Təbiətşünaslıq dərsi
İstənilən savadlı insana məlumdur ki, tropik bölgələrdəki bəzi şəhərlər öz misilsizliyinə görə Qərbin ən inkişaf etmiş şəhərlərindən zərrəcə geri qalmır.
Lakin təcrübə göstərir ki, bütün təfərrüatları bitdə-bitdə öyrənmədən bu cür qənaətlərə gələrkən tələsmək yersizdir. Sözügedən məsələyə fərqli cəhətdən yanaşmaqdan ötrü mən indi sizə olmuş bir əhvalatı danışmaq istəyirəm.
Bir dəfə, hansısa qayğılardan yaxamı qurtarıb, dincəlməkdən ötrü tropik şəhərlərdən birinə yollandım. Bu – yolları asfaltla döşənən, hər tinində svetoforlar qurulan, amerikansayağı göydələnlərlə dolu, hər küçəsində polisə rastlanan, dəqiq qrafik üzrə işləyən tramvaylara və hər dinə xas ibadətxanalara malik bir şəhər idi.
Ən müasir dəbli, yəni betondan və şüşədən tikilən bir binada özümə mənzil tutdum. Ev sahibim fəxrlə mənə bildirdi ki, buradakı tualet və vanna otaqlarının avadanlığı hansısa məşhur bir firmanın ən son kataloquna uyğun seçildiyi üçün hər cür tərifə layiqdir.
Belə görünürdü ki, bu mənzildə mən özümü lap cənnətin qoynunda hiss edəcəyəm. Ancaq əsla belə olmadı. Elə ilk gündən mənzildəki bütün dəlmə-deşiklərdən içəri cürbəcür iyrənc həşəratlar doluşmağa başladı. Məni acgöz baxışlarla süzən bu canlılar nə vaxt yuxuya gedəcəyimi səbirsizliklə gözləyirdilər ki, üstümə cumub, ora-buramı dişləsinlər. Amma mənzildə bu cür yaramaz məxluqlardan qorunmaq üçün müasir sənayenin durmadan istehsal elədiyi növbənöv kimyəvi vasitələr də vardı, bu səbəbdən mən rahat yata biləcəyimə zərrəcə şübhə bəsləmirdim.
Amma səhərisi gün mən ayaqlarımın həndəvərində cürbəcür qurdların süründüyünə şahid oldum, daha sonra siçovullar, gecələr mənim üçün solo konsertlər verən tropik mənşəli hansısa sürünən məxluqlar, əqrəblər, çağaların qulaqlarını gəmirən, əlinə başqa yem keçməyəndə heç böyüklərin də qulaqlarından imtina eləməyən təhlükəli mimeola-alleuquis, bəyaz ağcaqanadlar və sair və ilaxır peyda oldu. Bir sözlə, bütün bu qəribə varlıqlardan hansınınsa naxoş baxışını öz üzərimdə hiss elədiyim an mən tutduğum bu mənzildə artıq özümü çağırılmamış qonaq yerində hiss etməyə başladım. Amma bizim, yəni avropalıların, necə insanlar olduğumuz da hər kəsə bəllidir. Heç kəsin qabağından qaçmayan, dediyində qətiyyətlə duran və öz tərs xasiyyətindən əl çəkməyən tiplərik biz. Hər şeyə rəğmən, mən bu məxluqlarla axıra qədər vuruşmaq barədə qəti qərar qəbul elədim və əlimdəki dəyənəklə səhərdən ta axşama qədər otaqlarda var-gəl eləməyə başladım. Hələ bəzən növbəti iyrənc məxluqu gizlicə pusmaqdan ötrü qaranlıq künclərə çəkilməyə də məcbur qalırdım.
Ancaq bir dəfə - deyəsən, çərşənbə günü idi – mətbəxə girəndə orada bir pələnglə rastlaşdım. Hə-ə, bax, bu yerdə mənim mələklərə xas səbrim daşdı, nə daşdı. Yəqin siz də razılaşarsınız ki, bu, lap ağ idi.
Başılovlu halda pilləkənlərlə enib, əlüstü özümü qapıçı xanıma çatdırdım.
- Mənim mənzilimdə pələng var!
Qadın dedi:
- Bu necə ola bilər?! Hər ilkindən daha erkən deyilmi ki, bu?..
- Daha erkən imiş? Doğrudanmı?
Tövrünü pozmayan qadın sözünə davam elədi:
- Hə. Adətən yağışlar mövsümü başlanan zaman hamilə pələnglər mənzillərə sığınırlar ki, öz balalarını südlə rahatca yemləyə bilsinlər. Siz ana pələngə toxunmasanız, onun da sizinlə bir işi olmaz. Yaxşısı budur, ümumiyyətlə, onu görməməzliyə vurun, ən vacibi isə odur ki, bilmədən, istəmədən onu tapdalamayın. Bilməmiş olmazsınız, vəhşi heyvanlarla xoş davrananda onlar əhliləşmiş həmnövlərindən heç nə ilə fərqlənmirlər.
- Doğrudan?
- Özünüz də bunu görəcəksiniz. Düzdür, bala pələnglər doğulacağı zaman müəyyən narahatlıqlar yaşaya bilərsiniz, ancaq həmin vaxtı siz özünüz də dəqiq hesablaya, təyin eləyə bilərsiniz. Elə ki o önəmli məqam yetişdi, siz iki günlüyə qonşu otelə daşınarsınız. Həmin günlərin pulu isə ödəniş məbləğinizdən mütləq çıxılacaq.
İçimi qaranlıq şübhələr gəmirirdi və mən könülsüz halda mənzilimə qalxmalı oldum. Tam qapıya çatdığım an qapıçı qadının verdiyi son tövsiyələr qulağıma dəydi:
- Lap unutmuşdum ha. Mətbəxin döşəməsinə mütləq həsir sərin və sizdən bir ricam daha olacaq: hər ehtimala qarşı orada bir vedrə suyu həmişə hazır tutun.
Pere KALDERS
İspaniyanın öz tarixi və ədəbi ənənələri ilə məşhur bölgəsi Kataloniyanın ən məşhur yazarlarındandır. O, həm də jurnalist və karikatura rəssamı kimi də tanınıb.
29 sentyabr 1912-ci ildə Barselonada dünyaya göz açıb. İspaniyada Vətəndaş müharibəsi başlananda onun 24 yaşı olub və “İlk arlekin” adlı hekayələr kitabı yenicə işıq üzü görübmüş. Respublikaçılar tərəfdə döyüşlərdə yaxından iştirak edən Pere əsir düşsə də, Prats-de-Molyodakı ölüm düşərgəsindən qaça bilir. Bir müddət sonra Kalders əvvəlcə Fransada, daha sonra isə okeanın o tayında, Meksikada peyda olur. 23 il sərasər yaşadığı bu ölkədə yazdığı əsərlərdə onun necə dərin vətən həsrəti çəkdiyini sezmək heç də çətin deyildir.
1955-ci ildə çap olunan “Gizli reallığın şahidliyi” adlı hekayələr kitabıyla o, özünün artıq yetkin bir nasir olduğunu isbatlayıb. Bunun ardınca çıxan “Uca dağların sakinləri” və “Sabah, sübh saat üçdə” adlı kitabları isə yazarın şöhrətini bir az da artırıb. 1963-cü ildə dogma vətəninə döndüyü zaman dogma oxucuları onu artıq İspaniya ədəbiyyatının tanınmış bir ustadı kimi, yəni dərin hörmətlə qarşılayıblar.
Sonrakı illərdə İspaniyanın bir sıra nüfuzlu ədəbi mükafatlarına layiq görülən Kalders 21 iyul 1994-cü ildə Barselonada vəfat edib.