Bağdad oğruları

Bir kəndli eşşəyinin belinə mi­nib Bağ­dada tərəf gedirmiş. Boy­nundan zınqırov asdığı keçisini isə iplə eşşəyinin quyruğuna bağlayıbmış.
Yol üstündə oturan üç oğru bu zavallı kəndlini soymaqda öz ba­carıqlarını göstərmək üçün mərc gəlirlər. Onlardan biri “Mən bu kəndçinin keçisini elə çırpışdıraram ki, heç ruhu inciməz” de­yir. Digəri dillənir: “Bundan asan nə var ki?! Mən onun altındakı eşşəyi də oğurlayaram”. Bunlara hava atmaq istə­yən üçüncü oğru isə kənd­­li­nin əynindəki paltarı oğurlayacağını həm­karlarına vəd edir.
Birinci oğru kəndlinin dalınca düşür və elə ilk imkan düşən kimi zınqırovu keçinin boğazından açıb, keçiylə birlikdə qeybə çə­kilir. Eşşək yeridikcə quyruğunu tərpətdi­yin­dən yolboyu zınqırov cin­gildəyir və kəndli elə sanır ki, keçi arxasınca gəlir.
Digər oğru dar bir dalanda kəndlini saxlayır və canıyananlıqla deyir: “Val­lah, əcəb qəribə adam­san sən! Biz gör­­­­müşdük ki, zınqı­ro­vu eşşəyin boğa­zından asarlar, sən isə onu eşşəyin quy­­­­­ru­ğu­na bağ­lamısan!”
Geriyə qanrı­lan kəndli keçisinin yoxa çıxdığının fərqinə varır və çığır-bağır, hay-haray salır, keçisini səsləməyə girişir.
Oğru onu:“Mən bayaq gör­düm ki, birisi keçi ilə birlikdə bax, o dalana girdi” deyə sakitləşdirir.
Ondan razılıq edən keçi sahibi deyir:
- Allah səndən razı olsun, ey xeyirxah insan! Bir yaxşılıq daha ey­lə: burada durub, mənim eşşəyimdən göz-qulaq ol, gedim keçi­mi o hərifdən alıb gətirim.
Oğru dillənir:
- Göz-qulaq olaram. Amma əldən-ayaqdan iti ol, çünki mən bu məhəllə məscidinin azançısıyam, azan vaxtına da lap az qalır.
Kəndli qarşıdakı dalanda gözdən itən kimi ikinci oğru eşşəyi ipin­dən çəkərək aparır. Kor-peşman geri dönən kəndli bayaqkı yer­də nə eşşəyini, nə də ki o “nəcib” insanı tapır. Bir az da irəli ge­­­­din­cə, üçüncü oğru onun qarşısında peyda olur. Quyunun kə­narın­da çömbələn oğru kəndlini görən kimi səsini başına atır. Kənd­­­li onun halına acıyaraq soruşur:
- De görüm, sənin başına hansı oyun gəlib? Mənim eşşəyimi də oğurlayıblar, keçimi də. Amma heç sənin kimi vay-şivən qopar­mıram…
- Əlimdə içi qızıl pullarla dolu bir müc­rü vardı. Bilmədim, onu bu qu­yuya saldım. İndi bilmirəm qorxudan evə hansı üzlə dönə­cə­yəm. Əgər quyuya enib, mücrünü oradan çıxartsan, bunun qarşı­lığında sənə on dənə qızıl dinar verərəm.
Daha itirəcək bir şeyi qalmayan kəndli paltarlarını soyunub, qu­yuya enən kimi oğru onun geyimlərini qoltuğuna vurur və aradan sivişir. Qu­yunun dibinə enən kəndli oradan dışarıdakı adama səslənir:
- Ehey! Burada mücrü-zad yoxdur!
Mücrü sahibindən bir cavab gəl­mə­yincə o, çarəsiz qalıb, bayı­ra çıxır. Paltarlarının oğurlandığını, özünün isə yarıçılpaq qaldı­ğı­nı anlayınca yerdən də, göydən də əli üzülür. Yerdən tapdığı bir çubuğu havada durmadan belədən-be­ləyə fırlatmağa başlayır. Ora­­dan ke­çənlər onun bu hərəkətinin məna­sı­­nı anlamadıqları üçün bunun səbə­bini xəbər alırlar. O da ca­va­bında qa­yıdıb bağ­dadlılara deyir ki:
- Bu yolla özümü soyğunçulardan qoruyuram. Bir az da belə get­sə, qor­xu­ram elə özümü də əlli-ayaqlı oğur­lasınlar!

 

Çatlaq güyüm

Bir adam öz mürşidinə bulaqdan gündəlik su daşıma qarşılığı ondan irfan elminin sirrlərini öyrənirdi. Hər gün çiyinlərinə aldığı ağacın iki ucuna bağlanan bir cüt güyümlə su daşı­yır­dı. Bu gü­yümlərdən biri çatlaq, digəri isə çatsız və nöqsansız idi. Elə buna gö­rə də bulaqdan kəndə gələnə qədər bu güyümlərdən çatlaq ola­nı yarıyacan boşalırdı. Digər güyümün su­yundan isə bir­cə zər­rə də əskilməzdi.
Düz iki il bu adam öz mürşidinə hər gün bulaqdan həmin güyümlərlə su da­şıdı. Hər sə­fər çiynində iki güyüm ol­sa da, mənzil başına çat­dır­­dığı su güyümyarımı aşma­dı. Aydın məsələdir ki, çatsız gü­yüm yolboyu su axıdan güyümə qarşı tənə və kinayə etməyindən qal­­mır­dı. Buna görə də öz nöq­sanından əziyyət çəkən gü­yüm gördüyü işin yarımçıq­lığını anlayıb, elə hey bunu özünə dərd edirdi.
Axır ki, dözməyib, ürəyindəkiləri öz sahibinə, yəni suçuya aç­dı:
- Bu nöqsanımın sənə zərər verdiyini anladığımdan gizlicə vic­dan əzabı çəkirəm. Odur ki, səndən səmimi üzrxahlığımı qəbul etmə­ni dilə­yi­rəm.
- Axı niyə? Niyə vicdan əzabı çəkirsən ki?
- Tam iki il boyu mən hər gün sən dolduran suyun yarısını yol­­­­da axıdıram. Bulaqdan mürşidinin evinə qədər uzanan yolbo­yu böy­rümdəki çat­dan su dışarıya sızır. Mənim ucbatımdan sənin gör­düyün iş də nöq­­­sanlı alınır, zəhmətin zay olur.
Bu köhnəlmiş güyümün belə incə ruha sahib olmasından xeyli təsirlənən sahibi dedi:
- Bunu özünə heç dərd eləmə. Yaxşısı budur, mürşidimin evinə aparan yol boyunca bitən o gözəl çiçəklərə diqqət yetir.
Yoldakı təpəyə qalxdıqları zaman çatlaq güyüm yolun ancaq bir cınahında al-əlvan güllərin bitdiyinin ilk dəfə fərqinə vardı. Bundan ürəyinə fərəh hissi doldu. Bir müddətə də olsa, dər­­dini unutdu. Amma elə ki, gəlib yolun sonuna çatdılar, içində­ki su­yun yarıbayarı azaldığını sezib, təkrar kədərləndi. Suçudan ba­ğış­lanmasını dilədiyində ondan be­lə cavab aldı:
- Əgər fikir verdinsə, bu yolun ancaq sən olan tərəfində gö­zox­şayan güllər, çiçəklər bitmişdi. Digər tərəfdə isə həmin gül­­lər­dən əsər-əlamət yox idi. Mən sənin çat verdi­yi­ni işin əvvəlindən də bilirdim, sadəcə olaraq bu iki il boyunca sənin nöqsanından ya­xşı mənada ya­rarlanmağa çalışdım. Bundan ötrü səni daşıdığım ci­nah boyu torpağa çiçək toxumları səpdim ki, hər səfər bulaqdan dö­nəndə sənin sayəndə onları sulama imkanı qazanım. İki il ər­zin­də yol kənarından topladığım o zərif çiçəklərlə mən hər gün ustadımın ma­sasını bəzədim, ona ən xoş hisslər aşıladım. Sə­nin var­lığın və bu çiçəklərin misilsiz gözəlliyi sayəsində o bö­yük insanın gözü-kön­lü bir az da işıqlandı, ömrünə-gününə rəng qatıldı.


Dərviş və tülkü

(Şeyx Sədi Şirazidən bir hekayət)

Sərgərdan bir dərviş günlərin birində yolda şikəst tülküyə rast­­l­a­yır. Ayaqsız olduğu üçün hərəkət edə bilməyən bu heyva­nın dolanışığını necə təmin etdiyi onda dərin maraq yaratdığın­dan tül­künü güdmək qərarına gəlir.
Təzəcə pusquya yatmışdı ki, haradansa bir aslan peyda oldu, ov­ladığı çaqqalın böyük qismini yeyəndən sonra artığını orada qo­yub getdi. Şikəst tülkü sürünərək ora yanaşdı, çaqqalın geriyə qa­lan parçalarını yeməklə qarnını doyurdu.
Bu ayaqsız heyvanın ruzisinin ayağına göndərildiyini anlayan dər­viş heyrətdən barmağını dişlədi: «Dilsiz-ağızsız heyvanın ye­mi­ni bir vasitə ilə çatdıran uca Yaradan mənim ruzimi də eynilə be­ləcə təmin edə bilər­sə, niyə bundan ötrü özü­­mü oda-suya vur­ma­lı­yam? Nədir bu mənim çəkdiklərim?» deyib, heç nə etmədən bir kün­cə çəkilmək qərarına gə­­­lir.
Əlini ağdan-qaraya vur­mayan dərviş dü­şü­nür ki: «Əgər bütün var­lıqların keçimini o gözə­gö­rünməz Allah öz üzərinə götürübsə, onda mən də, eynilə bu tül­kü kimi, bir tərəfdə oturub, öz hazır payımı gözləməliyəm».
O, yorulub usanmadan gözlədi, gözlədi, amma bununla heç nə də­yişmədi ki, dəyişmədi. Dərviş o dərəcədə arıqladı ki, taqətdən kə­sildi, bir dəri oldu, bir sümük. Aclıqdan, halsızlıqdan gözlərinin önü qa­ral­mağa başlayanda yaxınlıqdakı məs­cidin mehrabından yüksələn bir səs eşitdi: «Ey tənbəl dərviş! Ni­yə özünü o ça­rəsiz tülkü ilə müqa­yisə edib, «Allah­dan buy­ruq, ağzıma quyruq» şüarına tapın­mı­san?! Ni­yə belə sustalmısan? Niyə aslan­ların artığına göz dik­misən? Sənin aslanlardan nəyin əskik­dir? Gəl, sən də aslan ol, baş­qasının əlin­dən, ətəyindən asılan olma. Azad ol, asılı ol­ma. Qoy başqaları, yəni gerçək zavallılar və miskinlər sə­nin artı­ğı­nı yesin, sənə möhtac olsun. Gücü-qüvvəti, canı, sağlamlığı, əli-aya­ğı yerində olan birisi süfrələrin artığını yeməyi özünə necə sığışdırar? Dur o oturduğun yerdən, qollarını çırmala, iş ax­tar, öz alın tərinlə çörəyini və suyunu qazan. Özünü də, sənə möh­tac olan­ları da yedir-içir! Yardım etsinlər deyə başqalarına yal­var­ma, möhtac olma. Əksinə, gəl, səndən yardım umanlara ar­xa, dayaq ol, onlara yardım əlini uzat. Çünki Allah bəndələrinə yardım edən­­lər hər iki dünyada məsud olacaqlar. Unutma ki, ça­lışmayan insanın beyni yoxdur».

 

Dəlinin vəliyə məsləhəti

Sufiliyin böyük ustadlarından sayılan Bəyazid Bistami (tam adı Əbu Yəzid (və ya Bəyazid) Tayfur ibn-İsa əl-Bistamidir, 875-ci ildə vəfat edib - A.Y. ) bir gün dəlixananın önündən keçirmiş. Görür ki, dəlixananın xidmətçisi əlindəki həvəngdəstə ilə nə isə əzir. Ondan nə etdiyini xəbər alır. Xidmətçi bildirir ki, içəridə sax­lanan dəlilər üçün dərman ha­zırlayır. Bistami öz dərdinə də bir əlac qıl­ma­­sını xahiş elə­yəndə dəli­xa­na xidmətçisi ondan xəstəliyinin adını soruşur. Məş­hur vəli («müd­rik» de­mək­dir – A.Y.) Bistami günah xəstəliyinə tutulduğunu, çox günah iş­lədiyini bildirincə xidmətçi ona bu xəs­təliyin adını ilk dəfə eşit­di­yini və əlacını bilmədiyini açıqlayır. Onların söhbətini bar­maq­lıq vurulmuş pən­cə­rədən dinləyən bir dəli deyir:
- Bəri gəl, qardaş! Mən sənin xəs­təliyinin çarəsini bilirəm.
Gözləmədiyi birisindən dərdinə əlac tapan Bistami sevincək həmin pən­cərəyə yaxınlaşıb: «Dərdimin dərmanı nəymiş?» deyə soru­şur.
Dəli olduğu sanılan kəs bizim böyük müdrikə bunu məsləhət gö­rür:
- Tövbə köklərini istiğfar yarpağıyla qarışdır. Qəlb həvəng­dəs­təsində tövhid toxmağı ilə yaxşıca döyəndən sonra alı­nan qa­rışımı insaf ələyindən keçirt, göz yaşlarıyla yoğurub, eşq sobasın­da bişir… Gecə-gündüz bundan gen-bol ye­sən, xəs­təliyindən heç bir əsər-əlamət qalma­dığına şahid olacaqsan.
Belə gözəl dərmanı dəlidən öyrənən vəli özü-özünə dedi:
- Ey gidi dünya! Belə bir arifi «dəli» adıyla dəlixanaya salıb­lar­sa, mənim daha sənə deyəcək heç bir sözüm yoxdur.
Dəlinin ona tövsiyə elədiyi çarə bugünün özündə də günah­kar­lar üçün ən dəyərli dərmandır, çünki onun təsir gücü hələ də qüvvədə qalır.


Neyçinin köynəyi

Bir vaxtlar bu dünyada yaşayan bir padşahın dünya malından hər şeyi varmış: var-dövləti, taxtı-tacı, möhkəm sağlamlığı. Xanı­mı­­nı və övladlarını sevsə də, həyatda özü­nü heç xoşbəxt say­maz­mış. Elə buna görə də taxtında oturanda üzü gülməzmiş, hər şeydən narazı görünərmiş.
Bu da təbii sayılmalıdır: insanın bu fani dünyaya bağlılığı nə qə­­dər çox olarsa, onun içindəki mən daha çox ön plana çıxır, get­­dikcə qabalaşır, kobudlaşır. Onun bədbinlik duyğusu da bun­dan su içib, pöhrələnir. Bəxtəvər padşahlar barədə nağıllar, rəva­yət­lər də elə bundan dolayı çox azdır və ya heç yoxdur. Bəlkə elə bunun nəticəsidir ki, həm Budda, həm də Mahavira malik ol­duqları taxtı-tacdan, zənginlikdən kö­nül­lü əl çəkərək, dilənçi kö­­kün­də ya­şamağa üs­tün­lük tanıyıblar. Və mənəvi baxımdan bu hallarını, bəx­­­tiyarlıqlarını aşağıdakı sözlərlə ifadə ediblər: Bax, yalnız indi mən əsl səltənət sa­hibi oldum.
İçində gedən mənlik, şəhvət, ehtiras duyğula­rın­dan qalib çı­xan, içindəki təkəbbürlü məni yenən şəxs bütöv bir aləmin zər­rə­sinə çevrilmə haqqı qa­za­­nır. Özünü bir heçə çe­virən, hər şey­dən imtina edən birisi isə tamın, bü­tü­nün parçası olur…
Qayıdaq özünü bədbəxt sayan padşaha. O, qət elədi ki, xoş­bəxt olması üçün təcili tədbir görülməlidir.
Saray həkimini hüzuruna çağıraraq ona belə buyurdu: Mə­nim xoşbəxtliyə qovuşmam üçün hər şeyi et. Bunu bacarsan, səni dünya malından qəni edəcəyəm. Yox, əgər əlindən bir şey gəl­mə­­­sə, boynunu vurduracağam.
Həkimbaşı dərin fikrə daldı ki, neyləsin, başına haranın külü­nü töksün. Bir adamın başqa birisini bəxtəvərliyə qovuşdurması­nın və bunu necə etməsinin sir­ri, düsturu axı, heç yerdə, heç bir dəf­tər­-kitabda yazılmayıb. Am­ma o da var ki, pad­şahın gözü tamam dö­nüb. Vallah, haqqa-nahaqqa baxmaz, adamın başını bir göz qır­pımında göyə uçurtdurar.
Bu işə bir çarə tapmaq məqsədiylə həkim padşahdan sabaha qədər möh­lət istədi ki, qədim kitabları araşdırma imkanı qazansın.
Gecəni sübhə qədər ora-bura vurnuxdu, eşələmədiyi kitab qal­­­madı və ən nəhayət, belə qərara gəldi ki, bu işin son dərəcə asan həlli var.
Dəfələrlə oxuduğu, illərdən bəri gözünün nurunu qoyduğu tibb kitablarında yalnız mərəzlərlə bağlı çarələr var idi. Xoşbəxt­li­yə aparan yollar isə orada təs­vir olunmamışdı. Qibleyi-aləmin hü­zu­­­ru­­na gedərək ona bildir­di ki: Zati-aliləri! Xoşbəxt olmanız üçün si­zə həyatından, taleyin­dən razı birisinin köynəyini ge­yin­dir­­mək ye­tərliymiş. İndi əsas mə­sələ – belə bir bəxtəvəri tap­maq­­dır.
Belə asan çözümü eşidən padşah da xeyli heyrətləndi. Öz baş və­zirinə tapşırdı ki, təcili ölkəsinin ən bəxtəvər insanını tap­sın və onun köynəyini padşaha çatdırsın.
Saraydan çıxan baş vəzir ölkənin ən zəngin tacirinin evinə yol­­lanıb, ondan köynəyini istədi. Tacir heç düşünüb-daşınmadan dil­ləndi: Əgər məsələ köynəkdədirsə, sənə istədiyin qədər köy­nək verməyə hazıram. Padşahımızın yolunda köynək nə olan şey­dir, mən hər şeyimdən, hətta canımdan da keçməyə hazıram. Amma bir məsələ var ki, zənginliyimə baxma, mən özümü heç də Allahın xoşbəxt bən­də­ləri siyahısına aid eləmirəm. Bu çarəni mənə söylədiyin üçün sə­nə min bir təşəkkür borcluyam. Bədbəxtlikdən qur­tul­maqdan ötrü elə mən özüm də məmləkətin dörd bir yanına adam salaca­ğam ki, mənə xoşbəxt birisinin köynəyini tapıb gə­tir­sinlər.
Ondan ayrılan baş vəzir ölkənin bir sıra tanınmış adam­larının qapısını döysə də, onların da arasında bəxtəvər biri­si­ni bulmadı. Amma bir nəfər ona dedi: Ürəyini sıxma, mən bu miskin ölkədə ta­le­­­yindən razı birisini tanıyıram. Bəlkə elə sən özün də onu gör­mü­sən: o adam gecələr çayın kənarında oturub, aramsız ney ça­lır.
Baş vəzir dilləndi: Hə, hə, hərdən gecələr çayın sahilindən gə­­lən ney səsi özümdən xəbərsiz məni də ovsunlayır. Kimdir o çal­ğı­çı? Onu necə tapım?
Adam dedi: O, hər gecə eyni yerdə oturur. Gecə yarısı gedib, birlikdə onu oradaca yaxalayarıq.
Sözləşdikləri kimi gecə yarıdan keçəndə onlar çayın kənarın­da gö­rüş­dülər. Neyçi öz aləminə qapılaraq, yanıq­lı və gözəl me­lo­diya­larla kö­nülləri əfsunlamağında idi. Çaldığı musiqi necə ürə­­yə­­ya­tımlı və şux idisə, bir-iki dəqiqə ərzində baş vəzir də içində bir yün­gül­ləşmə, fə­rəh və könülxoşluğu hiss elədi. Özü-özünə sevinərək: Bunu çalan adam mütləq dünyanın ən xoşbəxt adamı olmalı­dır. Ən nəhayət, ax­­tardığımı tapdım! dedi.
Neyçalana yaxınlaşıb soruşdu: De görüm, xoşbəxtsənmi?
Musiqiçi arxayınlıqla dedi: Əlbəttə ki! Dünyanın dərddən-qəm­dən uzaq tək sakini varsa, o da mənəm! Bunu niyə soru­şur­su­nuz ki?
Baş vəzir göydə axtardığını yerdə tapdığı üçün sevincdən qa­nad taxmışdı, az qalırdı uçsun. Səbirsizlənərək dedi: Mənə sə­nin köynəyin lazımdır, köynə­yin!
Amma neyçi bunun cavabın­da susdu. Ondan bir cavab gəlmə­di­yini görən vəzir dedi: Ni­yə mumladın elə? Köynəyini çıxart, ver mənə. Onu padşahımıza ərməğan edəcəyəm, çünki indi qibleyi-aləm sənin tək gerçək bir bəxtəvərin köy­nəyinə möhtacdır.
Neyçalan dedi: Məndən imkandışı bir şey istəyirsən. Mənim əynimdə köynək nə gəzir? Bu qatı zülmətdə göz-gözü görmədiyin­dən sən mənim əynimdə paltar olub-olmadığını seçə bilmirsən. Mən lüt-ürya­nam. Mən indi sənə nəinki köynəyimi, hətta canımı da qurban ve­rərdim. Amma neyləyim ki, əynimdə elə əynimdir.
Baş vəzir heyrətlə xəbər aldı: Bəs onda sən nədən belə xoş­bəxt­sən axı? Bu çarəsiz durumda səni xoşbəxt edən nədir elə?
Bir müddət susan neyçi dedi: Sonuncu köynəyimi və bütün qa­­lan var-yoxumu itirdiyim andan mən dünyanın ən bəxtəvər in­sa­nı oldum. Mənim gerçəkdən də heç nəyim yoxdur. Mən dünya malından da, özün­dən də keçmiş birisiyəm. Amma bu neydə çaldığım musiqi vasi­tə­siylə mən bütün kainatın birliyini, harmoniyasını əks etdirirəm. Ona görə xoşbəxtəm ki, mən - heç kiməm, mən - heç nəyəm…

 

Azad Yaşar Sufizm
SUFİZM hekayətləri 

Azad Yaşar Sufizm

Azad Yaşar Sufizm
Azad Yaşar Sufizm
Azad Yaşar Sufizm

Bağdad oğruları

Çatlaq güyüm

Dərviş və tülkü

Dəlinin vəliyə nəsihəti

Neyçinin köynəyi