Üst dünyanın qavalı
(hekayə)
Yükləmək üçün tıqlayın ust_dunyanin_qavali.doc
Tambura girən polis
gözucu Tanya və Maşanı süzüb, baxışlarını küncə yönəltdi və heyrət dolu nəzərləri
orada oturmuş qarıya ilişib qaldı.
Qarının həqiqətən də əcayib görünüşü vardı. Yeməkxanalarda satılan üçgünlük
yuxa kimi bürüşük, monqolsayağı tabaq sifətinə görə ona hər hansı yaş vermək
imkansızdı və bunun səbəbi heç də qadının gözlərinin dəri lentlər, biser düzülü
saplar altında gizlənməsindən qaynaqlanmırdı.
Havanın istiliyinə rəğmən, qarı başına xəz papaq qoymuşdu, papağın üstü dəridən
üç enli zolaqla bəzənmişdi, alnını və boyun qismini örtən, qarının üzünə,
çiyinlərinə və sinəsinə qədər düşən bu dəri zolaqların birindən insan fiqurları,
qavalcıqlar və toqqalar asılmışdı. Digər iki zolaq isə qadının dingə yerində
saçına taxılan toqqa ilə ağız-ağıza birləşdirilmişdi. Uzunboğaz quş biçimində
hazırlanmış bu metal toqqanın köntöy bir usta əlindən çıxdığı adamda heç şübhə
doğurmurdu.
Qarının əynindəki gen-bol paltar maral dərisindən kəsilmiş ensiz zolaqlardan
tikilmişdi, üzəri dəri lentlər, gözqamaşdırıcı yastı muncuqlar və sonsuz sayda
dekorativ zınqırovlarla bəzənmişdi. Qatar hər səfər ləngər vuranda onlardan
ətrafa xoş zınqırtı yayılırdı. Bütün bunların yanısıra, qarının paltarına
- nə işə yaradığı bir Allaha bəlli olan - xeyli xırda-xuruş - məsələn, tinləri
diş-diş dəmir saat əqrəbləri, bir cüt "Şərəf Nişanı" ordeni, üzərində
ağızsız insan maskaları qabardılmış tənəkə parçaları - taxılmışdı. Sağ çiynindəki
Georgi lentindən isə bir cüt iri və paslı mismar sallanırdı. Əlində tutduğu
uzunsov qaval da bir xeyli zınqırovla süslənmişdi, digər qavalı isə qadının
üzərində oturduğu tutumlu tennis çantasından boy göstərirdi.
Polis icraata keçdi:
- Sənədlərinizi göstərin.
Qadın bu sözlərə zərrəcə təpki göstərmədi. Tanya dilləndi:
- O mənimlədir, elə bir sənədi də yoxdur. Rusca isə tək kəlmə də anlamır.
Tanya bunu elə ərinə-ərinə söylədi ki, eyni sözləri gündə bir neçə kərə təkrarladığını
səsindən sezmək çətin deyildi.
- Deməli, sənədi yoxdur?
- Üstündə sənəd daşımaq bu ahıl qadının nəyinə gərəkmiş, axı? Onun sənədləri
Moskvada, Mədəniyyət Nazirliyindədir. Bura da folklor ansamblla gəlib.
Polis: - Bəs onda bu nə görkəmdi belə? - soruşdu.
Tanya cavabında: - Milli kostyumlarıdır, - dedi, - özü tanınmış maralçıdır.
Ordenləri də var. Onları, odur ey, zınqırovların sağından taxıb.
- Buralar sizin üçün tundra deyil. Bu, ictimai asayişi pozmaq kimi dəyərləndirilir.
Tanya səsini başına atdı:
- Hansı-hansı asayişi? Siz burda guya nəyi qoruyursunuz ki? Tamburda göllənən
sidiyi? Yoxsa ondan qalxan qoxunu?
Bunu deyərkən o, başıyla o biri üzündən sərxoşların çığır-bağırı gələn vaqon
qapısını göstərdi.
- Adam belə vaqonda yol getməkdən də üşənir, siz isə qayda-qanun yaratmaq
yerinə, durub ağbirçək qadından sənəd tələb edirsiniz.
Polis şübhə ilə Tanyanın "ağbirçək" adlandırdığı məxluqu bir də
süzdü - tamburun bir küncündə lal-dinməz oturan, vaqonla birlikdə arada ləngər
vuran qarının özüylə bağlı bayaqdan qopan bu həşirdən heç tükü də tərpənmirdi.
Görkəmi əcayib olsa da, onun çəlimsiz vücudundan ətrafa nə isə bir dinclik
və rahatlıq yağdığından idi ki, ona bir müddət göz qoyan leytenant yumşaldı,
anlaşılmaz bir hədəfə gülümsədi və kəmərindən asılmış zopa boyunca sol yumruğunun
alışılmış var-gəli gözgörəsi yavaşıdı. Sonra xəbər aldı:
- Adı nədir?
- Tıymı, - cavab Tanyadan gəldi.
Vaqonun ağır qapısını yana doğru açan polis:
- Yaxşı. Amma baxın ha… - dedi.
Qapı polisin ardınca örtüldü və bayaqdan vaqondan yüksələn hay-küy də bir
az yatdı. Elektrik qatarı dayandı və qızların gözləri bir neçə dəqiqəliyinə
donqar asfalt örtüklü perrona zilləndi, bir az irəlidə isə müxtəlif boyda
və çapda borular fonunda görünən bomboz binalar görüntüyə girdi ki, bunların
da bəzi boruları təmbəl-təmbəl tüstüləyirdi.
Qapılar bağlanınca dinamikdən ucalan soyuqqanlı qadın səsi elan etdi: "Krematovo
stansiyası. Növbəti stansiya - 43-cü kilometr."
Tanya soruşdu: - Bizimkidir?
Maşa başıyla təsdiqləyərək, bayaqkı kimi bir küncdə qaxılmış Tıymıya göz atıb
xəbər aldı:
- Çoxdan birgə işləyirsiniz?
Tanya: - Üçüncü ildir, - dedi.
- Canını boğazına yığmayıb ki?
Tanya: - Yox, canım, quzu kimidir. Bütün günü, bax, eynilə beləcə mətbəxdə
oturub televizor seyr edir.
- Gəzməyə də çıxmır?
- Yox, çıxmır. Arabir balkonda yatır.
- Bəs ona necə, belə şəhərdə-filan yaşamaq görən ağır deyil ki?
- İlk vaxtlar ağır idi, sonradan alışdı. Şəhər mərkəzində ruhlar çox olur.
Qarı da əvvəl-əvvəl gecələri qaval çalır, gözəgörünməz varlıqlarla qovğa edirdi.
İndi isə onları artıq ram edib, canla-başla bunun qulluğunda dururlar. Çiynindən
asdığı o bir cüt mismarı görürsən də? Onlar bu qələbənin rəmzidir. Bununla
belə, fişəng atılanda o, hələ də qaçıb vanna otağında gizlənməyini tərgitməyib.
"Qırx üçüncü kilometr" stansiyasının perronu öz adını tamam-kamal
doğruldurdu. Adətən dəmiryol stansiyaları irili-xırdalı insan məskənlərinə
yaxın olur. Burada isə kərpicdən hörülmüş bilet köşkündən başqa heçcə nə gözə
dəymirdi və elə ona görəydi ki, çarəsizlikdən bu dayanacağa, sadəcə elə Moskvaya
qədər olan uzaqlığına uyğun ad qoymuşdular. Məhəccərin o biri üzündən başlanan
meşə göz gördüyünə uzandığından perronda gözə dəyən iki-üç dılğır sərnişinin
buralara niyə gəlib düşdüyü də adama müəmmalı gəlirdi.
Çantasının ağırlığından ikiqat olsa da, Maşa qabağa düşdü. Ardınca gələn Tanyanın
çiyninə keçirdiyi çanta da heç yüngülə oxşamırdı. Ən arxada isə öz zınqırovlarını
cınqıldadaraq yeriyən və yerdəki yağış gölməçələri üzərindən adlayanda paltarının
ətəklərini qaldıran Tıymı gəlirdi. Ayaqlarında biserlərlə bəzənmiş, gen dəri
corablar, ayaqqabı əvəzinə isə göy rəngli, Çin malı kedlər gözə dəyirdi. Bir
neçə yol dönüb, zənnlə baxandan sonra Maşa, Tıymının sol corabına tikilən
şeyin zəngli saat siferblatı, sağ ayağındakı coraba taxılanın isə unitaz zəncirindən
sallanan və az qala yerlə sürünən mal dırnağı olduğunu fəhm elədi.
- Bura bax, Tanya, - deyə qısıq səslə soruşdu, - bəs bu mal dırnağı nədən
ötrüdür?
Tanya: - Alt Dünyada batıb-qalmamaqdan ötrüdür, - dedi. - Axı, orada hər şey
xirtdəyəcən çirkab içindədir.
Siferblat haqda da nə isə öyrənmək istəyən Maşa nədənsə fikrindən vaz keçməli
oldu.
Perrondan meşəyə qədər salınmış rahat asfalt yolun hər iki cinahı boyu sıra
ilə qocaman tozağacları ucalırdı. Haradasa bir üçyüz-dördyüz metr gedəndən
sonra ağacların əkilişindəki bu səliqə-sahman da, elə asfalt yolun özü də
harayasa qeybə çəkildi və ayaqlar altda isə artıq palçıq fırçıldamağa başladı.
Maşa özlüyündə düşündü ki, görünür, nə vaxtsa buralara yiyəlik edən birisi
meşənin içiylə asfalt yol salınması haqda göstəriş veribmiş, salınan bu yolun
bir yana gedib çıxmayacağını zamanla anladıqları üçün, yəqin ki, yol inşaatı
fikrindən daşınıblar. Bunları düşününcə, Maşanın qəlbinə kədər çökdü, çünki
o özü də vaxtilə - iyirmi beş il əvvəl - kiminsə istəyi ilə bu dünyaya göz
açmışdı, o vaxtdan bəri keçdiyi ömür yolu da bir növ elə bu asfalt yola bənzəyirdi
- yəni ömür yolunun da başlanğıc qismi dübbədüz və hamar idi, burada yolçunu
adi həqiqətlər müşayiət edirdi, sonrakı hissədə isə yuxarıda oturanlar qızın
varlığını yerli-dibli unutduqlarından uğurlu başlanmış bu yol, əyri-üyrü və
haralara aparıb çıxardığı sirrə dönən bir cığıra çevrilmişdi.
İrəlidəki tozağacının budağına bağlanmış lenti görən Maşa: - Bax, burdan sağa,
meşəyə girəcəyik, - dedi. - Daha beş yüz metr yolumuz qalır.
Tərəddüdə qapılan Tanya: - Yola tamam yaxınmış. Onun yaxşı qorunacağına şübhələrim
bir az da artdı, - dedi.
Maşa onu arxayın etmək üçün:
- Əşşi, buralarda kimdi gəzib-dolaşan? - dedi. - Heç sən deyən gözə də çarpmır.
Həm də ki, meşənin düz yarısı tikanlı məftillə çəpərlənib.
Gerçəkdən də, az keçməmiş rastlarına tikanlı məftillər sarınmış alçaq beton
dirək çıxdı. Bunun ardınca daha bir neçə dirək gördülər - bunlar çoxdan basdırılmışdı
və kollar dirəklərin ətrafını elə sıx sarmışdılar ki, bir addımlığına getməsən,
onları seçə bilməzdin. Qızlar səssiz-səmirsiz tikanlı məftillərin yanıyla
irəliləyirdilər. Bir sonrakı nişanəyə - kol budağına bağlanmış ağ lentə -
yetişəndə Maşa ayaq saxlayıb:
- Buradadır, - dedi.
Həmin yerdə keçid yaratmaq üçün bir neçə sıra tikanlı məftil yuxarı dartılmış
və biri-birinə burulmuşdu. Maşa ilə Tanya bu yerdən asanlıqla içəri daldılar,
Tıymı isə nədənsə buradan dalı-dalı sürünərək girməyi tərcih etdi, paltarı
məftilə ilişdiyindən həmin bu keçiddə dəbələnib durduğu üçün zınqırovların
şikayət dolu zınqırtıları bir müddət qızların baş-qulağını apardı.
Məftil çəpərin o biri üzündə meşə elə əvvəlki şəkliylə uzanırdı, buralara
illərdən bəri insan əl-ayağı dəyməmişdi. Maşa indi daha inamlı irəliləyirdi
və bir neçə dəqiqə sonra ətəyində kiçik bir bulağın çağladığı yarğanın kənarına
yetişib:
- Gəlib çatdıq, - dedi, - bax, o kolluqdadır.
Tanya aşağılara göz gəzdirdi:
- Görəmmirəm.
Maşa əliylə də göstərməli oldu:
- Odur ey, o quyruğudur, bu da ki, qanadı. Gəl gedək, irəlidə cığırla enərik.
Tıymı aşağı enmədi, Tanyanın çantasının üstündə oturub, kürəyini ağaca söykədi
və beləcə donub qaldı. Qızlar isə budaqlardan yapışaraq, palçıqda sürüşə-sürüşə
yarğanın dibinə qədər endilər.
Maşa yarıpıçıltıyla xəbər aldı: - Tanya, bəs o necə, buralara baxmayacaq ki?
Bəs onda bunu necə başaracaq?
Kolluğa göz gəzdirən Tanya: - Sən rahatsız olma, - dedi, - o, öz işini yaxşı
bilir. Amma, doğrudan da, qarı nənə yaxşı qalıbmış ha.
Kolluqda qurumuş qan rəngində çox köhnə bir şeyin qaraltısı gözə dəyirdi.
İlk baxışda təxmin etmək olardı ki, bu, ömrünün son dövründə xaçpərəstliyin
bilinməz bir məzhəbini qəbul etmiş köçəri bir tayfa başçısının gömüldüyü kurqandır.
Əslində isə, uzun və dar təpəcikdən çəpəki şəkildə çıxan və əyilmiş xaça bənzəyən
bu enli, əyri-üyrü metal konstruksiyada havada vurulub yerə düşən təyyarənin
gövdəsindən qopmuş quyruğunu tanımaq bir elə də çətin deyildi. Təyyarənin
gövdə (=füzelyaj) hissəsi tamamən torpağın altında idi, ondan bir neçə metr
irəlidə, qoz ağacının həndəvərindəki çəmənlikdə isə qanadların konturları
sezilirdi. Qanadların birinin üstündəki qara xaçın toz-torpağını isə kimsə
silib təmizləmişdi.
Maşa sükutu pozdu:
- Mən bir albomla tutuşdurmuşam, bu, qırıcı "heynkel"ə bənzəyir.
Albomda bunların vur-tut ikicə modeli verilmişdi - birisində əsas gövdənin
altında otuz millimetr çaplı pulemyot vardı, o birisində isə daha nə isə.
Xatirimdən çıxıb. Bir də ki, bizim üçün bunlar əhəmiyyətsizdir.
Tanya soruşdu:
- Kabini açmamısan?
Maşa: - Yox, - dedi. - Təkbaşına cürət eləmədim.
- Bəlkə heç orda kimsə yoxdur?
- Elə şey olar?! Axı, ön şüşə salamatdır. Özün bax da.
Tanya irəli getdi, bir neçə budağı araladı və şüşənin üstündə illərdən bəri
birikmiş çürüntü qatını əliylə sıyırıb atdı.
Sonra əyilərək üzünü tam şüşəyə yaxınlaşdırdı. Şüşənin arxasında mayeni xatırladan
bir şey qaralırdı. Rəfiqəsindən:
- Neçə nəfər imişlər bunlar? - soruşdu. - Əgər bu qırıcıdırsa, deməli, aralarında
nişançı da olmalıdır, eləmi?
Maşa: - Nə bilim, - dedi.
- Nə isə, bunu Tıymı özü dəqiqləşdirər. Hayıf ki, ön şüşə salamatdır. Əgər
indi burdan bir çəngə saç, ya da bir sümük qırığı əldə etsəydik, işimiz bir
xeyli asanlaşardı.
- Bunlarsız heç ötüşmək olmaz ki?
- Olar ey, amma çox vaxt itirəcəyik. Hava da qaralmağa üz qoyub, - dedi Tanya.
- Gedək çıl-çırpı yığaq.
- Bunlar işimizin keyfiyyətini etkiləməz ki?
- "Keyfiyyət" nəmənə şeydir? - soruşdu Tanya. - Burda hansı "keyfiyyət"dən
danışmaq olar axı?
Çırthaçırtla yanan tonqalın şöləsi, buludlarla örtülü axşam səmasının işığından
daha artıq idi. Bu ara çəmənə düşən kölgəsinin qəflətən oynaqlaşdığını sezən
Maşanın içini çaşqınlıq hissi bürüdü, çünki kölgəsi - öz sahibinə nisbətən
- indi özünü xeyli sərbəst hiss edirdi. Qız bununla yanaşı, onun da fərqinə
vardı ki, əynindəki şəhərdəbi don burada adama düşük təsir bağışlayır. Tıymının
geyimi isə - gün ərzində qarşılarına çıxanlarda nə qədər heyrət doğursa da
- tonqalın artıb-azalan şöləsində qıza, insan əyninə biçilmiş ən rahat və
ən doğal paltar kimi görünürdü.
Tanya dilləndi:
- Hə, bir azdan başlayacaq.
Maşa pıçıltıya keçdi: - Bəs nəyi gözləyirik ki?
Tanya da pıçıltıyla cavab verdi:
- Səbr elə, o, öz işində ustadır. Həm də ki, indi onu dindirməsək yaxşıdır.
Maşa rəfiqəsinin böyründə yanını yerə qoyub:
- Adamı lap vahimə basır, - dedi, gödəkçəsinin ürəyinə tuş gələn qismini ovuşdurdu.
- Hələ çox gözləyəcəyik?
- Nə bilmək olar. Hər dəfə bir cür alınır. Məsələn keçən il…
Maşa səksəndi. Talanı titrədən boğuq qaval səsi yavaş-yavaş sonsuz sayda zınqırovların
zınqırtısı ilə əvəz olundu.
Ayaq üstə durub önə sarı əyilən Tıymı yarğan kənarındakı kolluğa marıtlamışdı.
Qavalına bir yol da vurandan sonra o, saat əqrəbinin tərsi istiqamətində talada
iki kərə dövrə vurdu, inanılmaz çevikliklə divar kimi hündür kolluğun üstündən
hoppanaraq yarğanı tərk etdi. Aşağılardan Tıymının ağrı və şikayət dolu çığırtısını
eşidən Maşa, qarının hər halda ayağını qırdığını zənn elədi. Tanya isə özünə
təskinlik məqsədiylə ancaq gözlərini yumdu.
Yarğandan gələn qaval və mırıltı səsləri getdikcə artdı.
Sonra araya sükut çökdü və Tıymı kolluqdan zühur etdi. Artıq onun ağır hərəkətlərindən
gizli bir təntənə oxunurdu. Talanın ortasına yetişən qarı ayaq saxladı, əllərini
göyə qaldırmaqla qavalı ritmik tərzdə döyəclədi. Hər ehtimala qarşı Maşa gözlərini
təkrar yummağı uyğun bildi.
Bu ara qavalın səsinə daha bir səs qoşuldu - bu səsin nə vaxt peyda olduğunu
və nədən çıxdığını Maşa əvvəlcə heç cür kəsdirə bilmədi. İlk başda elə zənn
elədi ki, bu səs naməlum simli alətdən yayılır, amma sonradan anladı ki, bu
zəhmli və boğuq səsi Tıymı çıxarır.
Adama elə gəlirdi ki, bu səs, elə özünün yaratdığı fəzadaca yayılır və həmin
fəzadakı digər obyektlərlə toqquşandan-toqquşana Tıymı nisbətən sərt, qırtlaq
səsləri çıxarmağa məcbur olur. Özündən ixtiyarsız Maşa bu səsi, sualtı aləmin
qaranlıq dibini darayan və rastına çıxan hər şeyi alıb-aparan torla müqayisə
etdi. Qəflətən Tıymının səsi nəyə isə ilişib qaldı - Maşa hiss etdi ki, hər
nə qədər çaba göstərsə də, qarı bu nəsnənin caynağından qopa-qurtula bilmir.
Maşa gözlərini açanda Tıymını tonqalın yaxınlığında duran gördü. Qarı hələ
də öz əlini boşluğun gözəgörünməz caynağından xilas etməyə can atırdı. Olan
gücüylə dartsa da, boşluq onun əlini bir türlü buraxmırdı.
Təhdidkar bir tövrlə Tıymı: - Nilti doqlonq, nilti camay! - dedi.
Boşluğun da buna qarşılıq Tıymıya nə isə cavab qaytardığını Maşa aşkarca hiss
elədi.
Qəhqəhə çəkən Tıymı qavalını silkələyərək:
- Nein, Herr General, - dedi, - das hat mit İhnen qar nicht zu tun. İch bin
hier weqen ganz anderer Anqeleqenheit.
Boşluğun sorduğu suala Tıymı inkarla baş buladı.
Maşa: - Bəyəm bu qarı nənə almanca da bilir?- xəbər aldı.
Tanya izah etməli oldu: - Ayin vaxtı bilir. Elədə o, hər dildə danışmağa qadirdir.
Tıymı əlini qurtarmaq üçün daha bir cəhd edərək, əsəbi halda dedi:
- Heute ist schon zu spat, Herr General. Verzeihunq, ich hab es sehr eiliq.
Bu səfər Maşa, boşluğun qarıya hərbə-zorba gəldiyini sezə bildi.
Tıymı acıqla: - Wozu? - çımxırdı, bir cüt paslı mismar asılı Georgi lentini
çiynindən sıyırıb, başı üstə yelləyərək dedi: - Nilti camay! Blyay budulan!
Boşluq Tıymının əlini necə əlüstü buraxdısa, səndələyən qarı otluğa səriləsi
oldu. Gülümsünərək üzünü Tanya ilə Maşaya tutdu, olumsuz mənada başını buladı.
Maşa: - Bu nə demək idi? - sordu.
Tanya açıqladı: - Yəni işlər fırıqdır. Alt Dünyada sənə bab birisi yoxdur.
Maşa soruşdu: - Bəlkə qarı araşdırmanı başdan sona, yəni tam icra eləməyib,
hə?
- Bəlkə sən elə bilirsən ki, oralarda da baş və ya son var? Oradakı şeyləri
anlamaq sənlik-mənlik deyil.
- Bəs onda neyləyək?
Tanya: - Şansımız xeyli az olsa da, deyirəm, gəl bir Üst Dünyanı arayaq. Hərçənd
indiyəcən bu, heç baş tutmayıb. Amma yenə də gəl bunu da bir sınayaq, - dedi.
Sözünü bitirərək o, bayaqdan otluqda oturan Tıymıya barmağıyla yuxarıları
göstərdi. Qarı başını tərpətdi, ağac dibindəki tennis çantasına yanaşıb, qavalını
çıxartdı. Sonra koka-kola qabından başını geri əyərək bir-iki qurtum içdi
və bu hərəkətiylə Maşaya nədənsə Uimbldon kortunda yarışan Martina Navratilovanı
xatırlatdı.
Üst Dünyanın qavalından qopan səs bir başqaydı, nisbətən sakit, bir az da
durğun idi. Tıymının uzun və qəmli bir nota köklənən səsi də, bayaqkından
fərqli olaraq, Maşaya qorxu yox, zərif kədər və sakinlik aşılamaqdaydı. Bir
neçə dəqiqə qabaqkı səhnələr yenidən təkrarlandı, amma bu səfər bunlar adama
qorxu aşılamırdı, qutsal olduğu qədər də mənasız görünürdü, çünki üzünü ağacların
arasından görünən qaranlıq səmaya tutub, qavalı yüngülvarı döyəcləməklə bu
qarının sözügedən dünyanın sakinlərini rahatsız etmək istəyi Maşaya lap ağlasığmaz
gəlirdi.
Bu yerdə Maşa boz canavar balasının sərgüzəştlərinə aid köhnə bir cizgi filmini
xatırladı: filmdə Moskva ətrafı rayonlar boğuq və cansıxıcı rənglərlə təsvir
edilmişdi, filmboyu bu mənzərələr haradan doğduğu bəlli olmayan qızmar günəş
şüaları ilə işıqlanan, şəffaf bir üfüqlə növbələşirdi, bu üfüqün fonunda isə
çox zərif xətlərlə işlənmiş bir yolçunun uzaqlara yol aldığını güclə sezmək
olurdu.
Fikrini toplamaqdan ötrü başını silkələyən Maşa çevrəsinə baxındı. Ona elə
gəldi ki, bu ətrafı oluşduran detallar - yəni kollar, ağaclar, otlar, biri-birinin
görüşünə yönələn o qapqara buludlar - qavaldan qopan səsin təsiriylə sanki
biri-birlərindən aralandılar və onların arasında açılan boşluqlarda bir anlığına
nurlu, qərib və bəlirsiz bir dünya peyda oldu.
Tıymının səsi yenə nəyə isə ilişdi, onu aşmağa çalışdı, bundan bir şey çıxmayınca
bir gərgin notdaca taxılıb qaldı.
Tanya Maşanın qolundan dartdı:
- Bax, nə isə tapıb, nəsə tapılıb. İndicə onu yaxalayacaq…
Əllərini göylərə qaldıran Tıymı ucadan çığırıb, çəmənliyə sərildi.
Maşanın qulağı uzaqlardan gələn təyyarə gurultusunu yaxaladı. Haradan gəldiyi
bəlli olmayan bu səs bir müddət baş-qulaq aparandan sonra kəsildi, bunun ardından
yaxındakı yarğandan ətrafa cürbəcür səslər yayıldı. Bunlar - şüşə səsi, paslı
dəmir-dümür cingiltisi və çox yəqin ki, bir kişi xeylağının boğuq öskürəyi
idi.
Yerindən qalxan Tanya yarğana sarı bir neçə addım atdı və bu ara onu süzən
Maşanın gözləri talanın o başındakı qaraltıya sataşdı.
Tanya xırıltılı səslə xəbər aldı:
- Şprexen zi döyç?
Ona cavab verməyən qaraltı tonqala tərəf yol aldı. Geri-geri gedən Tanya sualını
təkrarladı:
- Şprexen zi döyç? Yoxsa karsan?
Tonqalın qızılı şöləsi dəri gödəkçə və pilot dəbilqəsi geymiş, hardasa qırx
yaşlarında olan bu cantaraq kişi xeylağının üzünü işıqlandırdı. Yaxınlaşaraq,
ona xımı-xımı gülən Tıymı ilə üzbəsurət bardaş qurub oturan kişi, gözlərini
Tanyaya zillədi.
- Şprexen zi döyç?
Kişi sakit tərzdə rusca: - Qoy görək, sən Allahın, - dedi, - başımızı dəng
eləmə.
Kefinə soğan doğranan Tanya fit çalaraq soruşdu:
- Yaxşı, siz kimsiniz belə?
- Mənmi? Mayor Zvyaginsev. Nikolay İvanoviç. Bəs siz?
Maşa ilə Tanya baxışdılar. Tanya dilləndi:
- Heç nə anlamadım, əgər bu təyyarə almanlarınkıdırsa, onda mayor Zvyaginsevin
orda nə işi varmış?
Mayor xırdalamalı oldu:
- Təyyarə qənimətimiz idi. Mən onu başqa aerodroma sürüb aparmaq istəyəndə…
Mayor Zvyaginsevin üzü bürüşdü - söhbətin ondan ötrü naxoş bir məcraya girdiyi
sözsüz də bəlli olurdu.
Tanya: - Belə çıxır ki, siz - sovetlərdənsiniz? - soruşdu.
Mayor Zvyaginsevdən cavab gəldi:
- Necə deyim, vallah, sovetlərdən idim, indi isə artıq heç bilmirəm ki, kimlərdənəm.
Bizim oralarda hər şey tamam başqa cürdür.
Mayor Maşanı süzdü, qız utandığından baxışlarını qaçırtmalı oldu.
- Bax, siz, cavan qızlar, burda nə edirsiniz? Ölülərlə dirilərin yolları ayrıdır
axı. Bəlkə mən yanılıram, hə?
Tanya: - Oy, bağışlayın, siz Allah. Əslində Sovet adamları ilə bizim elə bir
alış-verişimiz yoxdur. Yanlışlıq isə, bu təyyarə üzündən oldu. Elə bildik
içindəkilər almanlar olar.
- Almanları neyləyəcəkdiniz ki?
Maşa baxışlarını qaldırıb, mayoru süzdü. Enli və sakit sifəti, bir az dik
burnu vardı, tük basmış üzü təraşa həsrət idi. Güllənin sol yanağında açdığı
dəlik sifətinə az-para xələl gətirsə də, bu tip kişilər Maşanın ürəyinə yatırdı.
Çünki qız bu dünyada kamilliyin yoxluğu ilə çoxdan barışmışdı, odur ki, bu
özəlliyi insanlarda, üstəlik də, bunu onların görkəmində axtarmaqdan bilmərrə
daşınmışdı.
Tanya izaha başladı:
- Bilirsiniz, indi zəmanə elədir ki, hər kəs bacardığı kimi çörəyini qazanır.
Biz də onunla… - deyib, başıyla öz aləminə qapılmış Tıymını göstərdi. - Kəsəsi,
bu işə girişmişik. İndi hamı doğma yurdunu atıb gedir. Şirkət araçılığıyla
ər tapmaq düz dörd dəstə "yaşıla" başa gəlir. Biz isə bunu beşcə
dənə yüzlüyə həll edirik.
Mayor anlamazlar kimi xəbər aldı:
- Yəni ölülərlədəmi?
- Onun heç fərqi yoxdur. Əsas məsələ - vətəndaşlığın olmasıdır. Biz ölüləri
bir şərtlə dirildirik ki, qızlarımızla evlənməyə razılıq versinlər. Adətən
də, almanlarla sövdəmiz asan tutur. Alman meyidi ilə zimbabveli diri zəncinin
və ya rusdilli, vizasız yəhudinin elə bir fərqi yoxdur. "Mavi diviziya"dan
olan ispan isə bunlardan da üstün sayılır, ona görə də beləsi daha bahalı
meyid olduğundan hələm-hələm tapılmır. Bundan başqa da ki, italyanlar və finlər
var. Rumınlarla macarlara isə heç yiyə duran yoxdur.
Mayor dedi: - Belə de. Bəs bunlar diriləndən sonra necə, çoxmu yaşayırlar?
Tanya dilləndi: - Cəmi üç il.
- Azdır, - dedi mayor. - Bəs sizin onlara yazığınız gəlmir?
Bir anlığına Tanya fikrə getdi, onun yaraşıqlı sifəti son dərəcə ciddiləşdi
və qaşlarının arasında dərin şırım açıldı. Araya çökən sükutu ancaq yarpaqların
xəfif xışıltısı ilə tonqalda yanan budaqların çatırtısı pozurdu. Axır ki,
qız dilə gəldi:
- Bu, ciddi məsələdir. Bəs siz necə, əsil həqiqəti bilmək istərdiniz?
- Həm də nəyi var.
Tanya bir az da fikirləşəndən sonra sözə başladı:
- Eşitdiyimə görə, bir torpaq qanunu var, bir də göy qanunu. Əgər qalxıb torpağa
göylərin gücünü tətbiq etsən, bütün məxluqlar hərəkətə gələr, gözəgörünməzlər
isə görünən olar, çünki onların heç bir daxili mahiyyəti yoxdur, onlar - zülmətin
sadəcə keçici və qatılaşmış şəklidirlər. Elə ona görə də çevrilmələr axınında
az vaxtda sıradan çıxırlar. Onlar dərinlikdən məhrumdurlar, elə içiboş olduqlarına
görə də onlara rəhmimiz gəlmir.
- Haqlısan, - dedi mayor. - Bunu yaxşıca qavramısan.
Tanyanın qaşları arasındakı şırım yoxa çıxdı.
- Belə götürəndə isə, doğrusu, iş başdan aşır, bütün bunları düşünməyə elə
macal da qalmır. Bu cür sövdələr ayda on dəfə-filan baş tutur, qışda isə -
daha az. Tıymının isə iki il sonra üçün də növbəyə yazılmış moskvalı müştəriləri
var.
- Bəs bu diriltdikləriniz necə, həmişəmi kəbinə razılıq verirlər?
- Demək olar ki, - cavabını verdi Tanya. - Axı o biri dünyada bekarçılıqdan
çərləmək olar. Bir yandan zülmət, darısqallıq, digər tərəfdən isə bərəkətsizlik
sıxır adamı. Di gəl döz də buna. Düzü, sizin tərəfdəki vəziyyətdən xəbərim
yoxdur, çünki indiyəcən Üst Dünyadan bir dənə də müştərimiz olmayıb. Amma
Alt dünyadakı ölülər də cürbəcür çıxır. Bir il qabaq Xarkovda başımıza bir
həngamə gəldi. "Ölü baş" hərbi birliyindən bir tankçıya urcah olduq.
Nə isə, bunu yuyundurduq, təraş etdirdik, geyindirib-geçindirdik, hər şeyi
anlatdıq. Guya razılıq verdi. Adaxlısı da yaxşı bir qız idi - jurfak tələbəsi
Marina. Sonradan həmin qızı bir yapon matrosuna güc-bəla sırımalı olduq. O
ara bir görsəydiniz, bu yaponların meyidləri necə ellikcə suyun üzünə çıxırdı…
Yadıma düşəndə lap … Hə, bayaq nədən danışırdım?
Mayor xatırlatdı: - Tankçıdan.
- Hə, hə. Nə isə. Biz bu tankçıya bir az xərclik verdik ki, özünə korluq verməsin.
Bu da, aydın məsələdir ki, qurşandı içkiyə. Dirilənlərin hamısı elə bundan
başlayır. Bir köşkdə buna araq satmırlar ki, bəs get, bizə rubl gətir. Bunun
da üstündə ancaq marka və kupon varmış. Bu gözünə döndüyüm də əvvəlcə öz "parabellum"u
ilə bunların vitrinini qırıb-tökür, gecə isə özünün "Tiqr" tankı
ilə gəlib vağzalın önündəki bütün köşkləri yuxa kimi asfalta yayır. O vaxtdan
bəri həmin tank Xarkovda vaxtaşırı görünür. Şəhəri dolaşıb, ticarət köşklərinə
divan tutur, gündüzlər isə qeybə çəkilir. Amma hara - heç bəlli deyil…
- Belə də olur, dünyada qəribə şeylər çoxdur... - dedi mayor.
- Elə o vaxtdan bəri biz vermaxtla işləməyə üstünlük verdik. SS ilə heç işimiz
olmaz. Onlar hamısı - başdan o məsələ. Ya kənd sovetini ələ keçirirlər, ya
da öz marşlarını oxuyurlar. Nizamnamələrində yasaqlandığı üçün evlənməkdən
də uzaq dururlar.
Talanın üstündən güclü soyuq külək əsdi. Heyrətli baxışlarını mayor Zvyaqinsevdən
ayıran Maşa, talanın kənarındakı ağacın üç ayrı budağı arxasından əcayib biçimli
üç şəffaf insan fiquru ayrıldığını gördü. Bundan diksinən Tıymı çığıraraq,
Tanyanın kürəyini döyəcləməyə başladı. Tanya dilləndi:
- Bəli də, başlandı yenə. Qorxma, ay sarsaq, səninlə işləri yoxdur.
O, yerindən qalxıb, həmin şəffaf insanlara sarı yönəldi, bu ara onlara - yol
qaydasını pozmuş sürücünün onu əyləyən inspektora etdiyinə bənzər - sakitləşdirici
jestlər etməkdən də qalmırdı. Başını dizlərinə sıxan Tıymı lap yumağa bənzəyirdi
və canına xəfif titrəmə düşmüşdü. "Nə olar, nə olmaz" deyə düşünən
Maşa tonqala yanaşdı və həmin an bütün varlığını mayor Zvyaqinsevin özünə
yönəlmiş baxışlarının məngənəsində hiss etdi. Gözlərini qaldırınca mayor Zvyaqinsevin
kədərlə gülümsədiyinin şahidi oldu. Mayor sakitcə:
- Necə də cazibəlisiniz, Maşa, - dedi. - Tıymı məni bura çağıranda bağda işləyirdim.
Çağırıb, çağırıb lap zəhləmi tökdü. Elə hazırlaşırdım ki, onu hürküdüm, diqqətimi
siz çəkdiniz, Maşa. Məni elə sarsıtdınız ki, bunun sözlə ifadəsi imkansızdır.
Məktəbimizdəki bir rəfiqəmə, Varya adlı bir qıza, oxşatdım sizi. Eynilə sizə
bənzəyirdi, onun da burnu çilli idi. Saçı nisbətən uzun olardı. O vaxt aşiq
olmuşdum ona. Əgər siz olmasaydınız, Maşa, mən heç bura gələrdimmi görən?
Yüngülcə pörtən Maşa soruşdu:
- Bəyəm orda bağınız da var?
- Var.
- Bəs o yaşadığınız yerin adı nədir?
- Bizdə orda ad-filan olmur, - dedi mayor. - Elə ona görə də şən və rahat
yaşayırıq.
- Bəs dolanışıq necədir oralarda?
- Normaldır, - deyən mayor təkrar gülümsündü.
Maşa yenə sordu:
- Adamlarınkı kimi lap əşyalarınız da var?
- Sizə necə başa salım, Maşa. Bir tərəfdən - sanki hər şey var, digər tərəfdən
isə - sanki heç nə yoxdur. Ümumiyyətlə götürəndə, oralarda hər şey təxminidir,
dumanlıdır. Amma bu, dərindən düşünəndə adama belə təsir bağışlayır.
- Siz harada yaşayırsınız?
- Bitişik torpaq sahəsi olan kiçik evim var. Sakitçilikdir, elə bu da mənə
yetir.
- Maşınınız da var?
- İstəsəm olar. Niyə də olmasın ki?!
- Hansı markadandır?
Mayor: - Gah ondan, gah bundan… - dedi. - Mikrodalğalı sobam da olur, nədir
o… paltaryuyan maşınım da. Amma yuyulacaq bir şeyim olmur axı. Rəngli televizorum
da olur. Kanalımız vur-tut bircə dənə də olsa, sizin bütün telekanalları göstərir.
- Televizorunuzun modeli də dəyişir?
- Hə, - dedi mayor. - Hərdən "Panasonik" olur, hərdən isə "Şivaki".
Amma belə götürəndə - baxıb görürsən ki, heç nəyin yoxdur. Orda hər şey buğum-buğum
qalxan buxar şəklindədir… Dedim axı bayaq, hər şey sizdəki kimidir. Yeganə
fərq isə - adların olmamasındadır. Hər şey adsızdır. Yuxarı qatlara qalxdıqca,
adlar da qeyb olur.
Daha nə soracağını bilməyən Maşa, mayorun sonuncu sözləri doğrultusunda fikrə
daldığından susurdu. Həmin vaxt Tanya şəffaf adamlara əsəbi tərzdə nəyi isə
sübut etməyə çalışırdı:
- Mən sizə bir daha izah edirəm ki, o qarı ildırıma qarşı şaman ayini icra
edir. Uşaqlıqda onu ildırım vurubmuş, sonradan ildırım ruhu ona bir parça
tənəkə bağışlayıb ki, ildırımdan qoruna bilsin… Axı, nədən ötrü mən sizə sənəd
təqdim etməliyəm ki?.. Nə üçün axı o qarı üstündə sənəd gəzdirməlidir? Biz
heç vaxt bənzər problemlə qarşılaşmamışıq… Siz utanın ki, artıq ağbirçək qarılardan
da xərclik qoparmağa niyyətlənmisiniz. Gedib o Moskvadakı xalq təbabətçilərini
abıra salın da. Dörd yanımızı qaramat basıb, hər addımbaşında bilinməz təhlükələr
yatır, siz də bu ahıl qarıya… Hə, lazım olsa, hələ şikayət də edəcəyəm…
Mayor Maşanın dirsəyini dümsüklədi:
- Maşa, mən indi çıxıb gedəcəyəm. Xatirə olaraq sənə bir şey bağışlamaq istərdim.
Mayorun artıq "sən" müraciətinə keçməsi Maşanın xoşuna gəldi. Soruşdu:
- Nədir ki elə?
Mayor: - Qamış tütəkdir, - dedi. - Elə ki, usandın, fani həyatdan bezdin,
mənim təyyarəmin ziyarətinə gəl. Tütəyi çalan kimi yanında peyda olacağam.
Özünün: - Bəs sizlərə qonaq gedə biləcəyəmmi? - sualına Maşa:
- Biləcəksən, - cavabını aldı. - Hələ çiyələk də yeyəcəksən. Bir bilsən, necə
çiyələyim olur!
Mayor yerindən qalxaraq soruşdu:
- Hə, gələcəksən? Gözləyəcəm ha.
Maşa zorla başını tərpətdi.
- Bəs indi siz ora necə… Siz ki, artıq dirilmisiniz?
Çiyinlərini çəkən mayor dəri gödəkçəsinin cibindən çıxardığı paslı "TT"
tapançasını qulağına dirədi.
Atəş açıldı.
Geri qanrılan Tanya dəhşət dolu gözlərini - səndələsə də, hələlik ayaq üstə
duran - mayora dikdi. Tıymı da başını qaldırıb eyni səmtə baxdı və hırtıldadı.
Yenidən soyuq külək qalxınca ətrafa göz gəzdirən Maşa, talanın kənarındakı
şəffaf insanların qeybə çəkildiyinə də şahid oldu.
- Yolunu gözləyəcəyəm, - sözlərini təkrarlayan mayor Zvyaqinsev səndələyərək
yarğana tərəf yol aldı, bu ara yarğanın üzərində göy qurşağı peyda oldu. Bir
neçə addım uzaqlaşınca mayorun qaraltısı qaynar çay fincanına atılmış qənd
parçası kimi zülmətdə əriyib yox oldu.
* * *
Tamburdakı pəncərədən
yolboyu görünən bostanlara və evlərə göz qoyan Maşa səssizcə ağlayırdı.
- Maşa, nə oldu yenə, hə? - deyə rəfiqəsinin ağlamaqdan qızarmış gözlərini
süzən Tanya: - Belə də olur, fikir eləmə. İstəyirsənsə, qızlara qoşulub, Arxangelsk
tərəflərə gedək. Oradakı bataqlıqda "Uçan qala" adıyla tanınan B-29
amerikan təyyarəsi var. Ekipaj da düz on bir adamdır, hamımıza adaxlı çatar.
Gedirsənmi?
Maşa xəbər aldı: - Nə vaxt getməyi düşünürsünüz ki?
- On beşindən sonra. Hə, yeri gəlmişkən, ayın on beşi alaçıq salavatlama bayramıdır,
dur gəl bizə. Gələcəksən? Tıymı ləziz göbələklər qurudub. Əgər bu Üst Dünya
qavalı belə döşünə yatırsa, səninçün o qavalda havalar da çalarıq. Eşidirsən,
Tıymı, əgər Maşa bizə qonaq gəlsə, qiyamət əylənərik, düz demirəm?
Başını qaldıran Tıymı buna cavab olaraq gülümsədi, hərəsi bir tərəfə əyilən
qəhvəyi rəngli tör-töküntü dişləri damaqlarından boy göstərdi. Çox əcayib
bir təbəssüm alındı, çünki papağından sallanan dəri zolaqlar qarının gözlərini
örtmüşdü və adama elə gəlirdi ki, bu təbəssüm qarının sadəcə ağzına aiddir,
onun görünməyən gözləri isə öz soyuqluğunu və ciddiyyətini hələ də qoruyur.
Tanya rəfiqəsinə:
- Üşənmə, o, xeyirxahdır, - dedi.
Amma mayor Zvyaqinsevin bağışladığı qamış tütəyi cibindəki ovcunda tutan Maşa,
artıq nə haqdasa gərgin xəyallara dalmışdı.
Viktor PELEVİN
Viktor Oleqoviç PELEVİN
Çağdaş rus postmodernist
nəsrinin nisbətən gənc və aparıcı nümayəndələrindəndir. 1962-ci ildə Moskvada
doğulub, 1984-cü ildə doğma şəhərindəki Energetika institutunu, daha sonra
öz ixtisası üzrə aspiranturanı və Qorki adına Ədəbiyyat İnstitunu bitirib.
Mühəndis və jurnalist kimi fəaliyyət göstərib. Özəl nəşriyyatlardan birində
çalışıb, Karlos Kastanedanın əsərlərinin, buddizmə aid qədim Çin mətnlərinin
rus dilinə çevrilməsi və nəşri məsələləri ilə məşğul olub. Bu məsələlərlə
yaxından maraqlanması yazıçının sonradan öz bənzərsiz üslubunu formalaşdırmasında
əhəmiyyətli rol oynayıb. 1987-ci ildən nəsrə girişib, ilk hekayələrində fantastika
və pritça elementləri üstünlük təşkil edib. Əgər yazarın 1980-90-cı illər
yaradıcılığı kütləvi sovet mədəniyyətinin nailiyyətlərinə qarşı ironik yanaşımdan
yoğrulubsa, onun sonrakı illərdə yaratdığı əsərlərdə ezoterik motivlərə, dünya
mifologiyasından alıntılara, dzen-buddizm dininə və Türk dünyasına xüsusilə
yaxın olan şamanlıq praktikasına müraciətlərə daha sıx-sıx rastlanır. "Göy
fənər" (1992), "Omon Ra" (1993), "Üst Dünyanın qavalı"
(1996), "Alt Dünyanın qavalı" (1996), "Çapayev və Pustota"
(1996) başlıqlı beş kitabın müəllifi olan yazıçının əsərləri bir çox dünya
dillərinə çevrilib. "Büllur dünya", "Sarı ekspress", "Həşəratların
həyatı" və "P nəsli" (Generation P) əsərləri ona böyük şöhrət
gətirib. Bir neçə ədəbi mükafat qazanıb.
Son on ildə hərəkətsiz tısbağa kimi öz qınına qapılan, hər cür yeniyə və yeniliyə
qənim olan, dünya arenasına nə bir adla, nə də bir əsərlə çıxan, özünü hələ
bir müddət də "dahi" cildində xalqına tanıtmaqdan ötrü özlərindən
sonrakı ədəbi nəsilləri yalnız cırlaşdırmaq (budamaqla) məşğul və məşhur olan,
daha dəqiq desək, bugünkü müstəqilliyimizə heç cür yaraşmayan məhəlli ədəbiyyatımız
və bu "məhəllənin" müxtəlif tinlərini təmsil edən "ədəbi generallarımız"la
biz hələ çətin ki, yaxın gələcəkdə bir Patrik Züskind, bir Orxan Pamuk və
ya bir Viktor Pelevin yetişdirək. Bəlkə də Avropa Birliyinə könülsüz (və ya
məcburən) girmək bizə asan gələ bilər, oradan çıxmaq bundan da asan ola bilər,
amma demokratiya mədəniyyətində Avropa (ən azından Rusiya və ya Türkiyə!)
səviyyəsinə qalxmaq və bu tutduğun yerə layiq olmaq çox-çox çətindir.
Hələlik son kitabı "KDD (hh)", yəni "Keçid Dövrünün Dialektiası
- heçhardan heçliyə" yazarın beş illik yaradıcılığının məhsuludur, bu
kitaba onun "Rəqəmlər" romanı, "Fransız təfəkkürünün Makedon
üsulu tənqidi" povesti və beş hekayəsi daxil edilmişdir.