Rəhmətlik
(hekayə)
Hələ nişanlandıqları gün Bartolino Fyerençoya gələcək xanımı belə demişdi:
- Mənim əsl adım - Karolinadır. Amma mərhum ərim məni sadəcə Lina çağırardı. Odur ki, bu ada hədsiz dərəcədə öyrəşmişəm.
Bu «mərhum» adlandırdığı Kozimo Taddei arvadının birinci əri olmuşdu.
Şlyapasını azca qaldırmaqla, səmimi şəkildə gülümsəyən bir kişi portretini göstərən qadın dedi:
- Bu, odur.
Divardan hədsiz dərəcədə böyük bir fotosu asılmışdı rəhmətliyin. Bu şəkillə üzbəüz qoyulmuş Osmanlı üslubunda divanda oturan və xanımının mərhum ərini canlı birisi kimi qəbul edən Bartolino onunla salamlaşırmış kimi özündən xəbərsiz başını yana əydi.
Qızlığında Lina Sarulli, son vaxtlar isə Taddeinin dul xanımı kimi tanınan bu qadının heç ağlına da gəlməzdi ki, qonaq otağındakı bu portreti, ev sahibinin portretini buradan götürsün. Əvvəllər bu ev ərinə məxsus olmuşdu, ixtisasca mühəndis olan Kozimo Taddei bu binanı özü layihələndirmiş, onu öz incə zövqünə görə döşətmişdi. Öləndə isə evi xanımına, Linaya vəsiyyət eləmişdi.
Adaxlısının məyusluğuna fikir verməyən sinyora Sarulli sözünə davam etdi:
- Mən adımın dəyişməsini istəməzdim. Amma rəhmətlik bir kərə mənə demişdi: «Səncə, səni Karolina deyil, Kara (italyanca «sevimli», «sevgili» deməkdir - A.Y.) Lina çağırsam, daha gözəl olmazmı?» Səslənişcə seçilməsələr də, bu ikinci adda daha böyük nəvaziş duyulur. Səncə necə, belədir?
Bu sualı eşidən Bartolino arvadının mərhum ərinə öz fikrini bildirirmiş kimi dilləndi:
- Əladır. Hə, hə, əladır!
Sarulli üzündə təbəssüm soruşdu:
- Razılaşdıq da: Kara Lina?
- Razılaşdıq… hə, hə… razılaşdıq, - deyə pərtlik və çaşqınlıq keçirən Bartolino mızıldandı. Bu ara ona elə gəldi ki, mərhum da divardakı şəkildən ona baxıb, bic-bic gülür.
Üç ay sonra Fyerençolar Romaya, toy səyahətinə gedərkən onları yola salmaq üçün xeyli dost-tanış və qohum-əqrəba vağzala yığışmışdı.
Lina Sarullinin yaxın rəfiqəsi və Fyerenço ailəsinin keçmiş dostu Ortenziya Motta öz ərinə yana-yana deyirdi:
- Zavallı oğlan! Bundan ona nə arvad olacaq? Məncə, ailələrində kişi rolunu bu qadın oynayacaq!..
Yox, heç də elə sanmayın ki, bu sözlərlə Ortenziya Motta Lina Sarullinin, birinci nikahda Lina Taddeinin, indi isə Lina Fyerençonun qadından daha çox kişiyə bənzədiyini vurğulamaq istəyirdi. Əslində Karolina bir qadın kimi son dərəcə məlahətli idi. Amma onun Bartolinodan daha təcrübəli olduğuna da şübhə ola bilməzdi. Bu şişman, dazbaş, al yanaqlarıyla yeniyetmə oğlanı xatırladan Bartolino adama necə də məzəli görünürdü!
Onun daz başı bənzərsiz idi: sanki oğlana oxşamasın deyə kimsə bilərəkdən onun təpəsinin ortasını gizlicə qırxmışdı. Amma buna rəğmən, o, yenə də uşağa bənzəyirdi.
Ortenziyaya görə xeyli yaşlı olan əri Motta onun bu sözlərindən mısmırığını sallayaraq donquldandı:
- Niyə axı, «zavallı»? Niyə axı?!
Bartolinonun nikahının əsl səbəbkarı olan bu qoca öz xanımının deyinməsinə dözə bilmirdi:
- Bartolino heç də axmaq və vecəyaramaz birisi deyildir: o, çox istedadlı bir kimyaçıdır!
Ortenziya kinayəli bir qəhqəhə çəkdi:
- Elədir, onun tayı-bərabəri yoxdur!
Əri də onun sözlərini təkrarladı:
- Bəli, tayı-bərabəri yoxdur! Fyerenço görkəmli kimyaçıdır və əgər o, öz orijinal, dərin məzmunlu araşdırmalarını çap etdirib, vaxtında müsabiqəyə göndərsəydi, çox yəqin ki, onu bizim ən nüfuzlu universitetlərimizdən birinə professor seçərdilər. Hələ də kimya onun əsas ehtirası olaraq qalır. O, həqiqi alimdir. Ürəyi təmiz və məsum birisi olduğundan Bartolinonun nümunəvi ər olacağına da heç şübhən olmasın!
- Hə-ə, bu baxımdan sən haqlısan, - deyə razılaşan Ortenziya əslində «Hər necə olsa, o, hədsiz dərəcədə avamdır» demək istədi.
Hələ Bartolino ilə Lino Sarulli nişanlanana qədər hər səfər Fyerençonun əmisi, sinyor Anselmo ilə bu yekə uşağı «baş-göz etmək» barədə söhbət salan ərinin sözlərini Ortenziya ucadan və istehzalı qəhqəhəylə qarşılayardı. Ahıl əri Motta bundan cırnayar və arvadına sarı dönərək:
- Hə, hə, onu evləndirmək, həm də tezliklə evləndirmək lazımdır! - deyərdi.
Ortenziya o dəqiqə söhbəti dəyişərdi:
- Evləndirin onu, Allah xətrinə! İndicə mən heç də sizin bu təklifinizə gülmürdüm, sadəcə oxuduğum bu kitab çox məzəlidir.
Həqiqətən də, əri sinyor Anselmo ilə növbəti şahmat partiyası oynadığı müddətdə Ortenziya Motta son altı ayda iflicdən əziyyət çəkən və yataq əsiri olan, ahıl yaşdakı xanım Fyerençoya bir fransız romanı oxuyardı.
Nə deyəsən, axşamları əyləncəli keçirirdilər! Bartolino daim öz kabinetində oturardı, onun xəstə anası çevrədə olub-keçənlərdən bir şey anlamasa da, bütün diqqəti qiraətə köklənibmiş kimi davranardı. Bir küncə çəkilən qoca kişilər isə şahmat oynamaqla vaxt öldürərdilər. Bartolinonu həm də ona görə «baş-göz etmək» lazım idi ki, evin ab-havası, bir az da olsa, şənlənsin!
Ən sonda bu adamlar yığılıb o zavallı gənci «baş-göz eləyə» bildilər!
İndi isə Ortenziya Fyerençoların toy səyahəti barədə düşünür, o dazbaş, təcrübəsiz, əri demişkən, «avam oğlanla» Linanın nələr çəkdiyini təsəvvürünə gətirərək, gülümsünürdü: çünki daha öncə bu xanım düz dörd il mühəndis Taddei ilə, xeyli şən və həyat eşqi aşıb-daşan birisiylə yaşamışdı. Mərhum hər barədə təcrübəli, cürətli, hətta son dərəcə cürətli birisiydi.
Yəqin ki, indiyədək Lina birinci və ikinci əri arasındakı bu fərqi artıq sezmiş olmalıydı…
Qatar yola düşməzdən öncə Anselmo əmi yeni qohumu sayılan gəlinə tapşırmışdı: «Bartolinonu sənə tapşırıram». Bunun ardınca o: «Romanı ona göstər» deyə əlavə etmək istəyəndə isə Bartolinonun heç vaxt paytaxtda olmadığını vurğulayacaqdı.
Lina isə hələ rəhmətlik əriylə toy səyahətinə çıxarkən bu şəhərə yaxşı bələd olmuşdu. Romaya o ilk səfərini qadın ən incə məqamlarına qədər xatırlayırdı. Həm də bütün bunları elə dəqiq xatırlayırdı ki, sanki bunlar altı il yox, altı ay öncə yaşanmışdı.
Bartolino ilə yolçuluq isə ona çox üzücü və çəkilməz gəlmişdi: əri hətta vaqon pəncərəsindəki pərdəni də açmağa gərək duymamışdı!
Qatar Romaya yetişəndə Lina ərinə üz tutub:
- Bundan sonrakı işləri mənim öhdəmə burax! - dedi və vaqona girən yükdaşıyana göstəriş verdi:
- Üç çamadanımız, iki, yox-yox, üç karton qutumuz, bir sakvoyajımız, daha bir sakvoyajımız, bir də… iki çantamız var. Heç nəyi unutmadıq ki? Yox! Elə isə gedirik «Viktoriya» otelinə!
Meydanda Linanın gözləri tanış faytonçuya sataşdı və o, başıyla bu adama işarət elədi. Omnibusa minəndən sonra Lina ərinə dedi:
- İndi görəcəksən: bərbəzəkli olmasa da, getdiyimiz otel çox rahatdır, qiymətlər ortahal olsa da, xidmət xeyli yüksək səviyyədədir. Hətta orada mərkəzi isitmə sistemi də var.
Linanın özündən xəbərsiz və vaxtaşırı adını çəkdiyi mərhum əri vaxtilə bu oteli hədsiz dərəcədə bəyənibmiş. Yəqin Bartolino da oradan razı qalacaqdı.
Bu ara zavallının az qalırdı nəfəsi kəsilə.
Lina canıyananlıqla ondan soruşdu:
- Yəqin şəhərin zəhmi basıb səni? İlk dəfə elə mən də bənzər hisslər yaşamışdım… Görəcəksən, Roma gözünü-könlünü oxşayacaq sənin. Bax, bax, o, Pyaçça delle Termedir… Bunlar isə Diokletianın termaları… o isə Santa-Mariya delyi Anceli kilsəsidir… bu isə… tez başını bu yana döndər… via Nasionaledır… Sonra çıxıb, buraları rahat-rahat gəzib-dolaşarıq…
Bu oteldə Lina özünü lap evindəki kimi hiss edirdi. Buradakı bütün xidmətçiləri tanıdığından elə hey umurdu ki, onu da kimsə tanısın. Bax, bu koridor xidmətçisinin adı, məsələn… Pippodur… yanılmadım ki? Əlbəttə ki, yox. Aradan düz altı il ötsə də, qadın bu adamı unutmamışdı.
Lina soruşdu:
- Bizə hansı nömrə ayrılıb?
- İkinci qatdakı on ikinci nömrə. Bu geniş və yaraşıqlı otağın yatağı çox rahatdır.
Amma Lina ahıl koridor xidmətçisindən soruşdu:
- Bəs o üçüncü qatdakı on doqquzuncu otaq necə? Pippo, öyrənin görüm, o nömrə boşdur?
Təzim edən xidmətçi «Bu dəqiqə» dedi.
Lina ərinə üz tutdu:
- O nömrə bundan daha rahatdır. Yataq otağına bitişik xırda, amma xudmani bir guşəsi var… Səs-küy hiss olunmayan o o nömrə yaxşı havalandığından orada daha xoş vaxt keçirərik… Rəhmətlik ərimlə də eynilə beləcə olmuşdu: əvvəlcə bizə ikinci qatda nömrə ayrıldı, sonra ərim onu dəyişdirməli oldu.
Az sonra geri dönən koridor xidmətçisi bildirdi ki, on doqquzuncu nömrə boşdur və müştərilər oraya da yerləşə bilərlər.
Sevincindən çəpik çalan Lina tələsik dedi:
- Əlbəttə ora! Əlbəttə!
Nömrəyə girən kimi Lina hər şeyin əvvəlki şəkildə olduğunu görüb, məmnun qaldı: divarların üzlük kağızı da, mebellərin düzülüşü də həminki kimi idi. Xanımının bu yerli-yersiz heyranlıqları qarşısında Bartolinonun heç tükü də tərpənmirdi.
Güzgünün önündə şlyapasının ipini açan Lina ondan xəbər aldı:
- Necədir, buranı bəyənmirsən yoxsa?
Bartolino mızıldadı:
- Niyə ki… Yaxşı yermiş…
- Bir bura bax! İndi bu güzgüdə görünən o tablo əvvəl buradan asılmamışdı. Onun yerində yapon üslubunda qab vardı. Yəqin onu salıb, sındırıblar. Hə, de də, görüm, bu nömrə döşünə yatır, ya yox? Yox, yox! Öpüşmək hələ tezdir… Əvvəlcə get, yuyun. Əlüzyuyan bu tərəfdədir. Mən isə gedim öz guşəmə... Hələlik!
Bunu deyən qadın sevincdən və bəxtiyarlıqdan quş kimi yerindən qalxdı. Bartolino Fyerençonun isə çaşqınlığı keçməmişdi hələ. Yaxınlaşıb, yataq kəcavəsinin pərdəsini qaldırınca qarşısında geniş bir yataq gördü o. Çox yəqin ki, arvadı zifaf gecəsini də mühəndis Taddei ilə elə bu yataqda keçirmişdi.
Kozimonun öz qonaq otaqlarında asılan portretindəki sifətini xəyalında canlandıran Bartolinoya elə gəldi ki, arvadının mərhum əri yenə ona baxıb, qımışır.
Romada keçirdikləri o günlər boyu Lina təkcə bu yataqda uyumaqla yetinmədi, həm də vaxtilə mərhum ərinin onu apardığı restoranlarda nahar və şam yeməkləri yedi. Bir vaxtlar Kozimo ilə dolaşdığı o küçələri Lina yanlışsız, balaca bir küçüyə xas sezgiylə tapırdı. Rəhmətlik ərinin ona göstərdiyi muzeyləri, xarabalıqları, kilsələri, qalereyaları, bağları bu sayədə ziyarət edirdilər.
İlk günlər Bartolino nə edəcəyini bilmirdi. Arvadına heç cür açıb söyləyə bilmirdi ki, onların hər şeydə rəhmətliyin zövqünə, məsləhətlərinə, həyat təcrübəsinə sadiq qalmaları onu son dərəcə əzir, mənən alçaldır.
Amma bütün bunlara yol verən Lina pis bir niyyət güdmədiyindən nə bir inciklik duyurdu, nə də ki, duya bilərdi. Hələ on səkkiz yaşında ikən, heç bir həyat təcrübəsinə malik olmayan bu qızla evlənən Kozimo Taddei onunla bir damın altda yaşamış, onu öz ruhuna və baxışlarına uyğun tərbiyə eləmişdi. Başqa sözlə, Lina - bir növ onun əsəriydi. Hər şeyini, demək olar ki, hər şeyini bu qadın ilk ərinə borcluydu. Buna görə də o vaxtdan bəri hər şeyə onun gözüylə baxır, eynilə o rəhmətlik və unudulmaz Kozimo Taddei kimi fikir yürüdür, danışırdı.
Bəs elə isə o, görəsən niyə təkrar ərə getmişdi axı? Çünki Kozimo bu qadına öz vaxtında belə bir adi həqiqəti də aşılamışdı ki, göz yaşları hər hansı dərdin əlacı sayıla bilməz. Ölənlər geri dönən deyil, həyat isə öz axarıyla davam edir. Hər halda bu qadın dünyadan köçsəydi, elə Kozimo da təkrar evlənərdi, elə ona görə də…
Elə ona görə Bartolino da bundan belə öz xanımı kimi, ya da Kozimo Taddei kimi, yəni yenicə nikaha girmiş bu ər-arvadın ortaq müəllimi və ağsaqqalı kimi davranmalıydı. Heç nəyin fikrini çəkməməli, heç nədən ötrü dərdlənməməliydi. İmkan tapdıqca, vaxt var ikən deyib-gülməli, əylənməliydi o. Hətta Linanın məhz belə davranmasında da hər hansı pis niyyət yox idi.
Bütün bunları anlamaq olar, amma öz xanımını öpüb-oxşayanda belə Bartolino nə üçün onun kimi, yəni bir başqası kimi davranmalıydı axı? Yəni doğrudanmı o, bu qadında sırf özünəməxsus, fərqli duyğular oyada bilmirdi? Onu bu rəhmətliyin gözəgörünməz təsirindən bircə anlığına da olsa, çıxartmağa heçmi qadir deyildi ki?
Bartolino Fyerenço xanımına nisbətən fərqli həzzlər yaşamaq barədə düşüncələrə vaxtaşırı dalsa da, bunları gerçəkləşdirməyə onun cürəti çatmırdı.
Daha doğrusu, özü-özlüyündə o çox şeylər düşünüb tapırdı. Amma arvadının onun qəflətən pörtən sifətinə baxıb: «Nə olub sənə belə?» soruşması sonucu bütün cəsarəti harayasa qeybə çəkilirdi. Üzündəki küt ifadə ilə o, bunun cavabında «Mənəmi?» deyə soruşa bilirdi ancaq.
Toy səyahətlərindən dönəndə onlar qara xəbər aldılar: nikahlarının başlıca səbəbkarı olan Motta qəflətən vəfat etmişdi.
Vaxtilə Taddei rəhmətə gedəndə Ortenziya doğma bacısı kimi Linanın həmdərdinə çevrilmişdi. Ona görə də indi Lina öz rəfiqəsinə dayaq olmağa çalışırdı. Lina çiyinlərinə düşən bu mənəvi yükün çox da ağır olmadığından haradasa əmin idi. Əslinə qalanda, Ortenziya çox da dərdə-qəmə batmamalıydı. Düzdür, zavallı Motta quru, qabırğa birisi olsa da, xeyirxah adamdı. Həm də ki, arvadına nisbətən xeyli yaşlıydı.
Ona görə də rəfiqəsini dəfndən on gün keçməsinə rəğmən son dərəcə üzgün, dərdli görəndə Linanın təəccübünün həddi-hüdudu olmadı və o, düşündü: «Yəqin əri öləndən sonra o, pul sarıdan sıxıntı çəkir». Ehtiyatla rəfiqəsindən bəlkə bir şeyə ehtiyacı olub-olmadığını xəbər aldı.
Acı göz yaşları axıdan Ortenziya əlüstü belə yardımdan imtina elədi:
- Yox, yox! Amma… bilirsən də…
Deməli, Ortenziya gerçəkdən də ərinə yas saxlayırmış. Bax, bunu Lina heç cür anlaya bilməzdi. Ona görə də bu yöndəki şübhələrini Bartolino ilə paylaşma ehtiyacı duydu.
Çiyinlərini çəkərək heyrətlənən Bartolino bircə «Ah» deyə bildi. Öz ağıllı və məntiqli xanımının belə adi bir şeyi anlamaqda çətinlik çəkməsini görüb, çuğundur kimi pörtdü:
- Hər halda axı… onun əri ölüb…
Lina uca səslə:
- A-a! Əri! - dedi. - Rəhmətlik onun lap atası yerində idi ki!
- Bəyəm bunun özü yetərli deyil ki?
- Amma Ortenziya ondan heç atalıq qayğısı da görməmişdi!
Lina haqlı idi: heç nə ilə təskinlik tapmayan Ortenziya zülüm-zülüm ağlamağındaydı.
Nikahlarından üç ay ötməsinə rəğmən, Lina hər səfər birinci əriylə bağlı ağızdolusu söz salanda Bartolinonun necə sıxıldığı Ortenziyanın gözündən heç yayınmamışdı. Linanın ara vermədən, hər gün, hər saat rəhmətlik əri barədə həyatdakı birisiymiş kimi danışması və buna baxmayaraq təkrar ərə getməsi hələ də Bartolinonu heyrətləndirirdi. Bu barədə fikirlərini o, əmisi Anselmo ilə bölüşdüsə də, bu ahıl adam gənc qohumunu fikrindən daşındırmağa çalışdı və onu inandırdı ki, qadının səmimiliyini göstərən bu məqamlara görə qısqanclıq duyması yersizdir. Kozimo Taddeini unutmayan, onunla bağlı xatirələri diri tutan bu qadın ikinci kərə ərə getməyə razı olubsa, bu ona haqq verir ki, Bartolino ilə rəhmətlik əri barədə qorxusuz-ürküsüz danışa bilsin.
Əmisinin açıqlamaları Bartolinonu çox da qane eləməmişdi və Ortenziya bunu çox yaxşı bilirdi. Hətta toy səyahəti sonrası xanımının hədsiz səmimiyyətinin Bartolinonu daha çox rahatsız etdiyini də Ortenziya tam qətiyyətlə söyləyə bilərdi. Ona görə də Fyerençolar ona başsağlığı verməyə gələndə Ortenziya təsəlliyə möhtac olduğunu Bartolinoya daha çox göstərmə ehtiyacı duydu.
Dul qadının kədəri Bartolinoda necə dərin təəssürat oyatdısa, o, xanım Mottanın iztirablarının səmimiliyinə şübhə bəsləyən arvadına ilk dəfə təpinməli oldu.
Ona:
- Bəyəm öz ərin öləndə sən ağlamırdın ki?.. - dediyi zaman Bartolinonun üzü od tutub yanırdı.
Lina ərinin sözünü kəsdi:
- Məni bura qatma! Əvvəla, rəhmətlik ərim…
Bartolino cümləni onun əvəzinə tamamladı:
- Xeyli cavan idi.
Lina sözünə davam elədi:
- Bir də ki, hə, mən ağlayırdım, həqiqətən ağlayırdım.
Bartolino:
- Amma ağlayışın çox da yanıqlı deyildi? - soruşmağa cürət göstərdi
- Çox yanıqlıydı, çox… Amma sonradan ağlımı başıma topladım. İnan mənə, Bartolino, rəfiqəm isə canına gözgörəsi qəsd eləyir.
Amma Bartolino deyilənlərə inanmaq istəmirdi: xanımının sözləri Linanın özünə qarşı deyil, daha çox onun rəhmətlik əri Kozimo Taddeiyə qarşı cırnadırdı təzə ərini. İndi Bartolino tam əmin idi ki, birinci əri bu qadına öz mühakimələri ilə yanaşı, həyata baxış tərzini də aşılayıbmış. Özünəməxsus baxışlardan məhrum idi bu qadın. Bartolino düşünürdü: «Görünür, mərhum çox arsız birisiymiş». Bəyəm hər səfər qonaq otağına girəndə onun şəkildən Bartolinoya göz vurması bunu bir daha sübut etmirdi ki?
Ah, bu sözügedən portreti görmək Bartolinodan ötrü dözülməz işgəncəyə çevrilmişdi artıq: gözləri yağır olmuşdu ona baxmaqdan. Öz kabinetinə girəndə də hər addımda Kozimo Taddeinin xəyalı onu təbəssümlə salamlayır, sanki deyirdi: «Buyurun, buyurun, sıxılıb eləməyin! Əvvəllər bura mənim kabinetim idi. Hə, bunu bilirdiniz? İndi buranı özünüz üçün kimya laboratoriyasına çevirmisiniz, eləmi? Nə deyirəm, olsun! Onsuz da ölənlər geri dönən deyillər, həyat isə öz axarıyla davam edir».
Yataq otağına girəndə də Kozimo Taddei onu rahat buraxmır, öz yerini tutan bu adamı salamlayırdı: «Xoş gəlmisiniz! Evinizdəki kimi olun! Gecəniz xeyirə qalsın! Hə, necədir, arvadımdan məmnunsunuz? Mən… ona hər şeyi yerli-yataqlı öyrətmişdim… Onsuz da ölülər geri dönən deyillər, həyat isə öz axarıyla davam edir».
Yox, Bartolino artıq bütün bunlardan cana yığılmışdı! Həm arvadındakı, həm də evdəki hər şey, demək olar ki, hər şey ona bu rəhmətliyi xatırladırdı. Əvvəllər çox həlim xasiyyətli Bartolino indi əsəbi, dəymədüşər olmuşdu və bunu hər vəchlə gizlətməyə can atırdı. Arvadının oturuşmuş xasiyyətlərini tərgitməsi üçün o, bir müddət sonra özünü xeyli qəribə aparmağa da başladı.
Bədbəxtlik də burasındaydı ki, bütün bu xasiyyətləri Lina dul qalandan sonra mənimsəmişdi. Kozimo Taddei son dərəcə şux bir adam imiş, heç bir alışqanlığı yox imiş və bunların olmasını da istəmirmiş. Ona görə də Bartolino özünü qəribə aparmağa təzə-təzə başlayanda arvadı demişdi:
- A-a-a, Bartolino, sən də özünü eynilə o rəhmətlik ərim kimi aparırsan ha!
Amma Bartolino özünü məğlub birisinin yerində hiss eləmək istəmirdi. Xasiyyətinin ziddinə gedərək, az qala zorla yeni-yeni qəribəliklər sərgiləməyə başlamışdı o. Amma nə edirdisə, nə hoqqa durğuzurdusa, hər dəfə Linaya elə gəlirdi ki, o, yenə də əvvəlki ərini yamsılayıb.
Artıq onun bir çox davranışları Linanın könlüncə olsa da, bir gün Bartolino lap ruhdan düşdü. Yəqin artıq qadına elə gəlirdi ki, onun simasında təzədən öz əvvəlki ərinə qovuşub.
Özünün hər gün bir az artan qıcıqlarından qurtulmaq üçün o, xanımından açıq qisas almaq qərarına gəldi.
Əslində bu yolla o, arvadından daha çox Kozimodan intiqam almağı düşünürdü, çünki vaxtilə bu qadını öz əsarəti altına alan bu adam öləndən sonra da onu sərbəst buraxmamışdı. Xanımına xəyanət barədə fikir Bartolinonun beynində qəfil doğdu. Əslində bu ideya ona üstüörtülü şəkildə Ortenziya tərəfindən söylənmiş və aşılanmışdı. Hələ subay vaxtlarında Bartolinonu kimya çalışmalarından min bir hiylə ilə ayırmağa can atsa da, Ortenziyanın cəhdləri hər səfər uğursuzluğa düçar olmuşdu.
Axır ki, Ortenziya Mota öz qisasını aldı. Rəfiqəsini aldatmanın özü üçün guya xoş bir şey olmadığını göstərsə də, Ortenziya yenə də Bartolinoya eyhamla bildirdi ki, bu kişi hələ subay olanda Ortenziya… Sözün qısası, baş verən hər şey o vaxt qaçılmaz imiş.
Bunun niyə qaçılmaz olduğunu isə Bartolino heç cür anlamadı. Sadəqəlbli birisi olduğundan seçdiyi niyyətə belə asan nail olması onu təkcə ruhdan salmır, həm də alçaldırdı haradasa.
Xoşxasiyyət bir qoca kimi tanıdığı Mottanın otağında yalqız oturmuşdu indi o və vicdan əzabları içində qovrulurdu. Təsadüfən baxışları çarpayının yanındakı xalçanın üstünə düşən və işıldayan əşyaya sataşdı. Nəzər yetirincə, bunun qızıl medalyonlu boyun zənciri olduğunu sezdi. Yəqin ki, yataqdan qalxan Ortenziyanın boğazından açılıb düşmüşdü bu. Bartolino medalyonu yerdən qaldırıb, qadının dönüşünü gözləməyə başladı. Səbirsiz halda medalyonu əlləyərkən qəflətən onun qapağı açıldı… Açıldı və onu yerindəcə qurutdu. Medalyonun içində Kozimo Taddeinin xırdaca portreti var idi.
Arvadının rəhmətlik əri şəkildən ona baxır və həmişəki kimi dostyana qımışırdı.
Luici PİRANDELLO