Azad Yaşar Azad Yashar Азад Яшар
"Hamı və Heç kim" silsiləsi

Hamı və Heç kim
Həndəsi edam
Mənim sonum
Varlığın üç şərti
Qarşıdakı ümidsizlik
Gözlərin zinası
Təbəssüm missiyası
Payızda ağaclar
Aşıq Qurbanidən deja vu parodiya
Kədər dağları
Qrafik şer
Zolaqlı bumeranq
Suiqəsd
Zülmətdən işığa keçid
Birinci ağlıma gələn
Məhşər intizarında
Tənhalığın sonu
İşıq və kölgələr
Daşın öz dilində
Əllərim
Eynəyin yuxusu
Adam bu kimsəsizlikdə
Qocalanda deyəcəklərim
Yeni həyat borcu
Hind bütü
Dost bildiklərimiz
Söz dueli
Qırx yaş
Həyatın olan qalan mənası
Ağılla Ürəyin söhbəti
İkinci ömürdən imtina

"Ruh və Maddə" silsiləsi

Ağac
Sənə doğru
Neorübai
Məzarlıq
Tanınmazlıq dərəcəsi
Belə danışıb gülməyimə baxmayın
Şüşə
Hər səhər, hər gecə
Qul nərgizlər
Sirr
İçki düşkünü
Uşaq kimi Tanrı
Saatlar
Ölümdən sonra yazılan şer
Kəpənək
Nisbilik
Çiçəklərlə nəzakətli davranış qaydası
Avtomobil qəzası
Şərq üslubunda dəfn mərasimi
Bir gülün (və ya Qadının) tarixçəsi
Yaşam nəğməsi
Şeytan icadı
Vaxtsız ölüm
İtki
Aman ovçu
Sənə demədimmi?
Sən kimsən?
Oğlum Murad üçün
Körpə Cavadın kəşfi
Gözlər
Pantomimik şikayət
Öz yalanına özün inan
Rübailər 1-18

"Birinci Qarabağ savaşı" silsiləsi

Materiyanın itməməsi qanunu
Vətən torpağı
Vətən torpağı - 2
Haramın haramla çıxması
Ağlamalı və ya Qara lətifə
Səbəb və Nəticə
Sağalmaz yaralar
Yerini bilmədiyimiz vətən
Birinci Qarabağ savaşı
Göz yaşına dönmüş səs
Vətənə gedən yol
Qürbətin duzu
Araz
Saat
Ümidsizlik zülməti
Həyat
Torpağın yuxusuymuşuq
Vətən ticarəti və ya Vətəni alıb-satmaq işi
Dünya türkləri üçün təsəlli türküsü
Qürbət eldə can incələr

"Hər şeyin öz adı" silsiləsi

Paradoks
Zülmət
Totalitar rejim
Aldanmış badam ağacının pıçıltısı
Ağlı - qaralı dünya
Göyərçinlər
Daşlar
Növbələr
Qoyun
Qəribə qoxusu var pulların
Mal yiyəsinə oxşamazsa
Dəli
Kök adam
Huşsuz
Ciddi adam
Qədər və qədr
Qızıl teşt
Allah vergisi
Şərqdə fikir azadlığı
Həyatın tərifi
Ölümün tərifi
Bahar
Ağaclar haqda əfsanə
Nə yazsam artıqdır
Ümidimin gözləri
Bir sözün yolunda
Bizim iş üsulumuz
Balaca Günelin prezidentə məktubu
Divar
Kölgədən işığa
Bir gün
Saçlarım tökülür
Masa ilə iki nəfər üçün duet
Sürət fərqi
Bakirəlik
Nizami
Həqiqət
Kölgələnmiş gözəllik
İnam
İçərişəhər əfsanəsi
Zülmətin gözləri

"Əflatun eşqi" silsiləsi

Əflatun eşqi
Səni görmək
Qaranlıqda pıçıltılar
Qocalıq nişanəsi
Kitabxanada
Sən olduqca
Xəstəlik tarixçəsi
Ağartdı saçımı ilk sevda mənim
Dəniz qeyrəti
Həsrətin
Qadınların fərqi
Sevənlərin haqqı
Özümü anlayammıram
Mən burda, sən orda, həsrət - arada
Gözlərimin günahı
Anamın saçları
Vəfa
Yorğunluq tökülür baxışlarımdan
Yaman qəribədir
Yelkənli gəmi
Baxdım əllərinə
Qarlı bir gün idi
Gözlərim yoldadır

"Folklora hədiyyə" silsiləsi

Ürəyim
Cığalı təcnis
El yorulmaz
Qərib-qərib dolaşaram
Dağlar sinəsində
Bu yerlər
Balabana
Sir qalar
Gülməməsinə
Buxara
Qan axar
Yarə məndə
Bayatılar
Vətən havası

 

  
Hamı və Heç kim
Bütün günü 
nə qədər adam sordu kefimi
ağızucu cavab verdim "yaxşıyam" deyə.
… Heç kim görmədi başımdan qalxan tüstünü.
Heç kim bilmədi ki necəyəm.
1981
Həndəsi edam
Şair dostum İsmayıl Bayramoğluna

Şaquli bir müstəvi,
yəni polad gilyotina bıçağı,
ona perpendikulyar yerləşən müstəvini,
yəni bədənimi,
boğaz nahiyəsində kəsdiyi zaman
bir alma misalı diyirlənəcək kürə -
başım olacaq.

2000

 

Mənim sonum

                         Övladı olmayanlara "sonsuz" deyirlər

Mənim sonumdur sənin əvvəlin
sən mənim sonumsan -
mən sənin əvvəlindim.
Mənim sonum,
səni düşünürəm
məndən başlayan sonu düşünürəm.

Tək səndə deyil
süzdüyüm göylərdə, yaşadığım mövsümlərdədir,
oxşadığım çiçəklərdə,
yazdığım şerlərdə, çəkdiyim rəsmlərdədir
mənim davamım, mənim sonum.

Hər kəs sonunu tapınca axtarır,
axtarır
özünü axtarır hər şeydə,
hər kəs tapmasa da.
Mənim balam, mənim sonum,
uzat sonumu,
sonunu,
sonumuzu,
uzat, gözümün işığı,
dünyanın son duracağına qədər,
yaşat könlümüzün odunu, gözümüzün işığını.

Sən mənim təskinliyimsən, mənim sonum,
yaxşı ki, sən varsan
yaxşı ki, sonsuz deyiləm
yaxşı ki sonum var -
bəlkə də belə yaxşıdır.

1979

 

Varlığın üç şərti

Statistika nəyi, necə və nə üçün hesabladığını
daha yaxşı bilir,
amma
xəstəliklər, qəzalar və bəlalardan daha çox
adamlar
həddini və yerini bilməməzlikdən
itirir canını, yəni ölür.
Yazıya pozunun olmaması da
bunun üçüncü şərti.

1994

 

Qarşıdakı ümidsizlik

Verəcəyim sədəqəylə
yolun qırağında, oturduğu yerdəcə mürgüləyən
və hər şeydən əlini üzən dilənçini
ona boy verməyən bu yoxsulluqdan
qurtarmayacağımı bildiyimdən
əlimdəki qəpik-quruşu
onu oyatmağa dəymədiyi üçün
səssizcə
əski mis qaba qoyuram.

1994

 

Gözlərin zinası

Rəsuli-Əkrəm buyurmuşdur:
Gözlərin zinası - məhrəm olmayan qadınlara şəhvətlə
baxmaqdır. Qəlbin zinası - zina təmənnası və arzusu duymaqdır. Hər cür zina - günahdır.

- Günahdır? Bunun nəyi günahdır?.. Yaraşıqlı qıza baxmaq günahdır?.. Yoxsa onu sevmək günahdır?.. Səni də, o qızı da o bir Allah yaradıb… Heç nə günah-zad deyil. Elə adicə vəhşi heyvanlardan ibrət götür. (L.N.Tolstoy "Kazaklar" povesti, Yeroşka dayının sözləri)

Sökdü.
Baxışlarla sökdü.
Acgöz baxışlarla sökdü.
Qızı acgöz baxışlarla sökdü.
Gözəl qızı acgöz baxışlarla sökdü.
Keçən gözəl qızı acgöz baxışlarla sökdü.
Səkidən keçən gözəl qızı acgöz baxışlarla sökdü.
Qarşı səkidən keçən gözəl qızı acgöz baxışlarla sökdü.
Allahsız, dinsiz, imansız, kitabsız, ocaqsız hərif!
Yaz günü tumurcuqlayan salxım söyüdün
sarı, tel-tel budaqları kimi zərif qızı
yüzillik, nimdaş, qara-qartımış,
üzü üzlər görmüş divar kimi
çəkinmədən, üşənmədən,
"heç nə günah deyil"
deyib əsil heyyy-
vannn kimi
sökdü.

Üfunətli beyninin gizli, uzaq bir guşəsində
bu qızın saf heysiyyəti, naməhrəm bədəni ilə
ağlınıza gəlməyəcək eyş-işrətlər qurdu,
onunla bütün ayıbları işlədi,
günah almasını iri-iri, dönə-dönə dişlədi
və cücüyünə qədər yedi.
Bu gün çoxlarının addımbaşı işlədiyi
amma
öz anasının, arvadının, bacısının,
qızının başına gətirilməsini istəmədiklərinin
hamısını
bu qızın başına açdı xəyalında.
Qoca, azğın,
ağzı qara qurd
əmlik quzunu eşən kimi eşdi onu.

Unutdu o,
"gözlərin zinası -
namuslu və naməhrəm qadınlara
pis gözlə baxmaqdır" deyib
Peyğəmbərimiz.
Unutmayaq ki,
nəyi isə unutmağımız
bir unutqanlıq şoku altında elədiklərimizə
heç vaxt
haqq qazandırammaz.

2002

 

Təbəssüm missiyası

Təbəssümümü öldürmək istəyənləri
elə təbəssümümlə də
“öldürmək” istərdim
mən.

2000

 

Payızda ağaclar

Yarpaq-yarpaq soyunur ağaclar
yarpaq-yarpaq ağlayır ağaclar
yarpaq - göz yaşına bənzər,
süzülən damlaya bənzər üzülən yarpaq
sarı göz yaşlarıyla ağlayır ağaclar
sakitcə ağlayırlar
günahsız yerə döyülən uşaqlar kimi,
için-için.

Torpağa - ürəklərinə axıdırlar göz yaşlarını,
bilirlər - olacağa çarə yox,
dərdli-dərdli ağlayırlar.
İnsana bənzəyirlər ağaclar
ağlayanda da,
güləndə də…

1987

 

 

Aşıq Qurbanidən bir deja vu parodiya

Dərsəm güllərini bu gələn yazın,
sallanıb-yellənsəm budaqlarından,
Adımı eşitsəm sevən bir qızın
hələ öpülməmiş dodaqlarından -
bu yaz gecəsində ölməyə nə var?!
Ramiz Rövşən

Başına döndüyüm, a şair bala,
Adətdir, dərərlər yaz bənövşəni.
Bu yaz gecəsində ölməyə nə var -
Oğulsan, şerə sal,
yaz bənövşəni!

Ayrı düşdüm vətənimdən, elimdən,
Hələ gəncsən, çox söz etmə ölümdən,
Adını eşitcək bir qız dilindən
Şairlər qız öpər,
qız - bənövşəni.

Qurbani, güzarın sal yar bağından,
Gülü, şamamanı dərmə tağından,
Bu şuluq şairlər sallandığından
Heç yerdə görmədim düz bənövşəni.

1982

 

 

Kədər dağları

Dağlara qar yağıb.
Dağlar uyuyur qar altında.
İstidə.
Onlardan qat-qat ucadır
sinə dağlarım -
nə qədər qar yağa örtməz.
Sinəmə çəkilənlər
adi dağ deyil -
qar altda yatmaz.

Soyuqdan donacaqlar zavallılar!

1982

 

 

Qrafik şer

Təmiz qar.
Bəyaz qar.
Gözünün qarasını ağardacaq qədər bəyaz qar.

Sağır zülmət.
Kor zülmət.
Gözünün ağını qaraldacaq qədər qara zülmət.

Gözlərin - qarlı bir gecə.
Mən - ... zülmətdə günlərlə yol arayan
zavallı yolçu.

1999

 

Zolaqlı bumeranq

Rəssamlıqda Optik sənətin (Op-artın)
parlaq nümayəndəsi Viktor Vazarelinin
xatirəsinə

Qaranlıqda
dünyanın o biri başından
sənə tərəf uçan bir topa bumeranqın
yaxınlaşınca
qaçan ZEBRrin
ağ zolaqları olduğunu
kəşf etmək
qəribə ləzzət verir adama.

Bayaqkı yersiz qorxu ilə
heç ummadığın, qəfil bir müjdənin
heç nəyi xatırlatmayan
qarışımı kimi.

2002

 

Suiqəsd

Orada
otağın küncündə
köhnə kresloda oturan və
bərəlmiş gözlərini tavana zilləyən adam
gözlərini tavandan ayıra bilməyən adam
baxışlarından asıb özünü
tavandan asıb özünü
asıb özünü
asıb

1993

 

Zülmətdən işığa keçid

Qaranlıqda yazdığım şer
əl havasına yazdığım şer
ağ qoçla qara qoçun davasına
yazdığım şer
fikrimin işığında yazıram səni.
İşıqda yazıram səni.

1985

 

Birinci ağlıma gələn

İndi də
harada və neçə yaşında oluramsa olum
«qaranquşun qarğışı yerdə qalmaz»
deyimini eşidəndə
uşaq ikən
binamızın girişindəki
qaranquş yuvasını bilərəkdən dağıtdığım zaman
quşların qopardığı haray-həşir
və bundan düz üç gün sonra
sevimli nənəmin dünyadan köçdüyü olur
birinci ağlıma gələn.

1994

 

Məhşər intizarında

Beynim itkin misralar
ağ kağızın işığına çıxara bilmədiyim
qərib fikirlər məzarlığıdır.

İntizarla
bir Məhşər gününü gözləyirəm.

2000

Tənhalığın sonu

Dəniz də tək idi
sahil də
dənizin sahilində insan da.

«Yığışaq» dedilər "ulduz-ulduz göyün altına".
Görüşdülər.
İsnişdilər.
Sevişdilər.

İndi dənizin sahili,
sahilin insanı vardı,
insanınsa həm dənizi,
həm də sahili.

Elə bəxtiyardılar ki...
Onların sevdasına
ulduzlar göydə öpüşürdü dodaq dodağa,
yarpaqlar yerdə
və dilim-dilim işıqda yuyunurdu sular.

1981

 

 

İşıq və kölgələr

Qaranlıqda kəsdilər yolunu:
- Yaşamaq istəyirsənsə...
Macal vermədi:
- İstəyirəm, - dedi, -
ancaq siz deyən kimi yox,
ÖZÜM İSTƏDİYİM KİMİ!

1981

Daşın öz dilində

Hər gün salam verirəm,
dinməz keçir.
Bu gün vermədim,
qayıtdı ki:
- Adam-zad saymırsan, nədir?
- Səni adam sayıb da yanıldığım yetər.
Daşa daş dilində salam verərlər -
S Ü K U T L A, - dedim.

1998

 

Əllərim

Əllərim
ağlı, qaralı, sarılı bütün əllərə bənzər
insanlığın dünənini,
bu gününü yaşadığına.

Əllərim
özümünkülərə bənzər
ən çox -
ömrümün dünənini, bu gününü
mənimlə ortaq daşıdığına.

1981

 


Eynəyin yuxusu

Yatanda
insan çıxarar eynəyini:
"Yetər hər şeyə səninlə baxdığım,
yuxumu şəriksiz görmək istərəm" deyə.


Eynək susar, uyuyar bir az aralıda -
insan öz yuxusuna dalar,
eynək öz yuxusuna.

1981

 

Adam bu kimsəsizlikdə

Adam bu kimsəsizlikdə ölə bilər
bu qaranlıqda
hələ pərdələr çəkilidirsə
üstəlik, qapı da kilidlənibsə arxadan
qonşular səsini duyacaq qədər
yaxında deyilsə
kölgələr qaynaşırsa divarda
ürək
əldən düşər bu kimsəsizlikdə
yatar
bir daha oyanmadan.

Adam bir kimsəyə tapşıra bilməz
gözünü göynədən acını
yarımçıq mahnısını
və bir də
bir də… sevdasını.
Adam canını belə tapşırammaz
bu kimsəsizliyə
bu qaranlıqda.

Tapşırammaz işığı zülmətə.
Tapşırammaz.

1982

 

Qocalanda deyəcəklərim

Bir vaxtlarım vardı
qəzəblənəndə dişlərim oyulurdu,
mən də danışırdım, gülürdüm
həsrətsiz,
acısız şerlər yazırdım
yuxular görürdüm sevda dolusu
iynənin gözündən keçirirdim sapı…

Bir vaxtlarım vardı
çağırsam - dönməz,
dönsə - elə yaşayammaram
zaman həmin zaman deyil.

Bir vaxtlarım vardı
sanki bayaq ötdü.
Bir vaxtlarım vardı -
öldü!!!
İndi danışıb-gülməsin,
sevda şerləri yazmasın -
ölənlərə yasaqdır bunlar.
Bir vaxtlarım vardı
bütün itirdiklərimiz kimi əziz -
tapılsa, göz üstə qoyulası -
sanki bayaq ötdü
(öləsən, canım,
lap nağıl kimi danışıram).

Bir vaxtlarım vardı
yorulmaram haqqında danışmaqdan.

1988

Yeni həyat borcu

Şerimi yazdığım ağ, şümal kağıza
bu kələ-kötür misralarımla
onun hazırlandığı
küknar ya da ağ şam ağacının
ətrini qaytara bilsəydim…

Onu gəncliyinə qaytara
və ya ona
yeni bir həyat verə bilsəydim…

1999

 


Hind bütü

Hamar, geniş alnı - durğun bir gölün aynasıdır.
Alnındakı xal - Üçüncü, AĞIL GÖZÜdür.
Düz biçimli burnu - Ruhundakı tarazlığa işarədir.

Yumulu gözləri hər şeyin ardını görür.
Hər qıpırtını eşidən palaz qulaqları çiyninə düşüb.
Susmaqdan ətli dodaqları az qala bitişib.

Qurduğu bu bardaş pozasındaca yola salıb O
yüz illəri və nəsilləri.
Bir də ki,
Hər Şeyi bilirsə
və duyduqlarını paylaşacaq Bir Kimsə yoxsa -
Susmaq - Sonuncu Çarə deyilmi?!

2003

 

Dost bildiklərimiz

Dünyanın bu qarışıq vaxtında,
dostlar -
artıq işimiz düşən
və bizdən işi keçən adamlardan ibarətdir
daha çox.

Yerdə qalan məqamlar isə
işin
texniki özəllikləri də sayıla bilər -
yəni
xahişlərin sinusoid üzrə təkrarlanma tezliyi,
xoş impulslar,
gözlənilən fayda,
eyni yüklü cərəyanların qarşılıqlı cazibəsi
və sair və ilaxır

2002

Söz dueli

(daxili dialoq)

Birinci səs: Bu Ağa-Qul dünyasının eşiyində
sən ad seçdin -
Azad YAŞAR.

Ötkəmsənsə, indi buyur
ömür boyu
ADINDAKI İŞİ başar.

İkinci səs: Yahu,
bunu başarsam kimə nə
və heç başarmasam belə
ondan
yenə kimə nə?!

1981

Qırx yaş

Bu yaşda
yenidən,
başqa türlü yaşamağa başlamaq
gec olduğu qədər
başladığımız işləri bitirmədən ölmək də
tezdir.

2001

Həyatın olan qalan mənası

Uzun bir növbə gördük dünyaya gəlincə.
Çin səddi qədər uzun
və canlı insan divarı.
"Nə paylanır?" deyə sorduq növbədəkilərdən
maraqla.
Amma cavab gəlmədi kimsədən,
açılmadı dodaqların zəncirbəndi.
Susqun və donuqdu hamı.

Çarəsiz növbəyə durduq biz də,
"bu adamlar burada boşuna durmaz,
bildikləri bir şey var" deyə
qət etdik.
Sıramız yetişincə
ölüm növbəsinə dayandığımızı
anladıq -
hər kəs kimi biz də.

Hər şey elə tez olub bitdi ki…
Hər şey o qədər uzandı ki…

1999

 

Ağılla Ürəyin söhbəti

AĞIL:
- Sənin arzuların imkana sığmır.

ÜRƏK:
- İmkana sığana "arzu" deyilməz.
Arzu - fikir deyil,
sərhədə baxmır.
Bu fərqi ağıllar anlaya bilməz.

1983

 

İkinci ömürdən imtina

Deyirəm mənalı ötüşsün
ömrümün
ayları,
illəri,
günləri…

Bir möhləti puç edənlərə
təkrar
ömür paylansa bir gün -
özümünkünü
almayım geri.

1978

 

Ağac

Meyvəsini verdiyi insan
kölgəsini verdiyi insan
balta çalıb kökünə
yıxılıb,
böyrü üstə qalıb ağac.
Vermək istədiyi,
verə bilmədiyi
"niyə" sualı kimi
qıvrılıb,
qovrulub,
qanrılıb ağac -
baltada…
dəmirbaşlı qardaşını tanıyıb ağac!
Xəyanətdən qıc olub, quruyub ağac.

1989

 

Sənə doğru

Ölümü azdırıb gəlirəm,
həsrət tilsimini qırıb,
güman divarını uçurub gəlirəm,
bir anı min il bilirəm,
min ili bir an bilirəm -
Sənə doğru gəlirəm,
Sənə doğru.

Arınıb ay işığından,
durulub göz yaşından,
dumandan sıyrılıb,
işıqdan süzülüb gəlirəm,
dünyanın ta o başından -
Sənə doğru gəlirəm,
Sənə doğru.

Bax, qanadlarım qırılmış,
dizlərim çat-çat,
alnım qırış-qırış,
yürüməkdən dabanlarım dağılmış...
uça-uça,
sürünə-sürünə
yenə, yenə -
Sənə doğru gəlirəm,
Sənə doğru.

Acıma mənə belə, acıma halıma,
işığına gəlirəm, qoynuna gəlirəm,
bir baxışına aldanıb gəlirəmsə də
qoy olsun!
Sevib-sevilməyə gəlirəm,
acıma mənə belə.

Sığınmaq istəyirəm,
yaxın olmaq istəyirəm Sənə,
yaxın -
həsrətdən, ölümdən yaxın
işıqdan, sudan yaxın
Səndən Sənə yaxın olmağa gəlirəm -
Sənə doğru gəlirəm,
Sənə doğru.

1992

 

 

Neorübai

Uşag ikən
oynatdığımız hər şey
oyuncağımız gibi gəlirdi bizə.
Zaman
çox şeyin ardında
göründüyündən daha ciddi
anlamlar gizləndiyinə öyrətdi bizi
zamanla.

Gocalınca isə hər şeyin
sadəcə fələyin əlində oyuncag olduğunu anladıg -
gec də olsa ...
Oyuncag!
Amma baxır kimin əlində...

1991

 


Məzarlıq

Bir mənzil ki
gedən qayıtmaz.
Bir yol ki
özgə ayaqlarla gedilər -
çiyinlərdə.

Bir torpaq ki
çiçək deyil, ağac deyil, duyğu deyil -
lal başdaşı bitər
insan əkilən yerdə.

1982

 

 

Tanınmazlıq dərəcəsi

Ofisdə
pəncərəmdən görünən
baxışdığım, tapışdığım, dərdləşdiyim
bu gəncəcik fidanlar və köçəri buludlar qədər belə
tanımadı məni həyatda
neçə illik köhnə iş yoldaşlarım

1999

Belə danışıb gülməyimə baxmayın

Belə danışıb gülməyimə baxmayın
siz məni axşamüstüləri
uşaq kimi evimiz üçün
anamın üzü, atamın səsindən ötrü
köyrələndə görün -
tanımazsınız məni, tanımazsınız vallah
(amma özümə nə qədər bənzəyirəm onda).

Baxmayın belə gülüb-danışdığıma
deyirlər hər şeyi bilir
amma bəlkə Allah da bilməz
bu qəriblikdə nələr çəkdiyimi...

Gördüyünüz hələ mən deyiləm
çox görməyin danışıb gülməyimi mənə
bilməzsiniz hər halda
necə çətin olur
ağlamalı ikən gülmək.

1991

Şüşə

Şüşə soyuq gözlərlə mənə baxır
Yaxınlaşıram -
ilıq nəfəsim oxşayır onu
toxunuram -
puçur-puçur tərləyir xəcalətdən,
bayaq mənə
soyuq yanaşdığı üçün.

1981

 

 


Hər səhər, hər gecə

Hər səhər eyni küyə oyanırıq -
xoruzlar banlayır «gördüm» deyə,
saqqalını didişdirir Sabah kişi,
saçlarını yolub tökür Günəş ana
baş qaldıran kimi yastığından

xəbər tutunca
Gecə adlı qızlarının
Aya qoşulub qaçdığından.

Hər gecə beləcə bitir,
Hər səhər bu təhər açılır.

1981

 

 

Qul nərgizlər

Vitrindən bir qucaq nərgiz
boylanar küçəyə boynu bükülü.
Dərilmiş çiçəklər
kəpənəksiz, çəmənsiz tez solur,
ləçəkləri tökülür.

Gözəllikləri, qoxuları nəğməli,
nəğmələrinə sevda və kədər qarışıb.
Qiymətləri yazılı üstündə -
hər kəsə satıla bilər, deməli,
azalıb ləçəklərindəki işıq.

Gözlərindən süzülər yuxuları
hələ ki ilk bahar dəmidir.
Qaba əllərdə əzilmək qorxuları,
gözəllərə qovuşmaq qayğıları
nədənsə artan kimidir.

Vitrindən bir qucaq nərgiz
boylanar günəşə, küçəyə sarı.
(Günəş - dərdlilər, dustaqlar həmdəmidir!)
Qiymətləri yazılmış üstündə -
gözəllikləri, qoxuları
nə isə artan kimidir.

1982

 


Sirr

Qonşuda bir uşaq doğuldu.
Ölü.
Eşidənlər, bilənlər,
gələnlər, gedənlər oldu
hamı hüzünlü, yaslı,
ağladılar da.
Amma bu dəfə
kimsə deyə bilmədi
"yaxşı" ya da "pis" adam olduğunu ölənin -
nə gerçəkdən, nə də yalandan.
Heç kəs tanıya bilməmişdi onu,
adı belə qoyulmamışdı.

Olmamış ölmüşdü bu insan
dünyaya sirr gəlib,
sirr də getmişdi.

1985

 

 

İçki düşkünü

İçməkdən, əyyaşlıqdan başqa
bir şey düşünə bilməyən başı
öz qiymətini alıb -
oradadır,
yerindədir,
ayaqlar altındadır!

1982


Uşaq kimi Tanrı

Uşaq kimi
hər şeyə maraqlıdır Tanrı
bəndələr - onun oyuncaqlarıdır,
kimisi sevimli,
kimisi zəhlətökən, yorucu.
Çox xoşladığı oyuncaqları
o birilərindən daha tez sökür Tanrı
necə qurulduqlarını,
nədən belə sevildiklərini
anlamaq üçün.
Bəlkə də çoxusunu
sökdüyünə sonradan peşiman da olur -
bəlkə də onları eynilə
və yenidən yarada bilmədiyi üçün bu belədir,
nə bilim?!
Bəlkə Tanrı da şıltaq uşaqlar kimi
heç nədən peşiman olmur
ya da ki
özünə yaraşdırmır bəlkə də
belə boş şeylərdən ötrü
qanını qaraltmağı?
Kim bilir?!

1999

 

 

Saatlar

Başımın üstündə saat.
Gözümün önündə saat.
Qolumda saat.
Səs-səsə verib
bir-birinə ayaq uydurub
nəsə oxuyurlar.
Dayan, dayan…
ömrün köç mahnısıdır deyəsən
ya da şirin nağıl.
Bəlkə də bu anın hökmü.
İndi bacarırsan gəl ayır!

Hər nədirsə
lal-mat qulaq verməkdən özgə
çarəm qalmayır.

1983

 


Ölümdən sonra yazılan şer

İndi yuxu kimi gəlir mənə
içimdən başladı deyəsən
ən əvvəl yaddaşım daşlaşdı,
yaddaşım dondu.
Sonra isə
artıq xatırlamırdım özümü belə,
üzümü belə.

1981

 


Kəpənək

Pürrəng çayın rəncinə aldandı
yəqin çiçək sandı
qovdum, gedib bir az dolandı
yenə döndü, mən deyən doğrunu dandı
özü bilənə getdi, bildiyi yalandı
gecikdim qovmağa, Allah, amandı -
qondu
yandı
qandı!
Kəpənək ki kəpənək!

Lap adamlar kimi nadandı!

1982

Nisbilik

Çəkmələri
çamura bulaşanda belə
xeyli təmiz idi
sahibinin vicdanından

1992

 

 

Çiçəklərlə nəzakətli davranış qaydası

Çiçəkləri bəlkə də dərməməli
eləcə budağında qoxlamalıyıq.
Bunun üçün
biz onlara sarı əyilməli,
deməli, onlara baş əyməliyik
onlarsa
qarşılıq olsun deyə
ətirlərini
əsirgəməməlidirlər bizdən.
Hər şey eynilə
göyərçin əlləri öpdüyümüzdəki kimi olmalıdır -
yəni əl dodaqlara deyil,
dodaqlar ələ sarı yönəlir -
ÖPƏN
ÖPÜLƏNİN ayağına gəlir.

1992


Avtomobil qəzası

Bir tərəfdə - sərxoş sürücü,
digər tərəfdə - dörd nəfərlik ailə.
Hamısı ölü.
Bir yanda xıncım-xıncım əzilmiş iki maşın,
o biri yanda - yıxılmış iki ev, iki tifaq.
Bir yolu könüllü bölüşə bilmədikləri üçün
bir ölümü paylaşıblar məcburən.
Bir az əvvəl
gicgahlarında atan al qırmızı,
isti qan
indi tökülüb qara, soyuq asfaltın sinəsinə.
Bayaqdan yarışdıqları o dəli küləklər
«bizi ötənin min qanadı gərək» deyə
indi təskinlik verirlər onlara,
saçlarına sığal çəkərək.
Saatlarının əqrəbləri
irəli getsə belə,
artıq onlar nə göstərə bilər ki,
keçmişdən başqa?!

Diri ikən dinlədikləri kasset
hələ də bitməyib,
bir oynaq hava yayılır ətrafa
sözləri də tərs kimi kefdən, səfadan.
Diqqətlə ətrafa baxanda,
nəinki sevinən şeytanın rəqsini görər,
hətta dəli qəhqəhələrini belə eşidərsən
bu həndəvərdə.

1994

Şərq üslubunda dəfn mərasimi

Gözünü dan yerinə dikib
danışırsan
danışırsan
danışırsan
bilsən də yalan dediyini
bilsəm də yalan dediyini -
danışırsan.

Sən üfüqlərə baxırsan indi
başını dik tutub,
mən isə xəcalətdən yerə…

Orada,
arxa qatımda,
qüruba enişi sənin gözlərində əks olunan
günəşə bənzəyir indi dostluğumuz,
sən zülmətə, gedər-gəlməzə ötürüsən onu
baxışlarınla,
son kərə fatihə verirsən
mərhumun ruhuna.

Mən isə
başımı sallamışam aşağı,
daş kimi bərkiyən yumruğum tərləyib - duyuram,
kirpiklərim isə qurudur hələ də.

Yəqin unutmusan:
dözmək - nifrət əlamətidir
laqeydlik - nifrət əlamətidir
susmaq - nifrət əlamətidir
Şərqdə.

1993

Bir gülün (və ya qadının) tarixçəsi

Açılmamış - qönçəydi
Açıldı - çiçək oldu
Dərildi - gülə döndü
Atıldı - unuduldu.

1985

 

 


Yaşam nəğməsi

Yaşamın sonu ölümdür.
Hamı
bunu bilərək yaşayır.
Elə isə niyə yaşayır -
bir halda ki yaşamın sonu ölümdür?!

Nəğmənin sonu sükutdur.
Bunu hamı bilir
və hər kəs öz nəğməsini oxuyur
kimi kədərli, kimi şən.
Elə isə niyə oxuyur -
bir halda ki… Yox!

Nə olsun ki, nəğmənin sonu sükutdur,
nə olsun ki, yaşamın sonu ölümdür -
hələ ki sağıq
gəlin, yaşam nəğməsini oxuyalım
ölümə qarşı,
sükuta qarşı!

1986

 

 


Şeytan icadı

Arxamca
və üzümə qarşı
kim nə deyir-desin, yalnız
pulları və içkini şeytanın yaratdığına dair
dünyanı Allahın yaratdığı qədər
dərin
bir
inam var içimdə.

1994


Vaxtsız ölüm

Dostlar bu gün məni üzümə öydülər.
Xəcalətdən soyuq tər seli suvardı kürəyimi -
öz dəfn mərasimimdəydim sanki.

Bir ricam olacaq bütün məni tanıyanlardan -
bir də təkrarlamasınlar
buna bənzər şeyləri.

Bəlkə
heç onlar da istəməzdilər
bunca vaxtsız ölməyimi.

1998

 


İtki

Nazı nənəmin ölümünə ağı

Var idi və yoxdur…
Var idi - yoxdur!
Nə idi, nə oldu, nəyə qarışdı?
Torpaqlarmı uddu, göylərmi çəkdi -
Nə idi, nə oldu, nəyə qarışdı?


Başımı qoyduğum bircə cüt dizdi,
Ömrümüz üzünün nurunda üzdü,
Bir əsrin, bir nəslin yükünə dözdü -
Nə idi, nə oldu, nəyə qarışdı?


Torpağın üstündən aşındı işıq,
Torpağın altına daşındı işıq,
Nağılsız qalmışıq, yetim qalmışıq -
Nə idi, nə oldu, nəyə qarışdı?

İtkisi yüküdür ulu dağların
Sellər, bu acını yuyun, aparın
O cür ipək qarı, çəlimsiz qarı
Nə idi, nə oldu, nəyə qarışdı?

Mavi boşluq çökdü insan yerinə…
Kim görüb nə vaxtsa gedən can dönə?!
Cavabsız qalacaq bu sual yenə -
Nə idi, nə oldu, nəyə qarışdı?

Bəlkə də qəbrinin üstündə çiçək,
ot olub,
dünyaya yenə gələcək,
otları oxşayan mehlər dinəcək:
"Nə idi, nə oldu, nəyə qarışdı?"

Var idi və yoxdur…
Var idi - yoxdur!
Kim deyir ölümün gözləri toxdur?!
Kim deyir qılıncı məndən uzaqdır?!
Kim bilir harada qırılar baxtı?!
Bizim ulduzlar da görərsən axdı,
Zülmətə qarışdı,
göyə qarışdı -
Nə idi, nə oldu, nəyə qarışdı?

1984

 

Aman ovçu

Yol daşını yol quşuna
Atma, qardaş, kərəm eylə.
Şah İsmayıl Xətai

Meşənin sükutu artdı bir az da,
meşə
bir nəğməlik yetimdir indi…
Vurduğun quşcuğaz qabağımızda
çırpına-çırpına
bayaq keçindi…

Necə də ötürdü…
Deyəsən bildi,
duydu ki, bu onun son nəğməsidir.
Bəlkə də sonuncu qırıq civilti
"ay səni, insafsız!" nidası idi.

Necə əlin qalxdı o şux duruşa,
o şux ayaqlara,
o şux rənglərə?!
Bu gün qan uddurdun bir zərif quşa
sabah dağ çəkərsən bu göyə-yerə.

Ay zalım,
görəsən bilmədinmi sən
atdığın qara daş qara ölümdür?!
Bir daşa can verə bilmədin,
nədən
bir daşın
canlını torpağa gömdü?!

Hər daşla qırılsa bir "sarı simi,"
hər əl bir budağı sındırsa əgər -
ana təbiət də
bu meşə kimi
günlərin bir günü yetim qalacaq.

Deyirəm: sehirkar təbiət bir də
onu sevənlərə kömək olaydı -
quşlara atılan daşlar
əllərdə
dönüb dən olaydı,
çörək olaydı…

1984

 

 


Sənə demədimmi?

Ömür bitər, sevda qəmin
bitməz, sənə demədimmi?
Harayına bir həmdəmin
yetməz, sənə demədimmi?

"Eşqsiz ömür - hədər" dedin,
"Yetər bunca, yetər" dedim,
"Bir havadır - ötər" dedin,
"Ötməz," sənə demədimmi?

Bu dünya qammaz mərd işi,
hər anda var min gərdişi
əyri dünya düz gedişi
getməz, sənə demədimmi?

Baxmaz bu gənclik çağına
dərddən köynək biçər sana
öz əllərin öz yaxana
yetməz, sənə demədimmi?

Azad, uyma xoş dillərə -
öz xeyrinə gedər hərə
haqqı-sayın hədər yerə
itməz, sənə demədimmi?

1987

 

 

Sən kimsən?

Bu dəyişkən dünyada
dostlar da -
elə dünyanın özü kimi -
girdirmə və dönük olduğundan
"Mənə dostunu göstər - deyim kimsən"
deyimi
artıq keçərli deyil.

Odur ki,
istəyirsənsə, bax elə sən
öz çörəkpulunu
HARAda,
NƏdən

HANSI YOLLARla
qazandığını aç söylə.

Mən də sübut edim ki,
sən kimsən.

2002

 

 

Oğlum Murad üçün

Sən gəldin…
atanın bir qara günü,
sən gəldin - açıldı qaşım-qabağım,
verildin Tanrıdan təsəlli kimi
dostlar - yad olanda,
yadlarsa - yağı…

1989

 

 


Körpə Cavadın kəşfi


Dahi rəssam P.Pikassonun öküzlə velosiped
arasında bənzərliyə bağlı bir seriya rəsmi var.


Yarı qaranlıq dəzlizdə
divara söykənən
qoltuq ağaclarını gördy qəfil
geri çəkildi: ilk dəfə görürdü,
bəllidir.
Əvvəl geriyə apardı totuq əllərini
sonra buynuzvarı tutub
gicgahlarına qondurdu
və uzun bir "mö-ö-ö" elədi.

… bir cüt qoltuq ağacı ilə
inəkdə bənzətmə tapan
bu əl boyda uşaq
abstraktçı,
sürrealist rəssamları
"dəli, ipləmə" adlandıranlara
böyürürdü
bildiyimə görə.

1993

 

 

Gözlər

Əvvəlcə dörd dənəydi onlar,
arxamca dikilən gözlər -
atamın, anamın.
Sonra bir evin oldu,
bir müəllimin,
bir küçənin -
qaralı, qonurlu, mavili…
hamısı da ümidli, inamlı.
Nə bilim,
ümidsizi də olub yəqin.

Sonra isə bir nəslin,
bir şəhərin gözləri oldu
sabahıma boylanan.


Bir də
uğuruma arxasını çevirən,
kədərimə qanad verən bir düşmənin,
Gerçək bir dostun gözləri,
yolumu gözləyən bir sevgilinin gözləri:
badamı, xurmayı,
eynəkli, eynəksiz,
ürəyindəkiləri gözündə söyləyən,
sözləri birbaşlı,
çılpaq - köynəksiz.

Onları unutduğum günlərdə
qor olub, yerimə töküləcək gözləri
hərəsində bir ümid,
bir arzu donacaq…


Nə vaxtsa,
bir ölkənin gözləri dikiləcək ardımca.
Çıxsam
bu planetin orbitindən -
bütün Yerin,
dünyanın gözləri olacaq
yolumu gözləyən, darıxan:
qaralı,
qonurlu,
mavili,
çiçək tək bitəcəklər
mən gedən yollarda…
O gün üçün yaşamalı, qardaş,
o gün üçün -
mən də,
sən də,
onlar da!..

1979

 

 

Pantomimik şikayət

Kor
və Sağır DİVARın
sükutla dediklərini
anlada bilməz bəlkə də
Gözü - pəncərəsi,
Dili - qapısı olan divarlar…

1987

 

 


Öz yalanına özün inan

Gözlərini bərk-bərk yuman bu cocuğ
"kimsə məni görməz" sanır -
o da bəzi "böyüklər" kimi
tapındığı yalana
hamıdan əvvəl
özü inanır.

1992

 

R Ü B A İ

1.

Böyük sufi şairimiz Şeyx Mahmud Şəbüstərinin (1287-1320) xatirəsinə

Torpaqdan,
havadan,
oddan
və sudan
yoğrulub dünyada hər qərar tutan.
Həyat - dörd ünsürün arasındakı
dövrandır
əvvəli-sonu olmadan.


R Ü B A İ

2.

Qürbətdə ayağım torpaqda ağlar
Göz yaşım görüncə
torpaq da ağlar
Azad tora düşdü möhnət bağında
könlü torda ağlar,
tor - bağda ağlar.

R Ü B A İ

3.

Böyük şair
Molla Məhəmməd Bağdadiyə həsr olunur

Gözəl yar yolunda
tutmayıb qərar
könlüm
bu dünyanın yolların yorar.
Gözəl də hakimdir…
mənim qul könlüm
daima
özünə bir hakim arar.


R Ü B A İ

4.

Zilini itirən - bəmi saxladı
Sevinci itirən - qəmi saxladı
«Dünya» dedikləri ələyə bənzər
gör, kimi ələdi -
kimi
saxladı…


R Ü B A İ

5.

Ruhum torpağına, daşına bağlı
baharına bağlı,
qışına bağlı.
Ağlasam,
dağların örpəksiz qalar -
dumanı
gözümün yaşına bağlı.


R Ü B A İ

6.

Çiynini dünyanın yükünə bağla
Könül, gələnlə gül,
gedənlə ağla.
O dəmlər,
o dəmlər ötüşdü,
keçdi -
bu dəmi,
bu dəmi,
bu dəmi saxla.


R Ü B A İ

7.

Bu dağlar,
sorursan ki,
nədən susur?
Borana da susur, çənə də susur?
Unutma, qoynunda xəzinə yatan
həmişə susubdur,
yenə də susur.


R Ü B A İ

8.

Əcəl solumdadır,
həsrət - sağımda,
Bir gül açılmadı könül bağımda.
Səni tərk eyləyib
getsəm də, dünya,
şirin dadın qaldı
bu damağımda.

R Ü B A İ

9.

Tanrı hamımıza müftə can verdi,
dalınca min türlü bəlanı,
dərdi
qanadlı göndərdi,
atlı göndərdi -
bir cana
bir əcəl
zatən yetərdi!


R Ü B A İ

10.

Sağlamlıq da birdir, ölüm də birdir,
Dərd, dərman - min birdir,
çəkənlər gördü.
Yatağa düşənlər əl üzdü candan -
çünki öz nəqdini
nisyəyə verdi.


R Ü B A İ

11.

Bir əlin kef eylər,
bir əlin həzər,-
sağ əlin yazanı sol əlin pozar.
Həm qılınc dilərsən,
həm baş, ey bədən-
Bu necə alverdir,
bu necə bazar?!


R Ü B A İ

12.

Qəribdim dünyada…
Eşq duydu məni,
gah güldürdü məni, gah oydu məni.
Həyat tək
onun da
yoxmuş vəfası -
ölüm yetişincə tək qoydu məni.

R Ü B A İ

13.

Al-əlvan don geyin,
açıl, şən könül,
Ey hicran yarası bitişən könül.
Ömrün bahar çağı
öz aşiqinə - Dirilik suyuna
yetişən könül.

R Ü B A İ

14.

AĞda - bir QARA xal,
QARAda - ağ NUR…
XEYİRdə - ŞƏR,
ŞƏRdə -
XEYİR uyuyur.
Bir addım ŞƏR atır,
bir addım - XEYİR -
dünya tarazlığın
belə qoruyur…


R Ü B A İ

15.

Gah ona,
gah buna getdi həyatım,
necə də boşuna getdi həyatım?!
Bir verdi,
bir aldı,
dedim: "Hər halda
Allahın xoşuna getdi həyatım."


R Ü B A İ

16.

Ömür - bir fürsətdir,
qaçırma, saqın,
şərdən uzaq dolaş,
xeyrə ol yaxın.
Ağılla, insafla yanaş hər şeyə -
haqqı
ayağına vermə nahaqqın…


RÜBAİ

17.

Öyünmə - səndədir ən güclü bədən,
Əcəl heç yel olub
ötməz üstündən.
Hər şey ötəridir…
Unutma,
hər an
Əcəlin əlində
oyuncaqsan sən.


R Ü B A İ

Rus postmodernist yazarı Vladimir Sorokin "altmışıncılar" ədəbi nəslini yenilikçi yox,
sosialist realizminin davamçısı sayır.

18.

Poxdan nə fərqi var poxun -
bir az rəngdir,
bir az qoxu…
Rahat olmaq istəyirsən -
nə yaxın get,
nə də toxun…

 

Materiyanın itməməsi qanunu 
(bir şəhid ruhunun anlatdıqları)

Qəribə təsadüflərlə doluymuş bu dünya
vallah, danışsam inanmazsınız,
amma
bir neçə il əvvəl
Gəncədə qızıl dişlərimi taxan həkim

Kəlbəcərdə,
səngərdə can verdiyim zaman
həmən dişləri damağımdan sökən əsgər də -
erməniydi.
Mən son nəfəsdə
sinəmə çökən Əzrayılla didişdiyim anlarda
o, Sarı iblislə sevişirdi.

Yəqin bir az sonra
artıq bir işimə yaramayacaq bu dişlər
dönüb
ya onun oğluna nişan üzüyü olacaqdı
ya da qızına cehiz.

1994


Vətən torpağı

Son kərə qapananda
ondan bir ovuc qoyun
gözümüzün üstə -
Vətən torpağından.
… Yaşadıqca göz üstə saxladıq onu,
öləndən sonra da saxlarıq.

Qeyd: "Vətən torpağı" şeri, Birinci Qarabağ müharibəsindən çox əvvəllər yazılıb.

Vətən torpağı - 2

(Birinci Qarabağ savaşından xeyli sonra yazılıb)

Son kərə qapananda
Ondan bir ovuc qoyun
gözümüzün üstə -
pula, qadın ağuşuna, şöhrətə satılmış,
utanmaz-utanmaz "itirilən" dediyimiz
Vətən torpağlarından -
Təbriz, Ərdəbil, Dərbənd, İrəvan, Zəngəzur, Borçalı, Şuşa, Laçın, Xocalı və sair kimi
bir cüt əbədi yumulan gözün üstünə sığmayacaq qədər çox,
xainlərimiz kimi tükənmək bilməyən
digər Vətən torpaqlarından
və bir də Göycə gölündən ikicə damla.
"Yaşadıqca göz üstə saxlaya bilmədik onları,
bəlkə öləndən sonra saxlayaq" deyirəm.

… Bir də bəlkə bunun sayəsində
nəvələrimiz unutmayalar
bu qədər xain bələdçiylə
indiyədək
haradan gəlib,
haraya və nəyə doğru getdiyimizi.

2001

Haramın haramla çıxması


(bir şəhid ruhunun anlatdıqları)


Qırmızı Bazarda gedən döyüşdə
ağılsız bir ölümə qurban getdik biz - dörd tankçı.
Yanlışlıqla girdiyimiz dalanda
geri dönə bilməyincə tankımız
ermənilərin qurduğu
pusquda bulduq özümüzü.
Üstümüzə yağan güllə yağmurundan
benzin bakımız alışdı,
alt lyükdən bayıra çıxa bilmədik -
nişançımız Dünyamalının atılmış bir evdən əkişdirdiyi
dəyirman daşı boyda "Rubin" televizoru
bir anda
həyatda sonuncu qazancımız oldu hamımızın.
Cavan, hələ ki min rəngli həyatımızı və
ağlı-qaralı-qanlı-tərli-hisli-yaralı üzlərimizi
onun qaranlıq ekranında seyr etməli olduq son kərə.
Sayılı saniyələr qalırdı partlayışa.
"Allah, Məhəmməd ya Əli" deyib
məcburən
təpə girişindən çölə çıxdıq və az sonra
ermənilərin kiraladığı
sarışın snayper qız
dəryazla ot biçər kimi
sərrast atəşlərlə
biçib-biçib sərdi yerə dördümüzü də…
Yenə də
aramızdan birisi
dəyişdi və qurban verdi hamımızın VƏTƏN eşqini
özünün DÜNYA MALIna olan eşqinə -
unutdu hər halda buralara nədən ötrü gəldiyimizi…

2001

 

 

Ağlamalı və ya Qara lətifə

Son beş yüz ildə bütün qonşular yaşadığımız torpaqlar hesabına öz ərazisini böyüdüb. Şah İsmayıldan sonrakı hökmdarlar sağa-sola ancaq torpaq paylayıb. Görəsən bu da milli mentalitetlə bağlıdır?! Ordusuz qonşumuz Xəzər də tez-tez coşub-daşır, sahilləri, bəndləri aşır. Sanki o da bizdən öz torpaq payını tələb edir…("Ən yeni tarix" kitabından)

"Satdı gülzari-behişti iki buğdayə babam,
Satmasam naxələfəm mən onu bir arpayə"
Hafiz ŞİRAZİ (çevirmən - M.Ə.SABİR)

Bu sonuncu işğal
əslində beş il öncə yox,
Rus-İran savaşı sırasında,
Gülüstandan və Türkmənçaydan sonra başlanmışdı.
Sadəcə biz özümüzü
yuxululuğa, görməməzliyə vurmuş,
samandan müqəvva kimi davranmışdıq
əsrlər, illər uzunu.

Və gün gələcəkdi biz
içimizdən qalxan vahimə və küyün hesabına
Qarabağı kənd-kənd, şəhər-şəhər,
bəzən bir gülləsiz,
bəzənsə bir şilləsiz boşaldıb
gözəl vətəni rəzil düşmənə verincə
yellənib oyanacaqdıq.
Sonra da
qızı qaçırılan və şərəfi ləkələnən
bir böyük ev durumunda olacaqdıq artıq.

Durub dalınca getsək
və qızımız bizə «geri dönmərəm,
vaxtında niyə
yiyə çıxmırdınız mənə?» deyərsə,
boynumuza ip keçirməkdən başqa
nə gələcəkdi ki əlimizdən?!

... Və indi,
illər sonrası,
hər şey
biz yuxuda ikən olub-bitdiyindən
özümüz burda qala-qala
kənarda günahkar gəzirik.
Hər şeydən bezib
əlimizdə ip
asılacaq BAŞIMIZI axtarırıq.
Amma bir vaxtlar
bu qələt qazanını qaynadan
BAŞIMIZ isə tapılmır ki, tapılmır.

P.S. İndi arada düşünürəm ki,
doğrudan da,
görəsən bizim
bu işlər baş verməzdən əvvəl
və elə əzəldən
BAŞIMIZ varmıydı ki, camaat?!

1994


Səbəb və Nəticə

Uzun-uzun düşündükdən və
qalın-qalın kitablar oxuduqdan sonra
saçımın ağı, alnımın qırışı bahasına
nəhayət anladım
niyə bu qədər zəbun olduğumuzu.
Əsrlərlə
güclü qonşuların təzyiqi və kötəyi altında bulunduğumuzdan
bizlər bu günlə,
indiylə yaşamaqdan usanıb,
keçmişik bu saat, bu anla yaşamağa.

Bunun nəticəsi
başımıza gələnlər olduğu kimi,
ayaqlar altında qalmağımızın səbəbi də
dünəni və sabahı
indiki rahatlıq xətrinə
bilmərrə unutmağımızdır.

1994


Sağalmaz yaralar

Belə getsə
görən
neçə min ilə sağalar
ruhumun bitişməmiş,
sarğısız-qaysaqsız yaraları?!

1999

 


Yerini bilmədiyimiz vətən

Bu qədər də
dar düşüncəli olmayaq gəlin,
axı VƏTƏN -
RUHumuzun AZAD olduğu YERdir.

Xəmirimizin yoğrulduğu,
doğulduğumuz bir dağ kəndi və ya şəhər,
çörəyini yediyimiz,
uğrunda yaşadığımız, öldüyümüz
və bir gün də
maddilikdən qopub
sonsuz maviliklərə millənəndə
ömür külümüzün harayasa sovrulduğu bir yer deyil.

2001

 

 

Birinci Qarabağ savaşı

Mən -
yenilgimizlə barışmadığımdan -
öz-özlüyümdə
bu davamıza
"Birinci Qarabağ savaşı" dedim,
xalqım.

Meydandan çəkilənlər üçün
yad qoltuqlarını cənnət bilənlər üçün
və sənin bütün xoşqeyrətlərin üçün
qoy bu -
sonuncu Qarabağ savaşı
olsun.

Onlara bundan ağır nə sözüm olacaq ki…

2002

 

 


Göz yaşına dönmüş səs

Günlərin bir günü
haradansa gəldilər, torpağımızı tutdular,
bizi əsir etdilər,
namusumuza sataşdılar.
"Kəsmə-şikəstə" oxuyurduq
- səsimizin gur vaxtlarıydı -
"ay adam, bu səsi qıs" dedilər,
qısdıq,
"kəs" dedilər - kəsdik,
"sus" dedilər - susduq.
Keçib yerimizdə oturdular,
yatağımızda yatdılar,
çörəyimizi yeyib, suyumuzu içdilər
keflənib öz mahnılarını oxudular.
Biz isə
mal kimi
bir küncdə kiriyib dayandıq eləcə.

Aradan illər keçdi.
Vətəndə bizi unutdular.
Düşmən böyük pullar qarşılığı
böyrəyimizi, iliyimizi, ürəyimizi
xaricə satdı,
varını-yoxunu-altını-üstünü-insanını-daşını-azını-çoxunu
nəyi vardı bu vətənin
hamısını haram pula çevirdi -
silah aldı puluna,
bizimkilər isə
(eşitdiyimizə görə -
adamın inanmağı da gəlmir, vallah)
çoxlu şadlıq sarayı, kazino tikdilər,
ancaq çal-çağır, toy-büsat qurdular bu ara,
guya ki, torpağı gedən heç bunlar deyil
(bir sözlə, namusumuzu itə atdılar…)


İndi də bunların
"böyük-böyük" qonaqları olanda
hərdən buyruqçu salırlar
nəmişliyində çürüdüyümüz bu qaranlıq zirzəmiyə
"oxuyun,- deyirlər,- məzə yerinə" -
oxuyuruq.
"Bu nə dərdli üzdür,
təbəssümünüzü hansı gününüzə saxlamısınız?
Bəlkə bundan da artıq gününüz olacaq?!"

Bu da işlərinə gəlməyəndə
ağzı qulaqlarına çatan
maskalar taxdırırlar üzümüzə,
ağzımız açılıb-yumulur, amma nə olsun, -
qəhər boğazımızı didir,
hava da səs acıdır sanki, səsimizə yerikləyib sanki.
Səsimiz elə hey əriyir,
harayasa yox olur, udulur və eşidilməz olur.

Amma
hər vəziyyətdən bir çıxış yolu varmış məgərsə,-
indi artıq
pərdənin arxasında
bizim köhnə fonoqramı səsləndirirlər

sərxoş xarici qonaqlar
bu qayğısız səsi,
bu dərdsiz üzü bizimki bilirlər.

İnsan Hüquqlarını (kimdənsə və haradasa)
qoruyan bu həriflər
axı nə bilsinlər ki,
fonoqramda şux mahnı zilə qalxanda
taxdığımız maskaların altında,
qaranlıqda,
gözümüzdən
üzümüz aşağı
imisti, könül parçalayan bir şey axır -
deyəsən,
gözyaşına dönmüş səsimiz…

2002

 

Vətənə gedən yol

                           (əsgərlik dəftərindən)

Bu yol vətənə gedir...
Quşlar, maşınlar, insanlar
vətənlərinə gedir
bu yoldan keçib.

Mən gedə bilmirəm, gedə bilmirəm,
işimi, gücümü ata bilmirəm,
dönüb qara daşa,
adsız çiçəyə
bu yolun üstündə bitə bilmirəm.
Ağrılar, acılar içimi didir,
mən gedə bilmirəm, gedə bilmirəm.

…amma
bu yol
mənsiz belə
vətənə gedir.

1984


Qürbətin duzu

Bu qürbətdə
nə düşünüb, nə yazsam belə
özümdən asılı olmadan xəmirinə
bir az qəriblik qarışacaq -
eynən çörəyin duzu kimi.

1994

 


Araz

Dəniz bircə sahilli, çay iki sahillidir
(bir şairimiz)


Bir çay axır buradan
üstündəki körpü yuxudadır hələ
yuxu dadır hələ.
Fələk də qıymaz onu oyatmağa
ağır yatmaqda nə daşlarımızdan,
nə də qardaşlarımızdan
seçilməz bu körpü, seçilməz!

Bir çay axır buradan
üstündə çəkilməz həsrət dumanı
üstündən çəkilməz həsrət dumanı
keçmək istəyənə duman yol verməz,
duman üz verməz,
bu dərdi, acını Allah da götürməz,
yox, bu çay keçilməz, keçilməz!

Bir çay axır buradan
suyunda gözümüzün yaşı,
qəlbimizin qanı,
ürəyimiz o tayının təşnəsi,
yox, bu çay içilməz, içilməz!
Dərdimizlə qoşa böyüdü bu çay,
yaramızla başbaşa böyüdü bu çay,
çay olanda içməliydik,
çay olanda keçməliydik -
gecikdik.

Artıq o axmır,
nə keçmişə, nə gələcəyə,
nə sola, nə sağa, nə yuxarı, nə aşağı,
ötənlərdə qaldı onun çaylığı -
indi bir böyük ümmandır,
dərd ümmanı - sahilsiz,
içilməz artıq, keçilməz artıq...

Bir çay axır buradan,
dan yeri əvəzinə
ona dikilib gözlərimiz,
ürəyimiz o tayının təşnəsi,
gözlərimiz bu tayının çeşməsi...

1983

Saat

1.

Hər dəfə eyni yerlərdən keçsə də
ayrı-ayrı zamanları göstərər,
ya əvvəli göstərər, ya axırı -
əqrəblərin.
Təkrar etməz özünü belə heç vədə.

2.

Əqrəblərin əsiridir ZAMANın,
divanə kimi qaçarlar
ardınca
əylənməyi belə düşünmədən.

3.

Əqrəblərin
atılmış aşiqlər kimidir -
«Köksünüzü kim dağladı belə?
Kim belə üzdü sizi?» soranlara
VAXTI göstərərlər.

4.

Əqrəblərin
ömür-gün dostumuzdur,
göstərərlər ömrün
haradan haraya getdiyini hər an
bir qarşılıq ummadan.

1981

 

 


Ümidsizlik zülməti

Bir zəif ümid
qala divarı tək qalın,
keçilməz qaranlıqda
gülümsəyən zəncinin dişləri kimi
işardı
və həmişəlik yox oldu.

1999

Həyat

Ondan:
«ölüm qədər belə vəfalı deyil,
izləməz kölgə kimi qarabaqara bizi»
deyə küsməyin.
Onun işi -
çırtlamaqdır hər an
tumurcuq tək içimizdə,
ayaqlar altda sürünmək deyil.

1982

 

 


Torpağın yuxusuymuşuq

(meditasiya)

Torpaq uyuyurmuş hamımızda.
Torpaqdan yoğrulubmuşuq demə.
Torpağın yuxusuymuşuq demə,
hamımızı görəcəkmiş torpaq,
qara torpaq örtəcəkmiş ağ üzümüzü,
hamımızı görəcəkmiş,
hamımıza çatacaqmış
hamımıza çatacaqmış növbə.

Torpağın yuxusuymuşuq demə

başqa heç nə…

1982

 

 


Vətən ticarəti və ya
Vətəni alıb-satmaq işi

…ehtiyatlı olun,
hər daşın altında bir xain yatır
hər xain qəlbində bir dəllal yatır

(Ehtiyatlı Adamın Ehtiyatsızlara
məsləhətlərindən)

Vətəni satmaq
onu sevənlərin işi olmadığı kimi
Vətəni yağı tapdağından qurtarmaq da
ən azından
onu satanların
işi deyil.

2002

 

 

Dünya türkləri üçün
təsəlli türküsü

Biz bu Tarix təkərini çox döndərmişik -
bu gün növbə başqasının,
başqalarının.

Biz də bu təkər altında əzilərmişik -
sabah növbə başqasının,
başqalarının.

Nədən keçmiş günlərimiz bizə bal dadır?!
Çünki bu gün üstdə olan
yarın altdadır!

Biz bu Tarix təkərini çox döndərmişik -
bu gün növbə başqasının,
başqalarının.

Biz də bu təkər altında əzilərmişik -
sabah növbə başqasının,
başqalarının.

1994

 

 

Qürbət eldə can incələr

Qürbət eldə can incələr
elinə həsrətdi, ana.
Budaqdan ayrı qönçələr
gülünə həsrətdi, ana.

Göz yaşım gölə yetdisə,
köksümdə dağlar bitdisə,
qəddim Məcnun söyüddüsə
telinə həsrətdi, ana.

Bu nə haldı, bu nə gündü,
niyə eşqim məndən döndü?!
bu saralmış rəngim indi
alına həsrətdi, ana.

Sevən könlüm, sınan könlüm
bu dünyadan dönən könlüm
qəriblikdə yanan könlüm
dilinə həsrətdi, ana.

Getməz başdan dərd dumanım,
bir kəsə gəlməz gümanım,
köynəyim tək qırış alnım
əlinə həsrətdi, ana.

1995

 

 

 

 

Paradoks

Yolun sonu mənzildir
yarıda qırılmasa.
Yaşamın sonu ölümdür
harada qırılsa.

1983


Zülmət

Nəyi var ki, zülmətin
çılpaqlığından özgə?
Qorxuncluğu,
soyuqluğu da bundandır bəlkə,
ümidsizliyi də…

Bir işıq ucu görününcə
hər şey geyinər rəngini,
alar öz adını -
olan-qalan
çılpaqlığını da itirər
zülmət.


1981

Totalitar rejim

Yuxular və arzuları idarə etmək imkan xaricindədir
Bir müdrik adam.

... Tikə-tikə doğradığım adamın
qanının qoxusu burnuma dəyəndə
bir öyümək gəldi içimdən -
öz bağırtıma oyandım.
Bumbuz idi
kürəyimə yapışan tərli köynək,
yarpaq kimi əsirdi,
uçunurdu bədənim.
Qalxıb güzgüdə özümü süzdüm :
biz-biz olmuşdu tüklərim
və gözlərimə sızmışdı ölənin qanı.
Yaxşı ki, düşündüm, -
yuxuymuş.
Əl-üzümə su vurmaqdan ötrü
elə kranı açmağımı gördüm -
ovuclarım su ilə dolanacan
qulaqlarım səslə doldu, -
qapıma dolu kimi yağan yumruq səsiylə.
Açdım. İki yekəpər polisdi.
«Bizimlə gedəcəksən, haydı, geyin» dedilər,
«bu da həbsin haqda izin.
Adam öldürməkdə suçlusan.»

Verə bildiyim yeganə
«Axı harda, haçağ?» sualına
«Bu gecə. Yuxuda» cavabını alanda
daha heyrətlənmədim.
Heç siz də
heyrətlənməyin.

1985-1993

 


Aldanmış badam ağacının pıçıltısı

Qış günəşinin hərarətinə aldanıb
vaxtsız çiçəkləməsəydim
və don vurmasaydı qol-budağımı
indi mən də
bu ilk baharda
çiçəklərdən don geyməliydim
başqa ağaclar kimi,
təpədən-dırnağa
bürünməliydim
çəhrayıya,
ağa…

1991

 


Ağlı-qaralı dünya

Əzizim qara damlar
qızıl qan qara damlar.
Nə günahlar işlədi
qar əllər, qar adamlar.

Əzizim qara damlar
ağ evlər, qara damlar.
Qara gözümün yaşı
köksündə qara damlar.

Əzizim qara damlar
qar damlar, qara damlar.
Saçıma qar yağdırdı
buz qəlblər, qar adamlar.

1981

 

Göyərçinlər

Yerimək
ipək ayaqlarının deyil,
sanki
şux boyunlarının gördüyü bir işdir -
yəqin gəzməkdən yorulanda
deyinirlər: «Boynum lap əldən düşdü».

1981

Daşlar

Ağlar bizə torpaqlar,
Dağlar, dərələr, daşlar…
M.Ə.SABİR "Bənzətmə" şeri

Yumulu gözlər
Mumlanmış dodaqlar
Kəsik başlar
Gec düyümlənmiş yumruqlar
Vaxtında deyilmədiyinə daşlaşan sözlər
Ürəkdən asılan yüklər
Kimsəsizlər
Qərib dənizin yetim damlaları
Yaranışdan bəri unudulmuşlar
Atılmışlar
Yatmışlar
Susmuşlar
Donmuşlar
Bir gün dil açacaqlarına,
gül açacaqlarına aid nağıla aldanmışlar
Aldadılmışlar
Bir sözlə -
DAŞLAR!

1983

 


Növbələr

Bu dünyadan biz də gəlib keçdik.
Bizim də axırımıza çıxdı dünya.
Gecə növbə ilə, səhər növbə ilə,
körpəlik, cavanlıq, qocalıq,
başımıza gələnlər növbə ilə.
Yağımız növbə ilə, çörəyimiz növbə ilə.
Doğulmağımız, sevməyimiz,
ölməyimiz növbə ilə.
Uzanıb, uzanıb qısaltdılar
ömrümüzü.
Növbələr çürütdü bizi,
dünyadan köçürtdü bizi.

Gidi dünya,
növbələrin
növbəsiz qoydu bizi.

1985

 

 

Qoyun

Vəzifədən ötrü xalqı hər an tapdaq altına, qırğına verməyə hazır olan soysuz həmvətənlərimizə

Durmadan mələyən bu qoyun
"mə-ə-ən" deyir, "mə-ə-ən"
"mənəm-mənəm" deyir,
"mən də varam" deyir,
"mən də varam, - deyir, - insan qardaşlar,
çıxıb başınızda oturanların,
sizi qəflət yuxusuyla yatıranların,
çörəyinizin ağını,
südünüzün qaymağını yeyib
quduranların
harası haramdan artıqdır?!
Çoxusunun
qafasında gəzdirdiyi beyin deyil,
qaxsımış qatıqdır.

Mən də onlar kimi
bıçaq boğaza dirənənədək,
haqq yolunda bir işıq ucu görünənədək
bağıracağam:
"mə-ə-ən" deyə, "mənəm-mənəm" deyə,
bükəcəyəm ömrünüzü göy əskiyə.
Eşitməyənlər üçün
bir də təkrar edirəm:
"Kimdən əskiyəm
mə-ə-ən?!"

1992

Qəribə qoxusu var pulların

«Xoşbəxtlik pulda deyilsə, onu qonşunuza verin»
Jül Renar

Qəribə qoxusu var pulların.
Bilmirsən tər qoxusudur, yoxsa...
axı hələ də zəhmətin ölçüsüdür pullar,
fərq etməz -
əli qabarlı işçinin alın təri,
ya dizləri əsən oğrunun kürəyindən
gedən soyuq tər,
qorxu təri...

Bilmirsən qan qoxusudur onlara hopan,
yoxsa...
axı hələ də onlarla batırılır qanlar
(keçmişdə qanla yuyulsa da)
alınır, satılır canlı insanlar.
Gözünüzü döyməyin -
«qan pulu» sözünü eşitməmisiniz yoxsa?!

Bilmirsən kir qoxusudur onlara hopan, yoxsa...
axı, pullar əl çirkidir həm də
lap dünən kəsilsə də.
Pullar var əski kimi -
sürtüldüyündən,
üzü üzlər gördüyündən,
pullar var əskidən də betər -
boğulmaqda olan haqqın ağzına dürtüldüyündən!

Pullar var şamşax - dik qoy,
adamdan yaxşı gəzsin, yerisin,
getsin, gətirsin,
dilə dilədiyini -
bir su içim saatda yetirsin,
xoşuna gəlməyənləri
lap aradan götürsün,
nə fərqi varmış canlı, ya cansız...

Nə qədər üzü pis olsa da
insanın bu ucuz vaxtında
xoşbəxtlik hələ ki puldadır həm də.
Odur ki, pul kisənizin ağzını açıb
yoldan ötənə paylamayın -
hələ üstəlik taleyiniz sınıqsa,
tavanınızdan damırsa,
ümidləriniz corabınız kimi yamaq-yamaqsa,
çaşıb küyə gedərsiniz,
bilməyənlər qoy bilsin -
çox baməzə kişi olub
Jül Renar.

1991

 


Mal yiyəsinə oxşamazsa

Mal yiyəsinə oxşamazsa -
haram buyrulmuş…
Bizim işçilər
töhmətə, divana, zora möhtac işlər
təki qorxu olsun
susuz, ac işlər.
Yapıb buraxdıqları mallar da eləcə -
televizor yumruqla işlər,
soyuducu dümsüklə…
Bircə bilsəydim
bizi kim saldı bu şəklə!
Axı, nədən
adamlarımız kimi
mallarımız da
xoş rəftara deyil,
zor və hökm üstünə köklənmiş, qurulmuş?!
Doğru sözdür ki,
yiyəsinə oxşamayan mal haram buyrulmuş…

1992

 

Dəli

O, Hamını dəli saydığına
Hamı da ona "dəli" deyir.
O, Hamıya gülüb doyub
indi Hamı Ona gülür.

Və qəribədir ki,
hər iki tərəf
tək özünü
AĞILLI
bilir.

1984

Kök adam

Elə yedi, elə içdi
eybəcərləşdi,
çıxdı insan cildindən,
insan əndazəsindən -
indi nə eni bilinir, nə də uzunu.
Ona cəza verib təbiət bunu.

1983

 


Huşsuz

İynəsi yaxasında -
əli yaxasında
iynə gəzir

Huşu iynənin gözündə

1983

 


Ciddi adam

Tale
bir kərə də ona güldü.
Osa
həmişəki kimi ciddiydi yenə:
«Nə var? Nə dişlərinizi ağardırsınız?»
dedi acıqlı.
Tale
niyə gəldiyini, niyə güldüyünü unutdu.
Qayıdıb getdi.

1982

 

Qədər və Qədr

Mənalı yaşamaq
bəlkə də vaxtın
Qədrini bilməkdədir,
Qədərini bilməkdə deyil.

1987

 


Qızıl teşt

Payızda torpaq -
can verən ağacların
sarı-qırmızı yarpaqlar qusduğu
qızıl teştdir.

1984

 


Allah vergisi

Günəbaxan
gözübağlı belə bulur
günəşin doğduğu yeri -
QİBLƏsini.

1991

 


Şərqdə fikir azadlığı

… və Bərabərlik
səslərin
çıxdıqları yerə
girməsi ilə
başlar
adətən.

2002

Həyatın tərifi

Həyat
bəlkə də
ehtiyaclar içindəki insanın
çabalamasıdır əslində -
zənginlər üçün bu
qolunu yorunca süzdüyü rəqsdirsə,
yoxsullar üçün -
çamurluqda ağanamaq.

1991

 


Ölümün tərifi

Ölmək - yıxılmaqdır,
yıxılmaq - havadan tutmaq,
əllər boşa çıxar
hər dəfə…

1983

Bahar

Bahar
lətifə pıçıldayır
qönçələrin, tumurcuqların qulağına.
Dodaqları qaçıb, gözləri gülür artıq,
açılacaqlar bir an sonra
qəhqəhə çəkincə.

1985

 

Ağaclar haqda əfsanə

Ağaclar -
əlləri, qollarıymış torpağın
gündüzlər göylərə salam verməyə,
gecələr ulduz dərməyə uzanan…

1984

Nə yazsam artıqdır

Ən mənalı şerimi sənə yazmalıydım -
anaların ən gözəlinə, ən vəfalısına,
gecikdim:
Ən gözəl söz kimi
yazılmışdın artıq taleyimə.

1984


Ümidimin gözləri

Gözləməkdən
ümidimin gözləri
böyüdü, böyüdü, böyüdü…
İndi mənə hərdən elə gəlir ki,
ümidim artıq
elə həmən GÖZLƏRdir.

1988

Bir Sözün yolunda

Qələm olsa - deyirsən, -
kağız olsa
gecə-gündüz yazsam - deyirsən, -
nə varmış şair olmağa…

"Söz olsa" demədin heç, qardaşım,
söz olsa -
hamının dərdi,
hamının gərəyi,
könüllər dirəyi olacaq bir söz olsa
demədin heç.
Asanmı bəyəm?
Zor işdir, qardaşım, zor işdir,
yalan deyir "asandır" deyən.

O uzun gecələr sən Ay olsaydın
və üstəlik pəncərəmdən asılsaydın
görərdin nələr çəkir insan oğlu
illərlə bulammadığı
həmən o bir SÖZün yolunda…

1988


Bizim iş üsulumuz

Biz belə işləyirik -
beş nəfər buyruqçu əli belində,
iki nəfər fəhlə beli əlində :
«işlə, canım, işlə
işlə, quzum, işlə
Allah qüvvət versin,
yavan çörəyini yetirsin.»
Hər gün belə, hər ay belə…

Maaş vaxtına gəlincə isə -
fəhlənin əli ətəyindən uzun,
buyruqçunun ətəyi əlindən uzun
və yenə də:
«işlə, canım, işlə
işlə, quzum, işlə
Allah bərəkət versin,
ardını yetirsin,
arası kəsilməsin ruzumuzun.»

Hər ay belə, hər il belə

hər yer belə…

1993

Balaca Günelin prezidentə məktubu

"Amerika prezidenti neytron ölümü ilə oynayır"
dedi radio.
Mənim də oyuncaqlarım var,
gəlinciyim, dovşanım, topum.
Neytron oyuncağı necə olur, prezident əmi?
Gəlincikmidir, topmudur, al-əlvanmıdır barı?
Sənin də uşaqların varmı, prezident əmi?
Onlara nağıl danışırsanmı gecələr?
O oyuncağa niyə "neytron ölümü" deyirlər?
Oyuncaq da ölüm gətirərmi heç?
Ölümlə də oynamaq olarmı?
Atam oynamaz mənim oyuncaqlarımla
"Onlar uşaqlar üçündür - deyər, -
tez böyüsünlər".

Sən hələ böyüməmisənmi, prezident əmi?

1980

Divar

Kimsəyə açılmaz bu qapı.
Heç yerə açılmaz bu qapı.
Nə vaxtdır açılmaz bu qapı.
Yox, daha açılmaz bu qapı!

Gəlməz bir səs belə içindən.
Qocalar sükutla baş-başa.
Susduqca qonşusu divar tək,
hasar tək
heç nəylə seçilməz onlardan.

İçində dustaqdır o yazıq.
Gözləri, ağızı kilidli.
O elə qapanıb özünə,
içinə
ayılmaz -
bəlkə heç əcəli gəlsə də.

Nə qədər ürək var dünyada
qapalı,
qırılmış,
dərbədər.
Qırx qapı ardında nadandan
yaralı ruhunu gizlədər.

Unutmuş açılmaq xislətin,
özüylə həm dostdur-əğyardır.
Heç yerə açılmaz qapılar
kim bilir,
bəlkə də əslində
QAPI yox, - eləcə DİVARdır!

1982-2001

 


Kölgədən işığa

Məndən kölgə düşür -
arxasında oturduğum masaya
üstünə əyildiyim kağıza
əlimdəki qələmə
qələmin qara ucuna.

Qələmlə işıqlı sözlər yazıram
qələmlə işıqlı sözlər gəzirəm
qaraladığım sətirlərin arasında,
tapınca onları
bu səfəri
məndən işıq düşür
masaya
kağıza
qələmə
qələmin qara ucuna
və neçə-neçə tutqun ürəyə.

1988

 

Bir gün

Bu gün də belə keçdi
quş kimi çırpınıb çıxdı əlimizdən
bir günün də ixtiyarı.
Bağlandı üzümüzə
daha bir günün qapıları.

Görüləsi işlər qaldı
görmədiyim üzlər qaldı
deyiləsi sözlər qaldı
gedənlər getdi
bitənlər bitdi
qalanlarsa qaldı -
qaldı bir günün qapısı ardında,
bağlandı üzlərinə
bitən bir günün qapıları.

Qalanlar qaldı sabahlara
bəlkə də bu gündən daha gözəl sabahlara.
Açılın üzümüzə, sabahın qapıları,
gör nə qədər görüləsi işimiz var -
ömür isə…
harasından baxsan keçir.

1983

 

Saçlarım tökülür

                           Bir dostun şikayətləri üzərinə    

Saçlarım tökülür…
Niyə? - Bilmirəm.
Ömrümün qışında deyiləm ki mən?!
Saçlarım tökülür…
Deyə bilmirəm
Onlara könlümün sözünü nədən?!

Saçlarım tökülür…
Axı, nə üçün?
Mən ki xəzanbilməz baharam hələ.
Min-milyon olsa da
tökülüb bir gün
bilirəm, biri də heç gəlməz ələ.

Saçlarım tökülür…
İndi dərd olub
davasız-dərmansız gülərək mənə.
Saçım,
baharına yağan qar-dolu
niyə vaxtsız gəldi sənin ömrünə?!

Adətdir, payızda düşər ağacın
saralmış xəzələ dönən yarpağı.
Mənə də dərd olub,
axı, ay saçım,
sənin
belə vaxtsız xəzəl olmağın.

Saçlarım ağarıb tökülsə, nə qəm,
deyərəm: həyatın işidir onsuz.
Axı,
yazılmamış itsə - bilirəm,
nə qədər faydasız görünür kağız.

Dağları görmürəm - dərdimi deyəm,
duman-çən salıbdır bu ayrılığı…
Heyrətdən
don vurmuş ağac kimiyəm -
çiynimə
"yamyaşıl" yarpaqlar yağır…

Saçlarım tökülür…
Niyə? - Bilmirəm
Ömrümün qışında deyiləm ki, mən.
Saçlarım tökülür…
Deyə bilmirəm
Onlara könlümün sözünü nədən?!

1976

Masa ilə iki nəfər üçün duet

Bu vağzal çayxanasında
bir stəkan çay içib
bölüşməliydik dərdlərimizi, qayğılarımızı,
yazdıqlarımızı, yazacaqlarımızı
Rasim Qaraca ilə.

Bir dəstə sərçə
civildəşə-civildəşə, sevişə-sevişə, savaşa-savaşa
əsirgəmədi bizdən zılını
buladı üstümüzü, çayımızı, masamızı.
Birimiz masanı,
o birimiz stulları sürüdürük bayaqdan
çayxana həyətində o başa, bu başa.
Sərçələr də əl çəkmir yaxamızdan
biz yerimizi dəyişdikcə
onlar da ağaclarını dəyişir,
necə olsa,
harda olsaq tapırlar bizi.

"Bəlkə də bu, bir uğurdur" deyirlər qonşularımız,
"bəlkə də quşlar
hansısa uğura
muştuluq umurlar siz dili-qafillərdən?!"
Biz isə qaçırıq bundan
hər halda
yazıqları gəlir bizə
bu girinc-giriftar quşların.

Bir də -
sonunu görməyincə -
kim deyə bilər ki,
uğura qaçır,
yoxsa uğurdan?!

1992

 

Sürət fərqi

Yeriyərkən
Düşünmürəm.
Düşünərkən
Yeriyirəm.
Fazil Hüsnü DAĞLARCA

Yeriyərkən düşünür
və düşünərkən də yeriyirəmsə,
mən daha sürətli deyiləmmi,
Fazil Hüsnü əfəndi?

1983

Bakirəlik

Səhərlər
hava
necə də saf olur
insan Nəfəsi və Nəfsi dəymədiyinə…

1981

 


Nizami

Dünyaya göz açdın Gəncə elində,
mayana şeriyyət qatdı bu torpaq.
Sənə yasaq oldu ana dilində
Dastanlar bağlamaq,
qəzəllər qoşmaq.

"Türk dili yaraşmaz şah nəslimizə…" *
dağlandı sənətkar, şair sinələr.
Qara damğalarla
bal dilimizə
vuruldu
nə qədər acı tənələr.

Mən ana dilimin divanəsiyəm,
heyranam hər sözün
min bir rənginə.
Ətrinin,
nurunun
pərvanəsiyəm -
onsuz qürbət gəlir
bu dünya mənə.

* Şairin "Leyli və Məcnun" məsnəvisindəndir (çevirmən - Səməd Vurğun)

Lacivərd göylərin hüsnü var onda -
bənzər göz yaşına,
quzey qarına.
Layla tək süzülüb
göy qurşağından
qonub anamızın dodaqlarına…

Tanrının özüylə tanrılıq etdi,
titrətdi bu dillə
göyü Nəsimi.
Füzuli dağları yaxdı,
əritdi,
qurdu
neçə-neçə məna tilsimi.

İşindən-gücündən
ömür alaraq
dəyişən dünyada
iz qoymaq çətin.
Ucaldı göylərə
- türbəndən qabaq -
sənin ulu şerin,
ulu sənətin.

Əsrin bəxşiş aldı
adını səndən,
illər karvan tutdu,
əsrlər köçdü.
Çıxdın tarixlərin keşməkeşindən -
şəfəqin
dünəndən bugünə düşdü.

Mən necə şerini bənzədim gülə,
hansı gül bu qədər qalıb,
solmayıb?!
Şerin zinət verib
səkkiz yüz ilə
hələ də
mislini görən olmayıb.

Qəbrinin
könüllər olsa da yeri,
babam, icazə ver,
bir qom çiçək tək
ANA DİLİMİZDƏ
yazdığım şeri
qoyum məzarına… təzim edərək.

1981



Həqiqət

Həqiqət günəş işığı kimi hər şeyi dəlib keçir

Günəş - həqiqətdir.
Onu heç yerdə,
dibsiz quyuda da gizlətmək olmaz.
Yox,
əgər gizlənsə o, zülmətlərdə
haqq ölər,
səhər də heç vaxt açılmaz!

1977

 


Kölgələnmiş gözəllik

(etüd)

Rəssamlar çəkir.
İki çılpaq qadın oturmuş.
Biri utanar
o yan, bu yanını örtər arabir
ismət süzülər gözəlliyindən
alnında,
sinəsində
puçur-puçur tər.

O biri qadın şit-şit gülər
ora-burasından xəbəri yox,
çəkinməsə
yuxa kimi açılıb səriləcək
hamının gözü önündə.
Sırtıq bir ifadə donub gözlərində.
Çılpaqlığı açıq-saçıq.
Gözəlliyi kölgəli.

1981

 

İnam

Qorxduq -
tək səbirdən
qara pişikdən,
on üç sayından,
cindən, şeytandan…
Eh, daha nələrdən qorxduq
və daha nələrə inandıq, kim bilir,
ÖZÜMÜZƏ -
İçimizdəki İNSANA inanmayanda.

1981

İçərişəhər əfsanəsi

("Dənizə məktublar" poemasından)

1.

Dəymədi gözümə,
görmədim burada
nə nağıllardakı "ins-cins"i,
nə də "adam-badam iysi..."
İnsanlar yaşamır burada
elə bil,
görəsən haraya gediblər?..
Biri-birinə açılan alaqapılar,
bir çiyinlik küçələr.
Məlul-məlul boynunu buran
uçuq-sökük evlər.
Tarix kimi qocalan-qarıyan,
təkcə
köhnə kinolarda çəkilməyə yarayan
İçərişəhər
(bir şair sənə
"biçarə şəhər" dedi).
Köçəri şəhər...

Köçəri quş eşitmişdim,
el-oba görmüşdüm,
ilk dəfəydi görürdüm şəhər də köçəri ola,
köçəri...
Səssizlik var burada,
sükut var.
Elə bil
Bakının bütün sükutunu da,
yasını da
dustaq eləyiblər burada,
dörd divar arasında...

İçərişəhər,
böyük şəhərin sükut muzeyi,
kədər muzeyi,
adsız muzeyi.
Kədər muzeyi də görməmişəm,
İçərişəhər,
kədər muzeyi,
kədər...
Keçmişin xanının, sultanının ərşə
sütun etdiyi zülmü,
xalqımın çəkdiyi ahı, amanı
salıblar çərçivəyə,
ad da qoyublar hələ, ad da
"İçərişəhər" deyə...

2.

Köçəri şəhər...
Bəlkə o
tarixin durnaya çevrilən varağıdır elə -
ayrı düşüb səfdən?
Yaralayıblar
dənizin üstündən keçəndə?
Əlləri quruyaydı,
ona necə qıyıblar görən,
qanına boyayıblar görən -
bütün köçəri quşlar
isti yurda köçəndə?

... Dəniz qıymayıb ona,
qabarıb,
dalğaların qoynunda
birbaş sahilə,
sahilə aparıb,
insanlara:
"Bu dərdə bir çarə!" deyə-
"ilk bahar gələndə sağalıb,
öz dəstəsinə qoşulsun
bu yazıq,
bu biçarə!" deyə.

Nə bilim, bəlkə də
insanlar
anlaya, duya bilməyiblər onu?!
Sağalda,
dirildə bilməyiblər onu,
qoruya bilməyiblər onu?!
Bəlkə elə
buna görə uçulur,
qocalır səssizlikdə
İçərişəhər?
Öz durna qatarından
ayrı düşən köçəri şəhər?!

3.

Bir də
kədərli bir hikmət var bu yerdə,
deyərlər:
"Ötəni saxlamaq olmaz,
ötəni...
İstər yelqanadlı gün olsun,
istər köçəri quş,
əvvəlmi,
axırmı köçməlidir,
qovuşmalıdır ötənlərə...
İnad da mənasızdır,
tərslik də yersiz, boş yerə...

Fəqət qara,
uçuq divarları kimi hisli,
nəmli gözləri
nə zamandır dikilib,
dikilib uzaqlara:
"Birdən gələn olar!.."
Hər bahar,
hər bahar gözləri öz dəstəsin
axtarar,
axtarar ümidli,
inamlı...
Bir az kədərdən,
bir az sevincdən nəmli.

Deyər İçərişəhər:
"Harda qaldı o dəstə,
harda axı?!
Gözümdə qara qalmadı
yollara baxmaqdan,
gözümün qorasın sıxmaqdan.
İlahi, əriməyəcəkmi
könlümün qəm dağı?
Şahinəmi rast gəldi durnalar,
səf-qatarmı pozuldu?
Aramızda bağlanan
əhd-ilqarmı pozuldu?
Harda qaldılar, axı,
harda?
Qulağım hələ də səsdədir,
gözlərim yollarda,
yollarda...
Barı bir gəlmədilər -
onlara qoşulum,
mən də duyum sevincin dadını,
rəngini...
Gəlmədilər -
uğurlayalar ağrılara bələnən ömrümün
son addımını,
hiss edələr ürəyimin...
son ahəngini:
Gəlmədilər -
yada salmadılar
biz ayrılalı illər,
əsrlər ötdüyünü,
Gəlmədilər -
axır ki,
gəldi,
yetişdi ömrümün son günü...
GƏLMƏDİLƏR!!!"

4.

Deyirlər:
"Dözmək olmaz bu dərdə,
insanlar, dözmək olmaz,
qoymayın bizi təklikdə,
qoymayın darda...
Boğulur səsləri,
ahları,
nalələri,
nəfəsləri daşların.

Boğulur
böyük şəhərin hayında-küyündə,
boğulur -
keçmişin ölüm kimi ağır səssizliyində,
boğulur köçəri... İçərişəhər.
Yox olur
yurdumun dünənindən düşüb qalmış
yaralı durnası, sonası -
Bakımın anası,
yox olur,
yox olur köçəri
İçərişəhər...

5.

İçərişəhər,
bizim eldə deyərlər:
"Ötən günə gün çatmaz..."

Keçən quşa ün çatmaz,
kədərini boğmağa
bəs olmaz,
sənə toy-düyün çatmaz,
nə qədər olsa,
nə qədər -
İçərişəhər...
Neyləyək,
di gəl döz,
gəl qatlaş bu ağrı-əzaba,
hicrana bir təhər,
İçərişəhər...

1979

 


Zülmətin gözləri

1.

Kişi pıçıldayırdı:
"Hə-ə-ə, həyəti-cığırı kol-kos basıbdır,
təzə quyu qazmaq lazımdır,
ağaclar quruyub,
mən əkən güllər də…"

Qadın susurdu:
"Eh, indi kimə lazımdır bunlar,
hər şey ötən günlərdə qaldı,
ötən günlərdə…
Bu dava salanın atasına lənət!
Bir də kişi bunları
nə gördü, ilahi? "
Arvadı götürmüşdü dərd.
Amma susurdu.

2.

Kişi pıçıldayırdı:
"Sənin qara gözlərinin
işığına bürünmüşəm,
ölümlərlə çarpışmışam,
hicranlardan qorunmuşam, -
gəlmişəm.
Od içindən səni sevib,
səni deyib gəlmişəm".
Kobud, titrək əlləri gəzirdi
qadınının üzündə:
"Qaşların çatmadır yenə də,
çənən də çökükdür.
Sədaqətin, vəfan kimi
ürəyin də böyükdür,
hamısını görürəm, duyuram…"

Qadının ürəyi atlanırdı
gözlərinin dərinliyində:
"Sən gördüyün qara gözlər
dünya işığına həsrətdir indi"
demək gəlirdi içindən
hər səfər əri "gözlərin" deyəndə,
amma susurdu.
Deyə bilmirdi gözlərinin
ağlamaqdan tutulduğunu,
bu boyda dünyanın
başına dar olduğunu
deyə bilmirdi.
Ərini eyni nəvazişlə oxşaya bilmirdi,
Qonşular demişdi kişiyə
arvadının da kor olduğunu.

Qadın susurdu,
Zülmətdən başqa heç nə görmürdü.
Kişi də…
bilirdi bunu.

3.

Yarıqaranlıq otaq.
Pəncərədə bir parça yuxulu dəniz.
Uzun ayrılıqdan sonra
dərdləşirlər ər-arvad,
sözlər ilə ovunaraq,
biri-birindən xəbərli-xəbərsiz.
İsti kişi nəfəsi əridirdi həsrəti.

Qadın - ağlının gözüylə baxırdı.
Kişi - ürəyinin gözüylə sevirdi.
Qadın susurdu.
Kişi də…
kor idi.

1979

Əflatun eşqi

Bir qönçə aşiqiyəm
uzaqdan-uzağa gördüyüm,
hələ qoxlamadığım qönçə
neyləyim ki,
hüsnündən məstəm artıq.

Bilmirəm
toxunsam gülmü olar,
ya uçub gedən kəpənəkmi?
Qoxlasam arifmi olaram,
dəli-divanəmi?

Mən bir qönçəyə aşiq,
bir qönçə ki,
belə sirli qalmasını istərəm
ona toxunmadan…

1982

 

Səni görmək

Səni görmək
yuxularımın ən gözəlidir
amma nədəndir
oyanınca
unuduram necə olduğunu.

1985

 

Qaranlıqda pıçıltılar

Əllərin necə də böyükdür...
(oxşayırsan)
Hə, gülüm.
Ürəyin kimi.
... (susuram)

- Gözlərin də təmizdir, dərindir...
(baxmaqdan doymursan)
Hə, gülüm.
Ürəyin kimi.
... (susuram)

Sinən necə genişdir...
(başını qoyursan)
Hə, gülüm.
Ürəyin kimi.
... (susuram)

- Bunlar həm də mənimdir?..
Hə, gülüm.
Ürəyin kimi?!
Ürəyin kimi...

1979


Qocalıq nişanəsi

(etüd)


Səhərdir.
Gözəl bir qız işə gedir.
İns-cins olmadığından küçədə
güzgü çıxarıb özünü süzdü.


Qəfil bir qoca çıxdı tindən,
qız güzgünü gizlətdi,
nəsə düşübmüş kimi gözünü eşdi
və keçdi.


Qoca dayandı, durdu,
qızın arxasınca uzun-uzadı
baxdı, baxdı, baxdı,
cavan olsaydı bəlkə də şirin bir söz atardı -
donquldandı.

1982

 

Kitabxanada

Oxumağa qoymurlar ki, adamı
bu yaz çiçəyi, naz çiçəyi qızlar.
Keçirlər.
Sükutu sındırıb keçirlər.
Yerişlərinə qoşulub gedir fikrimiz,
gülüşlərinin arasında itir fikrimiz,
saçlarına qarışıb qalır fikrimiz,
çaşıb qalır fikrimiz:
"Yaxşı, harada idik, nədən başlayaq?!"
Oxumağa qoymurlar ki, adamı…
Sabahkı imtahanı da unutdururlar
az qala.

1982

Sən olduqca

Gözlərim dincələr gözəlliyində
ürkək-ürkək baxaram
"azalar" deyə.


Ömrüm uzanar gözəlliyinlə
ölüm də yaxın düşməz mənə
sən olduqca.

1981

Xəstəlik tarixçəsi

Sevdandan xəstə yatıram
aşiqlər xəstəxanasında.
Yerim-yatağım dümağ kədərdir,
yoluxanlarım - vəfalı xatirələr,
dərdim - sevdadır,
cərrahım - ayrılıq.


Sevdandan xəstə yatıram
bir xeyli var…

1982

Ağartdı saçımı ilk sevda mənim

İlk sevda, ilk həsrət
ilk dəni gətirir saça - bilirdim.
Bir dənin «niyə»ləri
qondurur min dən saça - bilmirdim,
bildim.

Ağartdı saçımı ilk sevda mənim.

1983

 


Dəniz qeyrəti

Dəniz çalxanır qəzəbli,
dəniz çalxanır qəzəbli,
dalğalarla gəmirərək sahili.
Səbəbini sorduq,
söz tutmadı ağızı-dili.

Dəniz qərar tutmur yerində,
sahildəkilər azalmış.
Hanı o gözəl rəngləri dənizimizin -
nədən belə bozarmış?!

Dəniz çalxanır qəzəbli,
bir söyüd pıçıldayır qulağımıza:
«Nə etsin coşmayıb dəli-dəli?
Yenə də sahildə bir oğlan
yalandan «sevirəm» deyib
nə bilim neçənci qıza...»

Dəniz çalxanır qəzəbli,
dəniz çalxanır qəzəbli,
dalğalarla gəmirərək sahili...

1982

 


Həsrətin

gözlərim gözlədi
ürəyim sızladı
dağları düzlədi -
həsrətin.

arzumu qaraltdı
nəşəmi daraltdı
ömrümü saraltdı -
həsrətin.

fikir də usanır
vüsalın bəs hanı?
necə də uzanır -
həsrətin.

sönməyən ahımdır
əzəldən qorxumdu
çəkilən yuxumdur -
həsrətin…

1979

 

 

Qadınların fərqi

On beş

hətta qırxbeş yaşda
özlərini
bir qızılgül qönçəsi kimi
aparsalar da
əslində
çoxusu
ya sarımsaqdır,
ya da ki,
soğan.

1986

Sevənlərin haqqı

Fikrimizdə tutduğumuz zirvəyə
yüksəlmədiklərindən ötrü
sevdiklərimizə
elə onları sevdiyimiz qədər də qızmağımız
yazılmamış haqqımızdır
bəlkə də.

1993

 


Özümü anlayammıram

Sənsizlikdə
səndən yana
qəribsəməkdi adətim.
Artıq yanımdasan

sənsiz günlərin xiffətindəyəm
indi də.

1994

 

Mən burda, sən orda,
həsrət - arada

Mən burda,
sən orda,
həsrət - arada
Mən - sənin susuzun,
sən - mənim acım…
Lənətə gələydi həsrət yaradan -
adamın başına gör nələr açır!

Həsrət acısıyla ötən hər günüm
sənsiz üzüntüdür, sənsiz əzabdır.
Səni itirdiyim o gündən məni
haraya getdimsə…
ayrılıq tapdı!

Həzin duyğuların kövrək düzümü
çökür duman kimi könlümə hərdən.
… Bir də görərəmmi
gülər üzünü?
Qismətmi
saçını oxşayım bir də?

Könlüm dayanmayır ayrılığına:
nə yapdıq həsrətə - ayırdı bizi?
Bizi rəva bildi sinə dağına,
Acı göz yaşıyla doyurdu bizi?!

Tale oyununa hər zaman təzə
bir ölüm,
bir sevda qurban qoyulur.
Ömür - göz qırpımı…
bir görüş bəzən
görürsən bir ömrə bərabər olur.

Min yol əl açıram göylərə,
ordan
hər dəfə,
hər dəfə boş dönür ovcum.
Mən burda,
sən orda,
həsrət - arada
Mən - sənin susuzun,
sən - mənim acım…

1984


Gözlərimin günahı

Bir ürkək dilbərə saldım meylimi,
əridim gizlicə məhəbbətindən.
Ömrün cavan çağı
üzdüm əlimi
bu qoca dünyanın
hər nemətindən.

Sevgimin saflığın duydum səsində,
dedim "məndən xoşbəxt olmaz cahanda".
Qıymadı zövq alım gül çöhrəsindən -
üzünü gizlətdi mən hər baxanda.

"Nə var, nə baxırsan?" soruşdu qəfil,
ala gözləriylə süzərək məni.
Ram oldum önündə bir an…
elə bil
dilimdən daş asdı
bu ürək mənim.

Sordum "günahdımı?"
Dedi "bəs necə?"
Gördüm ki,
halımı eyninə almır.
Dedim: "Gözəlliyə baxmaq günahsa,
niyə gözəl olmaq
günah sayılmır?"

"Göz gördü, könül də istədi" dedim,
"Artıq bir vüsalın marağındadır.
Günah məndə deyil,
gözdədir" dedim,
"əzəldən gözəllik sorağındadır".

1980


Anamın saçları

Ağarır,
ağarır anamın saçı,
mən dözə bilmirəm, dözə bilmirəm!
Nə bir dərmanı var,
nə bir əlacı,
yox, onu hamı tək süzə bilmirəm!


Ağarır zirvədə gümüş qar kimi,
ağarır ilbəil,
ağarır hər gün.
Qarşında durmuşam günahkar kimi
tək,
bircə saçına dəymərəm yəqin.


Gözlərim yaşarar
baxsam saçına,
qəlbimə dumanlı fikirlər çökər.
Gözümün qarasın verərdim, ana,
saçını
qaraltmaq olsaydı əgər…

Qara saçlarına yazılıb sənin
doğma övladların ömrü, diləyi.
Nə qədər böyükdür
dözümün sənin,
ey ana ürəyi, ana ürəyi!..


Nə vaxt ilk dən düşdü?
Nə vaxt ağardı?
Xəbərim olmayıb, bağışla, ana.
Nə vaxtsa gur, qara saçların vardı,
vəfasız həyatdır - aldı,
apardı.
Nə vaxt ilk dən düşdü?
Nə vaxt ağardı?
Xəbərim olmayıb, bağışla, ana.

Kaş gözümə qara sular gələydi,
saçını ağarmış görməyim sənin.
Necə də daş olub, necə ürəkdir
sinəmdə çırpınan ürəyim…
sənin
gümüşü saçını görüb - solmayıb,
sönməz ocaq ola,
alışa,
yana,
xəbərim olmayıb, bağışla, ana,
ürəyim olmayıb, bağışla, ana…


Kədər köhlənini minib çaparaq
gah dağa gedərəm,
gah da arana.
Sənə baxa-baxa,
yəqin ki, bir vaxt
mənim də saçlarım ağarar, ana.

Ana gənclik odun,
gənclik həvəsin yaşadır,
verərək öz balasına.
Mən dözə bilmirəm,
o necə dözür
saçının bu vaxtsız ağarmasına?!


Gözlərim yaşarar…
baxsam saçına,
qəlbimə
dumanlı fikirlər çökər.
Gözümün qarasın verərdim, ana,
saçını
qaraltmaq olsaydı əgər…

1978


Vəfa

Yox, yox…
İnanmıram o şux qaşlara,
Onlar da yalandan süzülür, demə.
Gözlərin, yanmayıb yalvarışlara,
Bir vaxt nifrət ilə baxarmış mənə.

Yox, yox…
İnanmıram,
inanmazdım da,
o odlu dodaqlar,
lalə yanaqlar
bir başqa eşqin də,
ehtirasın da
odunu,
közünü özündə saxlar…


Yox, yox…
İnanmazdım heç zaman,
heç vaxt
kimisə,
özgəni sevə bilərsən.
Salxım çinar altda seyrə dalaraq,
baş-başa verərsən,
deyib-gülərsən.
Mənsə
bir tərəfdə,
əli qoynunda
dayana bilərəm,
qala bilərəm.
Həsrət ayazından,
hicran odundan
onsuz da yaralı,
qırıq könlümü
telli bir saz kimi çala bilərəm.


O şirin arzular,
odlu həvəslər
soyuq qar altında
donarmış bir gün.
Ortaq duyduğumuz təmaslar,
sözlər
sərin dodağından,
şirin dilindən,
saçımı oxşayan dümağ əlindən -
özgənin bəxtinə qonarmış …
bir gün.

Sən yəqin bilməzsən
sınıq könlümdə
nə odlar qalanır,
nə qanlar axır.
O mənə "vəfasız" dediyin gündən
düzü, lal olmuşam.
dinə bilmirəm.
Necə başa salım sənə -
bilmirəm -
sevgidə vəfanı,
vəfasızlığı…

Yox, yox…
İnanmıram o şux qaşlara.
Bütün gözəlliyin
yalanmış, yalan.
Bir onu bilirəm ki,
ilk bahara,
sevgiyə,
hicrana,
qəmə,
vüsala,
çılğın şerlərə,
dadlı xəyala
yenə də tək mənəm -
vəfalı qalan.

Yenə də tək mənəm -
vəfalı qalan…


Yorğunluq tökülür baxışlarımdan

Yorğunluq tökülür baxışlarımdan
bilmirəm
dünyanın harasındayam.
Xəbərsiz deyiləm
məndən uzaqda
qara gözlərinin "yağışlarından" -
zərif bir bənövşə,
saf xatirə tək
o göz yaşlarının arasındayam…


Fikir göz açmağa qoymayır məni
qatlayıb dizini kirpiklərimin.
Əvvəllər xətrinə dəysəm də hərdən
dilim deməsə də könlüm deyəni,
sən elə bilmə ki, dəyişmişəm mən -
sevgim də həmindir,
könlüm də həmin…

Mən səni görəndən həsrətindəyəm
gəlsən,
tapılardı bəlkə əlacım,
bir az sərinlərdim baxışlarında,
bilərdim
kimsəm var - dərdimi deyəm
bilərdim
dünyada yalqızlıq yoxdur,
bilərdim
yüngülmüş bu ağrı-acı…

Görən sən olmasan…
mən nə edərdim?!
Dünya da beləcə görünərdimi?
Duyuram havamsan, suyumsan mənim
sənsiz
özümün də olmazdı qədrim,
isti nəfəsinçin qəlbim göynəyir
bahar günəşinə həsrət qar kimi…

Yenə ürəyimdən duyuram nəsə
bir vüsal dumanı boşalıb gedər
yolları çiynimə alıb gələrəm,
gələrəm… bir kəlmə
"sevirəm" desən,
yoxsa ürəyim də dönüb dumana
bir gecə sinəmdən baş alıb gedər…

Sənin o yollara düşən izlərin
hönkürər arxanca mənim yerimə
yollar kənarında küskün, ağlayan
yaşıl söyüdlərə dəysə gözlərin
onları
ən kövrək xatirələr bil -
hönkürər arxanca
mənim yerimə…

Yorğunluq tökülür baxışlarımdan
bilmirəm
dünyanın harasındayam.
Xəbərsiz deyiləm
məndən uzaqda
qara gözlərinin "yağışlarından" -
zərif bir bənövşə,
saf xatirə tək
o göz yaşlarının arasındayam…

1979

Yaman qəribədir

Bir il yaşamadı məhəbbətimiz,
ayrıldıq… ən uzaq tanışlar kimi.
Nə kədər nəğməsi oxudu dəniz,
nə də Yer dəyişdi …
öz mehvərini.
Niyə dəyişmədi?
Görəsən niyə?
Yaman qəribədir, yaman qəribə.


Günah kimdə oldu?
Yox, daha demə…
Bu səs də sənin yox,
bir özgənindir.
Günəş tək gəlmişdin zülmət könlümə
ərimiş qar kimi gedirsən indi.
Bəs niyə qar kimi?
Qar kimi niyə?!
Yaman qəribədir, yaman qəribə.

1978

 

Yelkənli gəmi

Yadında,
mən sənə yelkənli gəmi,
oyuncaq bir gəmi vermişdim onda.
Vermişdim vüsala bələdçi kimi
bizi qovuşdursun
ömür yolunda.


Tale o gəmini daşlara çaxdı
Hicran dəryasında qərq etdi bizi.
İndi ayrılmışıq
bir xeyli vaxtdır
Şaxtalar sarıbdır ürəyimizi.


Gör, nələr eylədi taleyin əli -
mən ki, inanmazdım ona,
gülərdim.
Özümü bir Məcnun,
səni bir Leyli
o saf eşqimizi - əzəl bilərdim.

Daha bəxtimizdə rüzgarlar əsir
sevda nağılımız bitdi,
tükəndi.
İndi
bu möhnətin ahı-naləsi
arabir saçımdan boylanan dəndir.

Əridə bilərmi ayrılıq qarın
bir sevən ürəyin ahı-harayı?!
Əzəldən
yoxuşda
ayrılanların
Vüsal zirvəsində payı olmayıb.

"Əşi, tale nədir - deyib,
gülərdim -
ürəklər sadiqsə, məhəbbət - təmiz?"
Mən belə bilirdim,
belə bilərdim
daşlara dəyməmiş
vüsal gəmimiz.

Sənə tuş gətirdi həyatda məni
sonradan
nisgillə ayıran tale.
Necə rəhmsizdir
ona güləni
dözülməz kədərlə doyuran tale!

Yadında,
mən sənə yelkənli gəmi,
oyuncaq bir gəmi vermişdim onda.
Vermişdim vüsala bələdçi kimi
bizi qovuşdursun
ömür yolunda.

1980


Baxdım əllərinə

Gətir bu ayrılıq,
bu hicran günü
baxım əllərinə
baxım son kərə.
Baxım ilk eşqimə ölüm hökmünü
qorxusuz,
hürküsüz yazan əllərə.

Bu əllər bir evdə işıq olacaq
kiminsə övladın oxşayacaqdır.
Mənsiz dünyalardan
murad alacaq,
məndən uzaqlarda
yaşayacaqdır.

Əllərin
kiminsə göz yaşlarıyla
gecədən şehlənən çiçək olacaq.
Alnımın
bu sənsiz qırışlarıyla
əllərin mənə də gərək olacaq.

Sən mənim könlümün Şəhrizadıydın
İstədin olasan
bir ev xanımı.
Anlaya bilmirəm
sən necə qıydın
göyərçin əllərə
ürək qanımı.

Baxdım əllərinə -
payızı gördüm
xəzandan solmuşdu
ilk baharım tək.
Onları son kərə öpmək istərdim
dodaqlarım çatmaz…
ixtiyarım tək.

Sənsiz
əllərimin yoxdu qərarı -
dənizsiz dalğadır,
dalğasız dəniz.
Hər gecə,
gizlicə,
əlinə sarı
Əllərim uzanır
məndən xəbərsiz…

1981


Qarlı bir gün idi

Qarlı bir gün idi…
Tək qoydun məni
qar altdan boylanan ilk nərgiz kimi.
Yıxmazdı
min boran, min çovğun məni
gedəndə dediyin bircə söz kimi.

Getdin…
bir nöqtəyə döndün uzaqda…
dönüb geriyə də baxmadın bir dəm.
Qırov yük olsa da kirpiklərimə
mən
səndən
gözümü çəkə bilmirəm.

Asandır toxunmaq özgə könlünə,
sənin də tək buna çatarmış gücün.
Yazdan küsən durna
deyiləm sənə
eşqin payızında…
cənuba köçüm.

Məni öz eşqimdə sınağa çəkdin,
bir söz də tapmadım sənə deməyə.
Mənə ki, bir dünya verməyəcəkdin
bəs niyə könlümü qırırdın?
Niyə?!

1978


Gözlərim yoldadır

Bir vaxtlar mən səni sevirdim…
ancaq
ayrıldı yolumuz, mənzillərimiz.
Necə özgələşdik, yadlaşdıq?
Necə?
De, necə
soyudu dost əllərimiz?


Məhəbbət - ümiddir,
yaşamaz onsuz,
sənsə
anlamadın könlüm deyəni.
Mənim ilk sevgimdin -
ləkəsiz, donsuz -
gözüm görə-görə
itirdim səni.


Buz kimi olardı əllərin bütün.
gülərdin:
"Qəlbim də belədir - soyuq.
Yanmarıq bir yerdə,
yanmamız çətin -
birimiz - alovuq,
birimiz - suyuq!"


Mənsə arxalanıb eşqin adına
düşündüm:
"Soyuqluq
çox çəkməz yəqin.
Birlikdə isinər sevgi oduna
sənin ürəyinlə
mənim ürəyim."

Həmişə sorardın,
sorardın ki, mən
sənin buz qəlbindən
nə gözləyirəm.
Gözlərim yoldadır…
Bilmirəm nədən
yenə də
hər gecə
sənsizləyirəm.


… Dağları, daşları yandırar, yaxar
indi min harayım,
min ahım mənim.
Anlaram
- dönüncə bir gün yoxluğa -
səni sevməyimmiş
günahım mənim.

Düzü, unutmazdım sevdanı bir an,
görməzdim heç nəyin
öz qiymətini.
Bir sözünə bənddim -
atardım hər an -
ayağın altına…
səadətimi.

Adi sözümə də hazırdı tənən
məni "uşaq" deyə
lağa qoyardın.
İndi anlayıram
ki, buz ürəynən
sən
mənim sevdamı
necə duyardın?!

Yox, yox,
tərk eləməz ilk sevgim məni
ötsə də
onillər göz qırpımı tək.
Dəyanətin varsa -
mənim eşqimi -
onun acığına unutma,
ÜRƏK!


Görüş yerimizə gəlirəm hərdən.
Bilsəm də gəlməzsən,
mən…
gözləyirəm.
Gözlərim yoldadır…
bilmirəm nədən
yenə də
hər gecə
sənsizləyirəm…

1979

Ürəyim

Cığalı təcnis

El yorulmaz

Qərib-qərib dolaşaram

Dağlar sinəsində

Bu yerlər

Balabana

Sir qalar

Gülməməsinə

Buxara

Qan axar

Yarə məndə

Bayatılar

Vətən havası


Ürəyim


"Dünya" dedikləri bir ULU YOLdur,
durmuşam bu yolun üstə, ürəyim.
Ağrılar,
ölümlər,
dərdlər buludu
dayanıb səninlə qəsdə, ürəyim.


Çox yolçu bu yolda özündən deyib,
MƏNZİLi unudub,
NEMƏTə uyub,
Bu YOL
çoxlarını yolundan qoyub,
asta vur,
asta vur,
asta, ürəyim.


Sərt yoxuş qatladı cavan dizimi,
Təngitdi dağ yıxan od nəfəsimi,
Çox gözəl oduna yaxdım özümü -
nə bilim düşəcək
xəstə ürəyim?!


Döz həm naz yükünə,
həm duz yükünə,
Dünyaya göz açıb gəldiyin günə
peşmanlıq duysan da -
gedəndə yenə
qalacaq həsrəti gözdə, ürəyim.

Cığalı təcnis


Könül, ötmə, yenə çox da uzaqda,
Bülbül olub, gəl, bir də qon budağa.

Mən aşığam bu dağa,
Könlüm qonub bu dağa.
Deyin, mən necə dözüm
Dağ dözməyən bu dağa?!

Fələk gərdiş edir, dəyişir dövran,
Rüzgar saldı güzarımı bu dağa.

Mən basıldım, mərdlik eylə, kəsmə sən,
Sinəmi etmisən kəsmə-kəsmə sən.

Əzizinəm, kəsmə sən,
Kəsilməzsən - kəsməsən.
Namərd olma, mərd ol gəl,
Yıxdığını kəsmə sən.

Gedirsənsə, ülfətini kəsmə sən,
Bir ortağ ol sinəmdəki bu dağa.

1976

El yorulmaz

Gözəl yarım, usanmadın
Evim yıxmaqdan-yıxmaqdan?!
Göydə ay tək saralmışam
Sana baxmaqdan-baxmaqdan.

Könül heç açılmaz-gülməz
Xəyalım səndən üzülməz
Gözüm yaşı aram bilməz
Qanlı axmaqdan-axmaqdan.

Bir yazı yazılmış bizə
Heç əcəl də durmaz gözə
El usanmaz eşqimizə
Qara yaxmaqdan-yaxmaqdan.

1981


Qərib-qərib dolaşaram

Qərib-qərib dolaşaram
qara geyər ağım mənim.
Macalım yox göz açmağa
dərddir solum, sağım mənim.

Yad bağın gülün qoxlamam
dəribən dəstə bağlamam
gülən könüllər dağlamam
var sinəmdə dağım mənim.

Qara bulud başım üstə
əhdim kəsər, durar qəsdə
yetməz əlim yara-dosta
dağlar çəkməz dağım mənim.

1981

Dağlar sinəsində

Aşıq Şəmşirə

Nolur düşüb qonaq qalsam
bizim dağlar sinəsində?
Yəqin çoxdan
itib gedib
izim dağlar sinəsində.

Hanı Şəmşir - dağ qartalı?
Vurğunun dalğın xəyalı?
Necə kefə gedim,
qalım,
dözüm dağlar sinəsində?!

Başım üstün həsrət alsa,
könlüm sınsa,
gözüm dolsa,
dərd-qəm mənə neylər
olsa
gözüm
dağlar sinəsində?!

İlham sığmaz yerə-göyə -
daşı
tilsim deyə-deyə
çevirməsə
gül-çiçəyə
sözüm dağlar sinəsində.


Hicran məni saldı xəstə,
ocaq çatdı sinəm üstə,
kül oldum bir sənəm üstə
közüm -
dağlar sinəsində.

1981


Bu yerlər

Məni görcək qanad taxdı
Uçdu bu yerlər,
bu yerlər!
Elə bil ki, yel qanadlı
quşdu bu yerlər,
bu yerlər!

Seyr et bir an bu aləmi
unutdurar dərdi, qəmi,
ilk şerimi,
ilk nəğməmi qoşdu
bu yerlər,
bu yerlər!

Bürünərək ilk bahara
qoynun açar dosta-yara,
əzəl gündən düşmanlara
qışdı bu yerlər,
bu yerlər!

Tərifini üzə desən,
sazsız-sözsüz,
kəsə desən
Yollarına küsər -
desən: "Daşdır!"
bu yerlər,
bu yerlər.


Sizi anar darda, gendə
Şair gönlüm söz deyəndə
Gəzməyə yox,
ölməyə də
xoşdur
bu yerlər,
bu yerlər!

CİNASLI BAYATILAR

Balabana

Əzizim bala bana
Aman ver, bala, bana.
Məni suçsuz dağlayır
Netmişəm balabana?


Qoşulum bal havana
Bu saza, balabana.
Göz verməz, işıq verməz
Dərd bana, bəla bana.


Əzizim balabana
Bala - bal bəla bana.
Dönük çıxma, amandır,
Bala, bu bal obana.

1983

Sir qalar

Əzizinəm sırğalar
nəyin həvəsi qalar.
Yar qulağın oxşayar
tellər ilə sırğalar.

Əzizim əsir qalar
əl işə əsir qalar.
Yar yarına güvənsə
sirr qorunar, sirr qalar.

Əzizinəm sırğalar
saxsıya çək sır, qalar.
Gülə həsrət bülbülün
Yaş gözünü sırğalar.

1983


Gülməməsinə

Aşiq gülməməsinə
gülün gülməməsi nə?
Aləm əlac axtarır
yarın gülməməsinə.
Hansı aşiq oxşayıb
belə gül məmə, sinə?
Canı qoydum, yetişdim
yarın gül məməsinə.


Buxara

Mən aşiqəm bu xara
bu qönçəyə, bu xara.
Tamam sənə heyrandır
Bakı, Təbriz, Buxara.
Dərd sinənə çökmədən
Loğmanı çabux ara.
Bunca əzab çəkərəm
insaf gəlməz bu xara.
Çox gözəllər görmüşəm
onlar hara, bu hara?
Belə getsə dağ gövdəm
dönər bir gün buxara.

Qan axar

Əzizinəm qan axar
gözlərimdən qan axar.
Məni sən yaraladın
ürək ağlar, qan axar.
Gülə qonşu bitibsən
gəl susama qana, xar.
Kim dözərdi bu qədər
əzaba, xar, qana, xar?
Kimsə deməz eybini -
Barı özün qan, a xar.

Yarə məndə

Məcnun kimi, Kərəm kimi
həsrət qaldım yarə mən də.
Deyirlər ki, başqa yar tap,
özün - burda,
yar - Yəməndə.
Yarım mənə qan ağladar,
qan ağlayar yarə məndə.
Can qalmayıb qurban edəm
şirindilli yarə məndə.
Dərddən, qəmdən düşər qaçaq
yar ləbini yar əməndə.

Bayatılar

1.

Əzizinəm dağda gül,
Aranda gül, dağda gül.
Sinəm dərd dəryasıdır,
Get məndən irağda gül.

2.

Aşiqəm, vəfa neylər,
Nə eylər - hicran eylər.
Səni sevməyən yara
Din, iman, vəfa neylər?!

3.

Aşiqəm, dama-dama,
Göl olar - dama, dama.
Bir dəli ah çəkərəm
Gözlərimdən qan damar.

4.

Əzizim o yar mənim,
Dərd qəlbim oyar mənim.
Qismətimdə deyilmiş,
Sən demə, o yar mənim.

5.

Əzizinəm, qadanı,
Özüm allam qadanı.
Özgəyə yar olmusan,
Bəs verdiyin and hanı?

6.

Əzizim baxan yerdə,
Könlümü yıxan yerdə.
Gül açar, çiçək bitər
Sevdiyim baxan yerdə.

7.

Əzizinəm, barıdır,
Vüsal - həsrət barıdır.
Ayağından qopan toz
Aşiqə mirvarıdır.

8.

Əzizim, dağlar qarı,
Əritdi dağlar qarı.
Həsrət ürək üzsə də,
Qırmaz əhdi-ilqarı.

9.

Əzizinəm, yar məni,
Unutdu o yar məni.
Sahildə lal qayayam,
Dərd gələr oyar məni.

10.

Bürünüb gülə dağlar,
Sevinə, gülə dağlar.
Bu nə sirdir, könlümü
Sevdiyim gülər - dağlar?!

11.

Əzizim, dəstə-dəstə,
Könül min bir həvəsdə.
Ölləm - mənim olmasa
O alagöz növrəstə.

12.

Əzizim, dad-amandı,
Həsrətin çən-dumandı.
Axır yağmura dönüb
Gözlərimdən yağandı.

13.

Əzizim yaradana,
Qurbanam yaradana.
Sinəmə dağ çəkilər
Söz gəlsə yar adına.

14.

Vurulub dağa yollar,
Yar olub dağa yollar.
Həsrətdənmi sıyrılıb -
Sarılıb dağa yollar?!

15.

Bu dağlar gül iləndi,
Başıma gül ələndi.
Həsrətinin dumanı
Gözümdə gilələndi.

16.

Bu söyüd durub ağlar,
Gözləri quru ağlar.
Məni görcək nədəndir
Boynunu burub ağlar?!

17.

Əzizim, kölgə düşər,
Buluddan kölgə düşər.
Öpərdim - ay üzünə
Qorxuram ləkə düşə(r).

18.

Əzizim, sənəm keçdi,
Burdan bir sənəm keçdi.
Süzdü dəli qaşların,
Oxladı sinəm, keçdi.

19.

Əzizim, yada səni,
Vermərəm yada səni.
Namərdəm - son nəfəsdə
Salmasam yada səni.

20.

Əzizim, giləsini,
Gözünün gilasını.
Gül aşiqi olardım
Bənzətsəm gülə səni.

21.

Mən aşiqəm bu yara,
Könlüm hara, bu hara?
Əhdə vəfa etməsəm
Qoy çıxmayım bahara.

22.

Mən aşiqəm, yar, yara
Sağalmadı, yar, yara.
Loğman-təbib gərəkməz -
Yar sinəsin yar yara(r).

23.

Aşiqəm indi gözdə,
Arzu - qəlbdə, söz - gözdə.
Qaşın az öldürmüşdü,
Od qoyur indi göz də.

24.

Gəzərəm qürub dağlar,
Gözüm nuru bu dağlar.
Yara həsrət könlümü
Dağlar toy qurub dağlar.

25.

Əzizim gül dəməti,
Saçları - gül dəməti.
Min il yaxdı, yandırdı,
Bir kərə "gül" demədi.

26.

Əzizim haram yanar,
Od düşsə haram yanar?
Hər kəs halalın yesə
Alışar haram yanar.

27.

Aşiqəm gülə neylər,
Dəm tutur gülə neylər.
Dünya namərd olmasa
Ağları gülən eylər.
Min bülbülün naləsi
Daş qəlbli gülə neylər?

28.

Aşiqəm, tala neylər,
Maralsız tala neylər?
Həsrətin qoşun çəksə
Könlümü talan eylər.

29.

Aşiqəm, qəmə dustaq,
Qınında qəmə dustaq.
Vaxtında şadlanmadın
Ol indi qəmə dustaq.

30.

Əzizinəm qəməsən
Zər naxışlı qəməsən.
Qatlan eşqin yükünə -
Boyun əymə qəmə sən.

31.

Əzizim, inci məndən
Dürr səndən, inci məndən.
Özün vəfasız çıxdın
Nə küs, nə inci məndən.

32.

Əzizinəm yetənə
Qürbət eldə ye tənə.
Qərib ölsəm qəbrimi
Qazın üzü vətənə.

33.

Əzizim hər ay məndən
hər həftə, hər ay məndən.
Eşq yolunda yanaram
kəsilməz haray məndən.

34.

Aşiqəm, tapdı məni
taladı, çapdı məni.
Hara qaçdım həsrətin
aradı, tapdı məni.

35.

Dağlar canım üzdü, gəl
bağrım başın üzdü, gəl.
Sənsiz cavan ömürdən
Könlüm-gözüm bezdi, gəl.

36.

Dağlar qoynun gəzmənəm
saçıma gül düzmənəm.
Sənə tək vəfalı yar
Aləm dolan gəz, mənəm.

37.

Əzizim sazağladı
havalar sazağladı.
Araz keçilməz oldu
sim yandı, saz ağladı.

38.

Əzizinəm yaradan
görür bizi yaradan.
Məzarda da qan axar
sən vurduğun yaradan.

39.

Ulusu
ulu işıq, ulu su.
Candan ayrı tutmaram
bu torpağı, ulusu.

40.

Mən aşiqəm sana, yar,
düşüb meylim sana, yar.
Yar pərişan tellərin
yara baxar, sanayar.

41.

Əzizinəm xaradı
bu - atlas, bu - xaradı.
Mərdlərin məclisində
gəl tutmayaq xar adı.

42.

Əzizinəm gülə mən
nə görmüşəm hələ mən
Əməydim bal ləblərin
bələnəydim bala mən.

43.

Aşiqəm sinən üstü
Yasdığım - sinən üstü.
Sinənə qar demənəm
Qar - soyuq, sinən - isti.

44.

Əzizinəm Nardaran
pay göndərsin nar dərən.
Dünya qəmin unudar
yar köksündən nar dərən.

45.

Aşıq dügünü qara
"sə"nin "dü" günü qara.
Fələyin oğlu olsun
gəlsin dügünü qara.

46.

Əzizinəm gül səndə
qönçə səndə, gül səndə.
Aşiqinəm, üzümə
gülməsən də, gülsən də.

47.

Aşiqəm yanar baxtım,
salar suya nar baxtım.
Bir cüt qızıl almadır
Görəsən,
ya nar - baxtım?!
Yoxsa elə samandır
od düşcək yanar baxtım?

48.

Aşiq, bəy atı məndə
əsil bəy atı məndə.
Könlü qırıq qəribəm
kövrək bayatı məndə.

49.

Əzizim gözü bağlar
məhəbbət gözü bağlar.
Yar yardan ayrı düşsə
hicrana dözüb ağlar.

50.

Mən aşiqəm, xar məni
yıxar bu qəm, xar məni.
Aləm qəhətə çıxar
tapmaz bir qəmxar məni.
Bir qəm görəsən neylər
Görənə qəm xərməni.

51.

Mən aşiqəm Mərdəkan
mərd ol, qazma mərdə kan.
Var olsun övladını
mərd yetirən, mərd əkən.

52.

Əzizim nedərmişsən
hər yola gedərmişsən.
Mən səni mərd bilirdim
namərddən betərmişsən

53.

Təbriz, yaralı Təbriz
könül saralı(r), Təbriz.
Sənsən dərdim əlacı
durma aralı, Təbriz.

54.

Mən qurban əllərinə
o tayın ellərinə
Gözümdən şeh salaydım
Təbrizin güllərinə.

55.

Vətənin gülü ağlar
Zəncanın eli ağlar.
Bu taylı bülbüllərin
o tayda gülü ağlar.

56.

Aşiqəm gülməsən də
gülsən də, gülməsən də.
Tale bizə gülmədi
Mən gülməm, sən gülsən də.

57.

Əzizinəm qanadı
Arzu - insan qanadı
Gül açdı, bülbül gördü
Sarı köksü qanadı.
Yoxsa ki, buna qədər
Nə bilirdi "qan" adı?

58.

Əzizinəm dağlandım,
Həsrət çəkdim, dağlandım.
Dağ tək insanlar görüb
qəlbiləndim, dağlandım.

59.

Əzizinəm çəkəni,
Ovarmış nəm - çəkəni.
Sən özünü öy də dur -
Dağ çəkməz mən çəkəni.

60.

Azad güllər üzəydi,
Yar telinə düzəydi.
Min bayatı dedim, kaş
Biri dildə gəzəydi.


Vətən havası

Bu dağların səfası
Heç azalmaz vəfası.
Min il qərib başından
Getməz vətən havası.

Qürbətin şən havası
İçimdə çən havası.
Başımı al dizinə,
Oxu vətən havası.
Sinəm oxdan yaralı,
oxu - vətən havası.

Qürbətin yağışları
yağar qərib gözündən.
Bir damla ana vətən
baxar qərib gözündən.

Əzizim Qarabağlar
vətəndir Qarabağlar.
Hamı toyda-düyündə
qəriblər qara bağlar.

Qürbətin dağı uca,
Uymaz baca-xəraca.
Yol verməz, üz göstərməz
Bir qəribə, möhtaca.

Qürbətin dağı qərib
çağlar bulağı qərib.
Ağlamaqdan gözümün
Qarası, ağı qərib.

Əzizim yara bağlar
yar meylin yara bağlar.
"Vətən, vətən" deməkdən
dil-dodaq yara bağlar.

Aşiqəm vətəndədi
ürəyim vətəndədi.
Göz yaşımı içən gül
dil açdı "vətən" dedi.


1983

Azad Yaşar Azad Yashar Азад Яшар