mən öldürərəm.
- Amma bu cür mətahı dadmamaq bağışlanmaz günah olardı.
- Elə isə buyur, dad.
- Sən onun ağzını bir şeylə yumsana.
Bill dilləndi:
- O barədə arxayın ol.
Siyirmədən çıxartdığı şərfi o, qadının ağzına dürtdü. Sonra balışüzünü zolaqlar şəklində cırıb, şərfin üstündən bağladı.
- Haydı, işini gör, - dedi Bill.
Qız artıq dirənmirdi. Deyəsən, şok vəziyyətinə girmişdi.
Harri işini bitirəndən sonra, Bill onun yerini tutdu. Har­ri ortağına göz qoyurdu. Bax, belə ha. Tarix boyu be­lə olub. İşğalçı ordu hər şeydən əvvəl yerli qadınlara tə­ca­vüz edib. İndi Bill ilə o da işğalçı qoşun kimi bir şey idi.
Bill çarpayıdan enərkən:
- Heç vaz keçiləsi can deyilmiş ha! - dedi.
- Bura bax, Bill, gəl, bunu öldürməyək.
- Yox, gedib bizi satar. Şahiddir axı.
- Əgər canına qıymasaq, o da bizi şərləməz. Belə daha doğru olar.
- Şərləyər. Mən insan övladına yaxşı bələdəm. Sonra­dan gedib bizi satacaq.
- Ona verdiyimz bu həzzə görə niyə gedib bizi satma­lı­dır ki?
Bill dediyində durdu:
- Mən də elə ona görə deyirəm ki, mütləq bizi sata­caq. Niyə buna imkan tanıyaq, axı?!
- Gəl, onda özündən soruşaq. Onunla danışaq. Bu barədə fikrini öyrənək.
- İndi onun nələr düşündüyünü mən yaxşı bilirəm. Bu dəqiqə onu gəbərdəcəyəm.
- Sən canın, Bill, lazım deyil. Gəl, hər şeyi necə varsa, elə də saxlayaq.
- Necə varsa, elə də saxlayaq?! Bütün bunlardan son­ra?! Çox gecdir. Əgər sən bir azca özünə hakim olsaydın və qabağındakı o şoğəribi hara gəldi dürtməsəydin…
- Bill, qıyma ona, mən… baxa bilmirəm…
- Üzünü yana tut.
- Bill, yalvarıram sənə…
- Sənə demədim üzünü yana tut, ay anası göyçək!
Harri üzünü yana çevirdi. Qızın heç cıqqırı da çıxma­dı. Aradan bir neçə dəqiqə ötdü.
- Bill, işini bitirdin?
- Hə. İndi dönüb, baxa bilərsən.
- İstəmirəm. Gedək. Gedək buradan.
Onlar elə həmin pəncərədən də bayıra çıxdılar. Hava lap ayazlamışdı. Evin kölgəli tərəfiylə irəliləyib, sarma­şıq­lı çəpərdən o biri üzə keçdilər.
- Bill?
- Nədir?
- Kefim yamanca duruldu, elə bil heç nə olmayıbdır.
- Olub, əşşi, olub.
Geriyə, avtobus dayanacağına qayıtdılar. Gecələr sər­ni­­şin­lər seyrəldiyindən bəlkə də avtobusu bir saat gözlə­mək lazım gələcəkdi. Dayanacaqda durub, bir-birinin üst-başına göz qoyurdular ki, birdən qan izi-filan olar. Amma qəribədir: heç yerlərində qandan əsər-əlamət yox idi. Bundan tam əmin olandan sonra adama bir tənbəki bükub, tüstülətməyə başladılar.
Qəfildən Bill öz tənbəkisini yerə tüpürdü:
- Lə-ə-nət sənə, kor şeytan!
- Nə oldu ki, Bill?
- Biz o hərifin pulqabısını götürməyi unutduq!
Harri dilləndi:
- Əh, sənin də lap betərini!..

 

Azad Yaşar Tolstaya Kvadrat
Çarlz BUKOVSKİ

Azad Yaşar Tolstaya Kvadrat
Azad Yaşar Tolstaya Kvadrat